Milli tarixi yaddaşa
işıq salan alim
Sara Aşurbəyli-115
“Olduqca savadlı,
ziyalı, xeyirxah və mətin bu qadın əyilməz
və dönməz idi, əsərlərində
marksizm-leninizm cərəyanı
adlanan nəzəriyyə
müəlliflərinin əsərlərindən
sitatlar gətirməz,
iqtibaslar verməzdi. Öz əqidəsi
olan məğrur bir tədqiqatçı, şablon fikir və düşüncələrdən
kənar bir alim, tərifçilikdən
aralı duran bir mütəfəkkir”.
Bu fikirlər professor Şahin
Fazilin görkəmli tarixçi alim, şərqşünas, pedaqoq,
rəssam Sara Aşurbəyli
haqqında yazdığı
qeydlərdə vurğulanır.
Bu il anadan olmasının 115 illiyi tamam olan Sara Aşurbəyli məşəqqətli
həyatına rəğmən
ayaqda dayanmağı,
gülümsəməyi, hətta
rəsmlərini belə
rəngarəng çəkməyi
bacarıb. Axı onun vacib missiyası
vardı...
Aşurbəylilər nəslinin tanınmış nümayəndəsi,
texnika elmləri doktoru İqor Aşurbəyli Sara xanım
haqqında deyib: “Artıq 300 ilə yaxındır ki, Aşur xan Əfşarın
nəsli öz talelərini qədim Abşeron torpağı ilə bağlamışdır.
Aşur bəyləri, Aşurbəyovlar.
Aşurbəylilər, Aşurlular Azərbaycanın
tarix salnaməsinə
çoxlu işıqlı
səhifələr yazmışlar.
Sara xanım Aşurbəyli
– bu nəslin ən şöhrətli təmsilçilərindən biri
– Azərbaycanın və
onun paytaxtı Bakı şəhərinin
tarixinin ümummilli səviyyədə dərkində
misilsiz töhfəsini
vermişdir. Asan olmayan,
bəlkə də faciəli bir tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun
fundamental araşdırıcısı olaraq Şərqdə yaxşı tanınır.
Bu yolda ona təkcə parlaq analitik təfəkkürü
və kamil təhsili deyil, həm də yeddi dil – ərəb,
fars, fransız,
alman, ingilis, rus və Azərbaycan
dillərini bilməsi
kömək olmuşdur.
Sara xanım Aşurbəylinin
monoqrafiyaları “Bakının
tarixi oçerki”, “Şirvanşahlar dövləti”,
“Azərbaycanın Orta
əsrlərdə Hindistanla
iqtisadi və mədəni əlaqələri”
və s. hələ müəllifin sağlığında
Azərbaycan tarixinə
dair klassik əsərlər sırasına
daxil idi”.
Zəngin
həyat və elm yolu
Müdriklərin belə bir fikri var: “Keçmişi
bilmədən bu günlə yaşamaq yolsuz səhraya daxil olmaq və
orada məqsədsiz dolaşmaq deməkdir”. Azərbaycan xalqının tarixi yaddaşını oyadan, öz keçmişinə
sahib olmağa çağıran
Sara Aşurbəyli həyatı
boyu bu amala
xidmət edib.
Sara Balabəy qızı
Aşurbəyli 1906-cı ilin
27 yanvarında Bakıda
anadan olub. 1925-ci ildə
İstanbuldakı Janna D`Ark
adına fransız kollecini bitirib. 1930-cu ildə
Azərbaycan Dövlət
Universitetinin (indiki
BDU) Şərq fakültəsindən
məzun olur. Lakin dövranın nizam-tərəzisi
baş-ayaq olmuşdu.
Siyasi-ideoloji sistem ictimai
mühitdə normal, adi
məsələləri qeyri-adiliklərə
bələyirdi. Stalin repressiyasının qorxunc
ayaq səsləri gəlməyə başlayırdı.
Belə bir tarixi mərhələdə
“arzuolunmaz sosial mənşəyə” malik
olan Sara Aşurbəylinin
şərqşünaslığa, tarix elminə doğru yönəlməsi
böyük əngəllərlə
qarşılaşdı.
Repressiya dalğası onun da ailəsindən yan keçmədi. Atası sovet
rejimi tərəfindən
təqib edildi, həyat yoldaşı həbs olundu. Ancaq bu idrak sahibi
qadın daha mətin dayanırdı.
Sara xanım Azərbaycanda
qaçaqaç dövründə,
repressiyaların, sürgünlərin
tüğyan etdiyi zamanlarda fransızdilli kadrın qalmadığı
bir vaxtda bu dilin köməyi
ilə xilas olur. O, 1937–1958-ci illər
ərzində Azərbaycanın
müxtəlif ali məktəblərində
fransız və ingilis dillərini tədris edib. Xarici dillərin tədrisi və rəssamlıq o zaman sovet rejimi
üçün ən
pis halda «neytral» fəaliyyət növü idi. Buna görə də
Sara Aşurbəylinin bu
sahələrdəki fəaliyyətinə
böyük əngəllər
törədilmirdi. Onun sürgün
edilmiş nəslini yalnız bu bilgiyə görə görməzdən gəlirdilər.
Belə bir ziddiyyətli tarixi məqamda Sara xanım elmlə məşğul olmaq arzusunu qəlbində yaşadaraq elmi potensialını gerçəkləşdirməklə
yaşamaq qərarına
gəlir. 1941-ci ildə daha bir ali təhsil müəssisəsini – Azərbaycan
Pedaqoji İnstitutunun
(indiki ADPU) Xarici dillər fakültəsini
bitirir.
Ümumiyyətlə, tədqiqatçılar Sara Aşurbəylinin
fəaliyyətini iki mərhələyə bölürlər. Birinci dövrdə
o, keçən əsrin
50-ci illərinin ortalarınadək,
əsasən, pedaqoji fəaliyyətlə yanaşı,
rəssamlıq və
musiqi ilə məşğul olub.
Azərbaycan Dövlət
Dram Teatrında rəssam
və dekorator işləyib, Üzeyir Hacıbəylinin dəvəti
ilə 15 il
Azərbaycan Dövlət
Konservatoriyasında xarici
dildən dərs deyib. O həm də çəkdiyi rəsm əsərlərini
satmaqla güzəranını
təmin edib. Sərgilərdən birində onun
“Göygöl” əsəri
Meksika nümayəndələri
tərəfindən alınaraq
bu ölkəyə aparılıb. Sara xanımın peşəkar
rəssamlığı yüksək
dəyərləndirilib və
1946-cı ildə Azərbaycan
Rəssamlar İttifaqına
üzv seçilib.
Fəaliyyətinin ikinci dövründə Sara Aşurbəyli gənclik arzusuna uyğun olaraq tarix elminə doğru dönüş edir. 1954–1958-ci illərdə Azərbaycan SSR EA-nın Tarix Muzeyində Orta əsrlər şöbəsinin müdiri işləyir. Onun tarix elminə qayıdışı Azərbaycan tarixşünaslığında yeni canlanma yaradır. Sara xanım 1958–1961-ci illərdə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda elmi katib və baş elmi işçi vəzifələrində çalışır. 1961-ci ildən Tarix İnstitutunda, ömrünün son illərində isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda səmərəli elmi fəaliyyət göstərir.
Sara Aşurbəylinin başlıca tədqiqat obyekti Azərbaycanın Orta əsr şəhərlərinin, xüsusilə Bakının ictimai-iqtisadi, siyasi, mədəni inkişaf tarixinin öyrənilməsi olub. O, Sankt-Peterburqda elmlər namizədi (fəlsəfə doktoru), Tbilisidə elmlər doktorluğu dissertasiyaları müdafiə edib. Tədqiqatçının kitab və monoqrafiyaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Çoxsaylı məqaləsi rus, ingilis və fransız dillərində də nəşr olunub.
Layiq olduğu qiyməti aldığı an...
1996-cı ilin 27 yanvar
günü. Sara Aşurbəylinin
90 illiyi münasibətilə
Azərbaycanın bütün
elitası Opera və Balet Teatrına yubilyarı təbrik etmək üçün yığışıb. Prezident Heydər Əliyev yubilyara şəxsən təbriklərini çatdırır,
ona “Şöhrət”
ordenini təqdim edir. Bu yəqin
ki, Sara xanımın uzun illər ərzində gözlədiyi
bir an idi. Vətən tarixini böyük sevgi ilə, yorulmadan araşdıran görkəmli
alim öz müstəqil dövlətinin
yüksək təltifinə
layiq görülürdü...
Alimin tədqiqat
əsərləri tariximizin
qədim çağlarının
ən etibarlı mənbələri sırasındadır. Xalqımızın
milli tarixi yaddaşına işıq
salan Əməkdar elm
xadimi, Dövlət mükafatı laureatı
Sara Aşurbəyli 2001-ci il iyulun 17-də, 96 yaşında dünyasını
dəyişib.
Lalə AZƏRİ
Mədəniyyət.-2021.- 5 mart.-
S.6.