“Kişi kimi qadın”lığa
inad
“Mənim
üçün ön planda olan kişi və
ya qadın xüsusiyyətləri yox, insani məqamlardır”
Yəqin onu çoxunuz tanıyırsınız. Birinci
Qarabağ müharibəsinin qəhrəmanlarından Qəqəni
ləqəbli Kəmalə Qəhrəmanovanı (upuzun
saçlarını dibindən kəsdirərək
özünü Kamal Qəhrəmanov da edib) deyirəm. Onunla çoxlu müsahibələr aparılıb,
haqqında çox yazılıb.
Özünün də dediyi kimi, “çox vaxt qadın
olduğu unudulub, unutdurulub”. Amma o, bundan heç
vaxt zövq almayıb, daha doğrusu, bütün qəhrəmanlıqları,
kişiyanə xüsusiyyətləri kölgəsində gizlənən
zərifliyə qadına boy vermək, söz haqqı
tanımaq istəyib.
Ona görə də savaşın hər
üzünü görən, həyatda qalmaq üçün
yox, həyatın nə qədər dəyərli bir nemət
olduğunu özünə və başqalarına isbat eləmək
üçün yaşayan qadına bu dəfə tam başqa
bir rakursdan baxacağıq. Onun və mənim istədiyim
kimi – əsl qadın söhbəti etdik. Sizə
deyim ki, çox uzun alınan söhbətləşmə-dərdləşmə
çətin bir qəzet səhifəsinə
sığardı. Ona görə də,
sadəcə, bu uzun yolun “üç dayanacağı”nda
etdiyimiz söhbətləri köçürdüm –
müharibə, xilas, qadın.
Qadınlar
bayramı söhbətimizin qəhrəmanı – dünənin
kəşfiyyatçısı – Qarabağ mücahidi,
düşmənə qan udduran döyüşçü, bu
günün xilasedicisi – Fövqəladə Hallar Nazirliyi
Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə
İdarəsinin baş mütəxəssis-xilasedicisi və ən
nəhayət, kövrək və sevgi dolu Azərbaycan
qadını Kəmalə Qəhrəmanovadır.
Döyüşçü
– Kəmalə
xanım, haqqınızda oxuyuram: “1973-cü ildə Ağdam
rayonunun Yusifcanlı kəndində anadan olub. Qarabağ hadisələri
başlayanda, 18 yaşında ikən Çingiz Mustafayevin “215
KL” studiyasından cəbhəyə
çağırışını eşitdikdən sonra
saçlarını qırxıb özünü kişi cildinə salır və “Kamal Qəhrəmanov”
kimi könüllü olaraq Şəhidlər xiyabanından
birbaşa cəbhəyə yola düşüb. Ağdamda
Yaqub Rzayevin (Qatır Məmməd) özünümüdafiə
batalyonuna qoşulduqdan sonra döyüşün ən qaynar
yerində topçu dəstəsində ermənilərin
başına od ələyib. Daha sonra Şuşa batalyonuna keçib. Kəlbəcər,
Ağdərə, Füzuli, Murov istiqamətindəki
döyüşlərdə iştirak edib. 24
sentyabr 1992-ci ildə ağır yaralanıb. İki ay müalicə aldıqdan sonra yenidən
döyüşə qayıdıb. 1993-cü ilin aprelində
Murovdağda gedən döyüşlərə kəşfiyyatçı
kimi qatılıb.
1994-cü ilin yanvarında Kəlbəcər
istiqamətində diversant kimi düşmənin önəmli
mövqeyinə girib, ordumuzu zəruri məlumatlarla təmin
edib. Atəşkəs elan olunandan sonra – 1994-cü ildə
Ali Hərbi Dənizçilik Məktəbi nəzdində
açılmış şəxsi heyətlə iş
üzrə zabit hazırlığı kurslarına göndərilib.
Beş il zabit kimi xidmət etdikdən sonra
öz xahişi ilə ordudan tərxis edilib”.
– Vay-vay,
mən nəymişəm? (gülür) Yox, canım, belə şeylərdən
danışmayaq. Müharibə, qadın,
döyüş, ölmək, öldürmək...
– Məncə də. Həm
istəyənlər haqqınızda kifayət qədər
material əldə edə bilərlər. Odur
ki, keçək əsas mətləbə.
– Deyəsən,
məni xeyli uzaq söhbətə çəkəcəksiz.
– Məmnun
qalmasanız, yarıda saxlayarıq.
–
Razılaşdıq.
–
Müharibə, qadın, qırmızı...
– Hə,
bildim niyə bu sualdan başladıq. Qırmızı
mənim üçün enerjidir, çox sevirəm o rəngi.
Adətən müharibədə olan
insanların qırmızı nifrəti, qorxusu olur. Məndə isə əksinədir.
– Sizin, elə
bizim də uşaqlığımız, yeniyetməliyimiz
müharibə dövrünə düşdü...
– 15
yaşa qədər sanki uşaq idim, məhz 15-dən sonra dəyişdim.
Peşə məktəbinin də bu
düşüncədə böyük rolu oldu. O vaxtlar
milli azadlıq hərəkatı yeni başlamışdı.
Mən orta məktəbdən peşə məktəbinə
keçdim və orada müəyyən hadisələr fonunda
anladım ki, tam başqa bir ovqatdayam. Hərçənd
əvvəldən idmanla məşğul olmuşam,
özü də peşəkar səviyyədə. Müxtəlif yarışlara da
qatılmışam. Sonra müharibə...
məni bütün gələcək planlarımdan
qopardı. Təsəvvür edin, bütün beynim
silindi və bir ideya qaldı: Kəmalə, sən getməlisən.
Və getdim....
–
Maraqlıdır, heç bir anlıq “yox, alınmaz, çətin
olar” düşüncəsinə qapılmadınız?
– Yox,
heç o barədə düşünmədim. Zatən naz-qəmzəli olmamışam, şəhərdə
böyüsəm də, əsl kənd həyatı
yaşamışam. Sonra da idman. Buna görə də müharibədə fiziki olaraq
heç bir əziyyət çəkməmişəm.
Bir az böyük çıxacaq, amma mənim
üçün vətənə xidmət hər işin
qulpundan yapışmaq idi. Sonu da silaha
sarılmaq oldu. İndi başa
düşürəm ki, elə o müharibəyə də
xilasedici kimi getmişəm. İlk bir ay
döyüş görmədim, heç səngərə də
buraxmadılar. Yəqin bununla məni
qorumaq istəyirdilər. Mənə bir
uşaq kimi baxırdılar. Bu şəraiti
komandirimiz Yaqub əmi yaratmışdı.
– Bu
kamuflyaj nə üçün idi? İnanmıram
ki, əsgər yoldaşlarınız qız olduğunuzu bilməsinlər.
Yəqin düşməndən yayınmağa
xidmət edirdi.
– Bəli,
əslində, düşməni aldatmaq üçün idi. Qız olduğumuzu bilən kimi daha çox izləyir
və əsir götürmək istəyirdilər. Həm də özünü təsdiq etmək kimi
bir idealım var idi. Demirəm ki, bunu
ağıllı, planlı şəkildə edirdim. Sadəcə, vəziyyət belə tələb
edirdi.
–
Müharibə dövrü – döyüşlər, yaralanma, kəşfiyyatçı
kimi cəsurluğunuz və son.
– 1991-ci
ildə geyindiyim hərbi geyimi 1999-cu ilin may ayında soyundum.
– Qorxu
demirəm, ölmək və ya öldürmək, ümumən
itirmək, məğlub olmaq, nədənsə imtinaya məhkum
olmaq kimi qorxular necə, olubmu?
– Mən qorxunu zamanla öyrəndim,
əvvəl qətiyyən yox idi.
–
Sualım kobud alınacaq, amma mənim üçün
maraqlıdır: müharibə sayəsində nəyi
qazandınız və ya əksinə, nəyi itirdiniz?
–
Müharibə sayəsində insan olmağı öyrəndim.
Ora gedərkən instinktlə hərəkət
edən insan idim, amma müharibə mənə hər
şeyin batininə enərək fərqinə varmağı
öyrətdi. İtkiyə gəlincə,
belə deyim də, heç nəyi. Özümü
dərk edəndən hadisələri faciəyə
çevirməyi sevməmişəm. Bir
növ taleyimlə asanlıqla barışmışam. Hətta hər şeyə komik baxmağa
çalışmışam.
– Belə
olduqda insan itirmək qorxusu üzərində qələbə
qazanır?
–
Müharibə insana həyatın hər an itiriləcəyi
gerçəyini çox amansız formada göstərir. Baxın, müharibədə aldığım zədələr
sayəsində, demək olar ki, sol qolum işləmir. Doğrudur, əlillik dərəcəsi
almamışam, amma fakt budur ki, zamanla hissiyyatını itirir.
Nə edim, oturub gözləyim? Yox, məhz bu vəziyyətdə mən beynəlxalq
dərəcəli idman ustası oldum, işimlə əlaqədar
ən çətin hazırlıqlara getdim. Bundan imtiyaz, yaxud faciə düzəltmirəm.
Yaşayıramsa, bunu ilk olaraq özümə
isbat etməliyəm. Bir dəfə həkimimə
“Mənə xəstəxanalarda yaşaya-yaşaya
ölümü gözləmək lazım deyil” deyib səyyah
kimi dağlara yol aldım, effekti də oldu.
İnsanı idarə edən qorxuları,
bağlılıqlarıdır. Yaradan sonsuz
varlıqdır, ona bağlandıqda hər şeyin ötəri
olduğunu anlayırsan və məhz ondan sonra rahat
yaşamağa başlayırsan. Heç nəyə
bağlanmadan bu səviyyədə düşüncəyə
çatmağımı da müharibədən qazancım
sayaq.
Xilasedici
–
Müharibədə Qəqəni, xilasetmədə Kəmalə.
Əlaqəni qırmadınız ki?
– Məncə,
dünyaya kəşf üçün gəlmişəm. Elə müharibədə də kəşfiyyatçı
idim. O Kəmalə daha çox kəşf
edən idi. İçindəki kəşf
etmək marağı hər faciəyə bir əsaslandırma
edirdi. Yəqin sonluğu, nəticəni
görmək istəyirdi. Mərhələdən
mərhələyə keçid kimi.
–
Müharibəyə xilas üçün getmişdiniz,
xilasediciliyə də?
–
Sözsüz, həyatımda çox maraqlı, yeni mərhələ
idi mənim üçün.
–
Qarşımda həqiqi ağrılarını,
yaşantılarını pərdələmək istəyən
qadın da var.
– Hə,
o da var. Gəlin, ona toxunmayaq, icazə verək sussun.
– Amma mən
ən çox şıltaq qız obrazınızı bəyəndim.
– Mən də. Özü də bu, həmişə var. Yəqin çoxumuzun ən dərin düşüncələrində hələ də böyüməyən qızcığaz var. Xüsusən bizim nəsil uşaqların. Müharibə sayəsində uşaqlıqdan bir andaca böyüklüyə, böyük obrazına keçdik, axı. Ona görə arabir keçmişə, yarımçıq qalmış uşaqlığa qayıtmaqla ovunuruq.
– Deyəsən, Fövqəladə Hallar Nazirliyi sistemində ilk xilasedici qadın da məhz siz olmusuz?
– Bəli, 6 aylıq ağır sınaqlardan sonra məni təsdiq elədilər. Sonra gördülər ki, yox, qadınlar da bu işi bacarır. Qadınlardan ibarət qrupu yığmağı mənə həvalə elədilər. İndi maşallah, kifayət qədər güclü, bacarıqlı qadınlarımız var. Hələ ilk mərhələdə 30 nəfər qadın yığıldı.
– Deməli, Kəmalələr var hələ?
– Mən onların kölgəsində qalaram. Elə qadınlarımız var ki, fiziki bacarıqları ilə kişiləri belə üstələyirlər.
Qadın
– Bayaqdan romantizmdən danışırıq. Qadınlar bu mövzularda çox vaxt hissə qapılırlar...
– Qorxulu heç nə yoxdur. Əsas odur ki, yaşadıqlarını öz içində analiz edə biləsən.
– Hiss edirəm,
bu sizdə yaxşı alınır. Nə də olmasa, dərzisiz
axı...
– (gülür) Məqamı yaxşı tutmusuz. Məncə, bütün qadınlar bir az dərzi olmalıdır. Gəlin, sizə tikdiyim paltarlardan da danışım. Peşə məktəbində dərziliyi öyrənmişəm, indi də yaxşı paltar tikməyi bacarıram, amma özüm üçün. Daha çox uydururam, fantaziyamı işə salıram. Qadınıq axı, seçilmək əsas qayəmizdir (gülür). Bir dəfə bir neçə köhnə paltarımı söküb bir don əmələ gətirdim. Ətrafımdakı bütün qadınlar haradan aldığımı soruşanda xeyli güldüm. Dərd burasındadır ki, heç kimə inandıra bilmədim ki, özüm tikmişəm. Ümumən kosmetikadan istifadə etmirəm. Nadir hallarda, gərək nə isə fövqəladə hadisə olsun ki, mən bəzənim. Çox sevdiyim rəfiqəmin toyu idi. Dedim qoy sürpriz edim. Əsl xanım-xatın libası – milli geyim hazırlatdım, xeyli də bəzək-düzək verdim özümə. Restorana girəndə iş yoldaşlarım, təbii ki, məni tanımadılar...
– Qadınlar tez-tez depressiyaya düşə, çox sadə təskinlik addımları ilə də ondan çıxa bilərlər. Sizdə bu hal baş verəndə nə edirsiz?
– Uzaq, çətin səfərlərə çıxıram. Sonuncu dəfə 10 gün şimal bölgəmizi gəzdim, pay-piyada.
– Sualı başqa cür verim: qadın kimi diktə etməyiniz vamı?
– Adi yarışı belə sevmirəm. Elə olub ki, qələbə anında ondan vaz keçmişəm. İçimdəki Kəmalə deyib ki, yox, meydanı bu dəfə ona ver.
– Belə çıxır ki, qadın olaraq mücadilə aparmağı bacarmırsız?
– Qalib olmağı sevmirəm, onun yaşatdığı o ani həzz belə artıq maraqlı deyil. Qələbə mənim üçün başqalarına üstün gəlmək hissinə çevrilən gündən bütün yarışlardan imtina elədim. Çox vaxt tamamilə fərqli yol keçməyi sevirəm və buna nə məğlubiyyət, nə də güzəşt kimi baxmıram. Sadəcə, düşünürəm ki, bu yoldan çıxmalı və yeni cığır açmalıyam. Elə zabit kimi hərbidən imtina edib xilasediciliyi seçməyim də bununla bağlı idi. Həyatı, rəngarəngliyi sevirəm.
– “Qadının silahı zərifliyidir” fikri mübahisəlidir?
– Ümumən qarşımdakı insanı təsirləndirməyin bütün formalarına vara bilərəm. Amma mənim üçün ön planda olan kişi və ya qadın xüsusiyyətləri yox, insani məqamlardır. Çünki onların hamısı obrazdır. Hətta həyat yoldaşıma qarşı qadın xislətimi istifadə eləmirəm. İstənilən halda kişini təsir altına salmaq olar. Amma həyatda səmimiyyət kimi vacib məqam var və ondan bacardıqca yararlanmalısan. Saatlarla güzgü qarşısında dayanmaq, salonlarda, alış-verişdə vaxt keçirmək, məncə, manipulyasiya üçündür.
– Yəqin qısqanclıq duyğusunu da özünüz üçün ayırd etmisiz?
– O hiss “mən
varam”dan mayalanır. Yəni məni
qısqanırlarsa, həsəd aparırlarsa, deməli,
mövcudam. Yoldaşım Rusiyaya gedib-gələn
adamdır. Arabir beynimə gələn o
fantaziyaları, qısqanclıq mülahizələrimi ona da
deyirəm. Qəribə adamdır,
özüm kimi. Sakitcə qulaq asır və
“Narahat olma, bu düşüncələr mənim də
beynimdən keçə bilər” deyib gülür. O
düşüncələrin sənin – istər qadın, istər
kişi – beynini gəmirməyinə imkan
verməməlisən, onu idarə eləməlisən. Bir də güvənməlisən. Ən əsası da axışına
buraxmalısan.
–
Qarşı cinsin nümayəndələrindən “qadına
bax e” ifadələrini tez-tez eşidirsiz?
– Hə,
amma yaxşı mənada. Bunun 90 faizi heyrət,
bir 10 faizi də qısqanclıqdır.
–
Kişiləri daha yaxşı tanıyırsız, yoxsa
qadınları?
– Özümü, özümü daha yaxşı tanıyıram. Özümü kişiyə bənzətməyi heç sevmirəm, bununla içimdəki qadını dəyərsiz edirəm axı. Ona görə “kişi kimi qadın” sözündən zəhləm gedir. İnsan xislətinə endikcə orada kişi və qadın yoxdur. Bununla bir-birimizi obraza daxil edirik. Bu mentalitetdən irəli gələn yanlış düşüncədir. Ümumən xarakterik keyfiyyətləri kişi və ya qadına bölmək olmaz.
– Sizcə, Azərbaycan qadını öz əsas obrazında ədəbiyyatın, kinonun ana planına gələ bilibmi?
– Mənim baxdığım bucaqda
anladığım qəti təsvir yoxdur. Müəyyən filmlər
var, amma onlar da səthidir. Özü də nəinki
qadınlar, heç kişilərin də əsl obrazı
öz əksini tapmayıb. Ümumən
biz müharibənin alt qatına enib, oradakı insan hisslərini
bədii materiala, təəssüf ki, çevirə bilməmişik.
Müəyyən cəhdlər var, xüsusən
də səmimiyyətini və reallığını qoruyan
“Fəryad”. Mən müharibədə əsir
götürülən və başına min cür müsibətlər
gətirilən qadınların dramının təkrar-təkrar
qabardılmasının, çılpaqlığı ilə
ortaya tökülməsinin əleyhinəyəm. Bu, ən bəsit yaradıcı işgəncədir.
Ümumiyyətlə, insanlara müharibəni səmimi,
sadə, real təsvir etmək lazımdır. Qadın, kişi, uşaq, fərq etməz, əsas təsvirdir.
– Bu barədə
müqayisəli müzakirəni başqa səfərə
saxlayaq?
– Mən razı.
Söhbətləşdi: H.NİZAMİQIZI
Mədəniyyət.-2021.- 5 mart.-
S.1;5.