Türk respublikalarının müstəqilliyinin
30-cu ildönümü münasibətilə
TÜRKSOY-un layihəsi ilə fotosərgilər
keçirilir
Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Türk dünyası ustad fotoqraflarının çəkdikləri şəkillərdən ibarət fotosərgi də bu qəbildəndir. Layihənin müxtəlif şəhərlərdə nümayişi nəzərdə tutulur.
“Müstəqilliyinin 30-cu ilində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan” adlı fotosərgi ilk olaraq martın 5-də Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda (ilçə) açılıb. Açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Seferihisar kaymakamı (icra nümayəndəsi) Naci Aktaş, Seferihisar Bələdiyyəsinin başqanı İsmayıl Yetişkin iştirak ediblər.
Sərgidə 1991-ci ildə Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmiş beş respublikanın tarixi-mədəni irsi və müasir inkişafını əks etdirən fotolar yer alıb.
Mərasimdən sonra Düsen Kaseinov və yerli rəsmilərin iştirakı ilə Seferihisarın Akarca məhəlləsində türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə ağaclar əkilib.
Səfər zamanı TÜRKSOY-un Baş katibinin Seferihisar Bələdiyyəsinin başqanı İsmayıl Yetişkin ilə görüşü də keçirilib. Düsen Kaseinov bələdiyyə başqanına TÜRKSOY-un nəşrlərini – tanınmış şair Kenan Çarboğanın “Qorqudnamə” kitabını və “İmadəddin Nəsimi dünya dillərində” şeirlər toplusunu hədiyyə edib.
“Müstəqilliyinin 30-cu ilində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan” adlı fotosərginin növbəti ünvanı Türkiyənin Aydın şəhəri olub.
Martın 7-də TÜRKSOY, Aydın Böyükşəhər Bələdiyyəsi və Aydın Türk Ocaqlarının əməkdaşlığı ilə təşkil olunan sərginin açılış mərasimində TÜRKSOY Katibliyi İdarə, maliyyə və hüquq işləri şöbəsinin müdiri Sancar Mülazımoğlu və Aydın Böyükşəhər Bələdiyyə Məclisinin komissiya başqanı Semra Yücel, Aydın Türk Ocaqlarının başqanı Eyyub Salih Doyuran iştirak ediblər.
S.Mülazımoğlu bildirib ki, TÜRKSOY bu sərgidə türk cümhuriyyətlərinin müstəqilliyinin ildönümünü türk dünyası ustad fotoqraflarının çəkdikləri görüntüləri ilə göstərməyə, anlatmağa çalışır: “Bu fotoşəkillərdə qardaş respublikalarımızın həyatından ənənələrə, təbiətindən memarlığına qədər gözəllikləri əks olunub”.
Tədbirdə bildirilib ki, Seferihisardan başlayan sərgi Aydından sonra
Türkiyənin digər şəhərlərində, eləcə
də müxtəlif ölkələrdə nümayiş
etdiriləcək.
Mədəniyyət.- 2021.- 10 mart.-
S.1.