“Dəmir quş”un qanadlarında
“Səmada keçən illərin xoş xatirələrində yenə xəyalən
göylərə qalxıram...”
Maraqlı, cazibədar, asan, asan göründüyü qədər də mürəkkəb fəaliyyət, xidmət sahələri var. Düşünürəm ki, onlardan biri də təyyarə bələdçisi (stüardessa) xidmətidir. İlk baxışdan sadə bir iş kimi görünür: biçimli bədən quruluşuna malik, səliqəli uniformalı, şirindil qızlar sərnişinlərə xidmət göstərir, onların təyyarədə keçən vaxtlarında yanlarında olurlar.
Amma ömrünün ən gözəl illərini bu işə sərf edən təyyarə bələdçisi ilə söhbətdə hər şeyin göründüyü kimi olmadığını anlayır, zahirən hətta romantik təəssürat yaradan işin real çətinliklərini başa düşürsən. Yaxşı bort bələdçisi ona təyin olunan bənzətmənin – “səma mələyi” statusunun haqqını verə bilməlidir...
Səbir, əzm və dözüm tələb edən, zəriflərin çiynindəki bu işin ölkəmizdə ilk icraçılarından biri, daha dəqiqi, ilk azərbaycanlı təyyarə bələdçisi ilə tanış olaq. Zemfira Məmmədəliyeva. Onunla səmalarda, “dəmir quş”un qanadlarında keçən illərə bir də ömrün ahıl çağında, yerdən boylandıq.
Zemfira xanımı ötən illərə aparmaq elə də çətin olmadı. Hələ də xoş təbəssümü, ahəstə səsi və şux baxışlarını gənclik təravətində saxlayan qadın 1966-cı ilə belə boylandı:
– O illərə qayıtmaq, gəncliyimin ən qaynar dövrünü xatırlamaq məni həmişə belə həyəcanlandırır. 1966-cı il idi. Bakıda köhnə aerokassanın yanında hədiyyələr mağazasında satıcı işləyirdim. Çox gənc idim. Yadımdadır, o vaxt təyyarə, qatar, gəmi bələdçilərinin böyük bir toplantısı keçirilirdi. Aeroportda işləyən qohumumuz məni də oraya aparmışdı. Orda daha çox təyyarə bələdçilərinə baxırdım. Boy-buxunları, səliqəli saç düzümləri, ələlxüsus da geyimləri diqqətimi cəlb elədi. O gündən qərarımı verdim ki, mən də stüardessa olacağam. Hava limanında işləyən qohumumuza niyyətimi dedim. Bir müddətdən sonra mənə hava limanının məlumat bürosuna işçi axtarıldığını dedi. Razılaşdım və gedib işə düzəldim. Sevincimdən uçurdum, elə bilirdim həmən bələdçilik edəcəm. Amma yanılmışdım. Məni baqajı təhvil verən şöbədə işə götürdülər. Çarəsiz razılaşdım. Bilirdim ki, bu, ilk mərhələdir. Müvafiq formanı geyinən kimi artıq göyün yeddinci qatında idim.
Hər iş günümdə özümü bələdçi kimi təsəvvür edir, limana, təyyarəyə yaxınlaşarkən həyəcanlanırdım. Aradan bir müddət keçdi və qohumum təyyarə bələdçisi üçün seçim aparıldığını dedi. Bilirdim ki, seçim çətin olacaq, 30-40 nəfər qızdan bir, uzağı ikisini seçirdilər. Amma qərarlı idim. İdarəyə girdim, hara gedəcəyimi bilməyib bir küncdə dayandım. Düzü, özümü itirdim də. Boy-buxunlu, qəşəng qızlar sıralanmışdı. Çoxu da sarışın, ağbəniz. Öz-özümə “çətin məni seçərlər” deyib lap küncə çəkildim.
Kömürçü meydanında böyüyən qarayanız, bəstəboy iddialı qızın hava bələdçiliyi yolundakı bələdçisi, yolgöstərəni ilə tanışlıq tarixçəsi də maraqlıdır. Deyir insanın istəkləri, arzuları ilə yanaşı alın yazısı, tale yolu da var ki, gərək həm də ona inanasan:
– Bir xeyli dayandım. Bu vaxt ərzində qızlar da seçimdən keçirdilər. Yaman kövrəlmişdim. Az qala ağlayacaqdım. Bu vaxt qarşımdakı iri pilləkənlərdən enən ucaboylu, yaraşıqlı kişi diqqətimi cəlb elədi. Geyimindən pilot olduğunu zənn edib həsədlə ona baxırdım. O an onun da mənə tərəf gəldiyini görüb duruxdum. Lap yaxınıma gəlib asta səslə “Qızım, burda niyə dayanmısan” sualını verdi. İşə düzəlmək, stüardessa olmaq istədiyimi deyib susdum, sonra nə düşündümsə küskün halda “Yəqin məni götürməzlər, görün orda nə qədər qəşəng qız var” deyib yandakı namizədləri göstərdim. Gülümsündü və qəti səslə “Sağdan ikinci qapıya yaxınlaş, orda Məşədi Məmmədov var, onun yanına keçib Nurəddin Məcidoviç göndərib denən. İşə götürsün və tibbi baxışdan keçirsin” deyib getdi.
Mən də bilmirəm, tanımıram hələ onu. Amma əminəm ki, kimdirsə, sözü ötgün adamdır. Tez dediyini elədim. Elə həmin gün də işə götürüldüm. Sonra bildim ki, məni təqdim edən o ucaboy kişi SSRİ-nin Əməkdar təyyarəçisi, Stalinqrad döyüşündə faşist təyyarələrinə qarşı vuruşan Azərbaycan Mülki Aviasiya İdarəsinin rəisi, polkovnik Nurəddin Əliyevdir. Beləcə, mənim təyyarə bələdçiliyi yolum başladı.
Zemfira xanım ilk uçuşunu da dünənki kimi xatırlayır. Bakılı qızın Odessa səfərini ən xoş xatirə kimi danışır:
– Bir aydan sonra
ilk uçuşa çıxdım.
Təbii
ki, ilk təcrübə
kimi peşəkar stüardessa ilə uçmalı idim. Formamı verdilər, həyəcanla
evimizə gəldim.
Valideynlərimə əsl sürpriz
oldu. Axı onlar məni
baqaj daşıyan zənn edirdilər. Əvvəl bir az duruxdular.
O vaxtlar azərbaycanlı
qızların təyyarə
bələdçisi olmağı
adi qarşılanmırdı.
Amma mən qərarlı idim və bu
işə başladım.
Əvvəllər mənim valideynlərim
də bu düşüncənin təsirinə
düşdülər. Sonra anladılar ki, istənilən fəaliyyət
sahəsi insanın xarakter bütövlüyündən
asılıdır.
İlk uçuşlarımda
pilotların da, sərnişinlərin də
mənə heyrətlə
baxdıqlarını görəndə
utandım. Bir az da
ilk olmağın sevincini
yaşadım. Sonralar hər
uçuşlarımda məndən
azərbaycanlı olduğumu
soruşanlara “Bəli,
özü də tər-təmiz” cavabını
verib gülürdüm.
Müsahibimin daha bir ilkliyi
də var. O həm də Azərbaycan dilində məlumat səsləndirən ilk bort
bələdçisi olub.
– Bu barədə ilk gündən
düşünürdüm. Mənə qəribə gəlirdi ki, təyyarə Azərbaycandan uçur, amma məlumatlar rus dilində deyilir. Qonşu ölkələrə səfərləri anlamaq olardı, amma ölkədaxili uçuşlarda
da məlumatlar rus dilində səsləndirilirdi. Bir-iki ay belə
dava edəndən sonra heç rəhbərlikdən icazə
almadan məlumatları
öz dilimizdə səsləndirməyə başladım.
Ardınca da rus dilində dedim. Hamı elə bilirdi
ki, təlimatı pozduğuma görə töhmət alacam, yaxud işdən çıxarılacam. Amma əksinə
oldu. Nurəddin Əliyev məlumatların
azərbaycanca da səsləndirilməsi barədə
təlimat verdi.
O vaxt bunu qələbə kimi qeyd edirdim.
Maraqlı, ekstremal anlarla yadda qalan bələdçilik
dönəmi Zemfira xanımın hərbçi
ilə ailə qurması ilə bitir. Ondan sonra hərbçi
həyat yoldaşı
kimi şəhər-şəhər
gəzir. İndi 1969-1976-cı illər onun üçün ən xoş xatirəyə çevrilib. Deyir işimi çox sevirdim və heç vaxt uçuşdan qorxmurdum, yorulmurdum, bezmirdim: “Qəribədir ki, təyyarədə qorxu hissim olmasa da,
indi üçüncü
mərtəbədən artıq
yüksəkliyə çıxanda
həyəcanlanıram, qorxuram”.
Yaxşı təyyarə bələdçisi
olmağın sirrini sadəcə insanları sevmək və səmimiyyətdə görən
Zemfira xanım “Bu peşədə işləmək
üçün əsas
təmkin, dözüm
tələb olunur” deyir. Bu sahədə azərbaycanlı
qızların sayının
artmağından ayrı
bir şövqlə danışan həmsöhbətimdən
indi təyyarəyə
minərkən hansı
hissləri keçirdiyini
də soruşdum:
– Kövrəlirəm. Nə yalan
deyim, gənc qızlara baxıb həsəd aparıram.
Sonra da səmada keçən illərin xoş xatirələrində yenə
göylərə qalxıram...
HƏMİDƏ
Mədəniyyət.-2021.- 5 mart.-
S.5.