Od üstündən atlanın ki...

 

 

İlaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsi

 

Novruz bayramına hazırlığın mühüm bir hissəsini təşkil edən İlaxır çərşənbələrin ikincisi – Od çərşənbəsidir. Mənbələrdə göstərilir ki, Od çərşənbəsində od rəmzi məna daşıyır.

 

O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan yaranıb. Tanınmış folklorşünas alim, professor mərhum Məmmədhüseyn Təhmasib yazırdı ki, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

 

Bu çərşənbədə bayram tonqalını həyət darvazasının ağzında qalayarlar. Bu da belə izah olunur ki, həyətə keçən özü ilə ağırlıq, pis niyyət gətirməsin. Yəni hamısı elə alovda yansın, yox olsun. Eyni zamanda deyirlər: özünü ildə bir kərə təmizlə, canını oddan keçirmək üçün tonqal üstündən atıl.

 

Folklorşünaslar Od çərşənbəsini əsasən, ağırlığın, dərd-azarın yandığı çərşənbə kimi xarakterizə ediblər. Əski çağlardan mistik qüvvələrə inama görə, qara qüvvələr məhz odda məhv olur.

 

Xalq yazıçısı Mövlud Süleymanlı Od çərşənbəsi ilə bağlı deyib: “Od çərşənbəsində su ilə yuyunub-yaxalandığımız kimi, odla da yuyunardıq. Odun-ocağın bizdən aşağıda, ayaqlarımızın altında olması lazım gəlir. Üzərindən atlanırıq, üstümüzün ağırlığını oda tökürük. Hamısı ona görədir ki, biz həmin anda başlanğıcı, böyük doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün - suyun, torpağın, odun, havanın yenidən bir-birinə qovuşması, arınması dönəmini yaşayırdıq”.

 

Qədim zamanlarda Od çərşənbəsinə həm də “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqına görə işıqlı sabah, xeyir-bərəkət rəmzi sayılıb. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılıb. Alov ruhi arınma mərhələsinin son mərhələsi hesab edilib. Qədim dövrlərdə Od çərşənbəsi vaxtı tonqal hündür yerdə – dağ, təpə başında qalanıb. El-obanın bütün camaatı tonqalın başına yığışıb. Elin qız-gəlini odun ətrafında ucadan nəğmələr oxuyublar...

 

Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində də yayılan atəşpərəstliklə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan “Avesta” kitabında odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədi də buna əyani misaldır.

 

Bu gün də vətənimizin dörd bir tərəfində oda, ocağa hörmət və inam var. Onun müqəddəsliyinə heç vaxt şübhə edilməyib. Hər evin qarşısında tonqalın yandırılması insanlarda həmin ilin bərəkətli keçməsi arzusunu ifadə edir. Çünki istilik mənbəyi olan od həmişə insanlar tərəfindən sevilib, qorunub.

 

Xalq arasında Od çərşənbəsi, odun müqəddəsliyi ilə bağlı bir çox atalar sözləri yaranıb: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” və s.

 

Bu il xalqımız Novruz bayramına xüsusi coşqu ilə hazırlaşır. Çünki 44 günlük Vətən müharibəsində əzəli yurdlarımızı düşməndən azad edərək şanlı Qələbə qazanmışıq. Uzun illərdir Novruz tonqalına həsrət Qarabağımız həm də əziz bayramına qovuşur. Od çərşənbəniz mübarək. Martın 9-u Yel çərşənbəsidir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.1;5.