Mədəniyyət naziri
Ankarada görüşlər keçirib, Prezident
Kitabxanasını ziyarət edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zəngin proqramı ilə seçilib. Səfər zamanı iki ölkə arasında mədəni əlaqələrin inkişafına zəmin olacaq bir sıra görüşlər keçirilib.
Martın 2-də mədəniyyət naziri Ankarada Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb. Görüşdə iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi irs və dəyərlərimizin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Yalçın Topçu 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, habelə bütün dünyaya nümayiş etdirilən əzm və mübarizliyə görə Azərbaycan xalqına təbriklərini ifadə edib. Bildirib ki, müharibənin ilk günündən etibarən qardaş ölkəyə dəstək verən Türkiyə müharibədən sonrakı dövrdə də və ümumilikdə hər zaman Azərbaycanın yanındadır.
Nazir Anar Kərimov Qarabağ müharibəsində Azərbaycanın qazandığı Qələbədə başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövləti və xalqının Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq, bu əməkdaşlığın mədəniyyət sahəsində də davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı saxtalaşdırma və mənimsəmə siyasətindən bəhs edən Anar Kərimov tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Azərbaycana dəfələrlə səfər etdiyini bildirən Yalçın Topçu Ermənistanın müharibə müddətində hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrini məqsədli şəkildə hədəfə almasını, dinc əhalini qətlə yetirməsini, evləri, mülki infrastruktur obyektlərini dağıtmasını təəssüf hissi ilə xatırlayaraq, Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyib.
***
Mədəniyyət naziri Anar Kərimovun daha bir görüşü Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Emrullah İşlər ilə keçirilib.
İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi Qələbə münasibətilə təbriklərini ifadə edən Emrullah İşlər bu haqq savaşında Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığın və Azərbaycan əsgərinin rəşadətinin Türkiyə cəmiyyətində böyük qürur hissi ilə qarşılandığını diqqətə çatdırıb. O, nümayəndə heyətinin Türkiyəyə səfərinin əlaqələrin inkişafına və mədəniyyət sahəsində əməkdaşlığa töhfə verəcəyini deyib.
Nazir Anar Kərimov Türkiyə Böyük Millət Məclisində olmasından məmnunluğunu ifadə edərək Türkiyə və Azərbaycanın müvafiq qurumları, həmçinin xalqlarımız arasında dünyaya nümunə olan birlik və həmrəyliyin bundan sonra daha da güclənəcəyinə əminliyini bildirib.
Görüşün sonunda nazir Emrullah İşlərə Qarabağın tarixi və mədəniyyəti haqqında kitab təqdim edib.
***
Mədəniyyət naziri martın 2-də Ankarada Türkiyə Prezident Kitabxanasını da ziyarət edib.
Nazirə kitabxananın tarixi və müasir dövrün tələblərinə uyğun qurulan fəaliyyəti barədə məlumat verilib. Anar Kərimov kitabxanada Türkiyə Cümhuriyyətinin qurulması tarixindən bəhs edən sərgi ilə tanış olub.
Kitabxana və sərgi barədə təqdimata görə təşəkkürünü bildirən mədəniyyət naziri ölkəmizin mədəni irsi, xalça sənətimiz, Qarabağ haqqında kitabları Türkiyə Prezident Kitabxanasına hədiyyə edib.
Mədəniyyət.-2021.- 5 mart.-
S.4.