Xalq yazıçısının
120 illiyi münasibətilə virtual sərgi
Azərbaycan Milli Kitabxanası Xalq yazıçısı, Dövlət mükafatı laureatı Əli Vəliyevin (1901-1983) anadan olmasının 120 illiyi münasibətilə virtual sərgi təqdim edib.
Virtual sərgidə yazıçının həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu, eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur.
Əli Vəliyevin XX əsr Azərbaycan nəsrinin inkişafında, ədəbi dilimizin zənginləşməsində özünəməxsus yeri var. Ədib bir növ xalqımızın taleyini öz şəxsi həyatında yaşayıb, onun ağrı-acılarını ürəyində daşıyıb. Ötən əsrin əvvəllərində erməni-daşnak zülmünün hər cür sifətini görən ədib didərginliyin, qaçqınlığın əzablarını çəkib. Yazıçının 1957-ci ildə qələmə aldığı “Budağın xatirələri” ermənilərin Zəngəzur mahalında xalqımıza qarşı törətdiyi faciələri əks etdirir.
Xalq yazıçısının “Nənəmin cəhrəsi”, “Madarın dastanı”, “Qarlı dağlar”, “Qəhrəman”, “Sovqat”, “Gülşən”, “Çiçəkli”, “Ürək dostları”, “Zamanın ulduzları”, “Turaclıya gedən yol”, “Anaqız”, “Bir cüt ulduz”, “Samovar tüstülənir” və başqa əsərləri bu gün də maraqla oxunur.
“Əli Vəliyev – 120” virtual
sərgisini http://anl.az/el/vsb/Eli_Veliyev_120/index.htm linki vasitəsilə izləmək olar.
Mədəniyyət.- 2021.- 3 mart.-
S.5.