Tovstonoqovun “Səhnə güzgüsü”
Azərbaycan dilində
Dövlət Tərcümə Mərkəzi tərəfindən Rusiyanın görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Georgi Aleksandroviç Tovstonoqovun (1915-1989) məqalələrinin toplandığı “Səhnə güzgüsü” kitabı Azərbaycan dilində nəşr olunub.
Teatrşünaslıq, rejissor və aktyor sənətinin tədrisinə töhfə olaraq nəşr olunan kitabda müəllifin “Stanislavski dövrü”, “Klassika haqqında düşüncələr”, “İdeyanın gerçəkləşdirilməsi”, “Yeni fikirlər axtarışında”, “İncəsənətdə vətəndaşlıq mövqeyi haqqında” və başqa məqalələri toplanıb. Məqalələrdə rejissorluq və aktyorluq peşəsinin incəlikləri, sənət dünyasının gizli qatlarında cərəyan edən proseslər dərin təhlil və araşdırmalarla izah edilir.
Georgi Tovstonoqov 1949-1956-cı illərdə Leninqradda (Sankt-Peterburq) Lenin Komsomolu adına Teatrın, 1956-cı ildən ömrünün sonunadək Maksim Qorki adına Leninqrad Böyük Dram Teatrının baş rejissoru olub. Hazırda bu teatr onun adını daşıyır. Məşhur rejissorun quruluş verdiyi tamaşalar Lenin (1958), Stalin (1950-1952) və Dövlət (1968, 1978, 1986) mükafatlarına layiq görülüb.
Məqalələr toplusunu
rus dilindən Bəhlul Abbasov
tərcümə edib, kitabın redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin
mətbəəsində çap edilib.
Mədəniyyət.- 2021.- 3 mart.-
S.6.