Milli Kitabxana və Türkiyənin Yazma Əsərlər Qurumu arasında memorandum imzalanacaq

 

 

Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü, Milli Kitabxananın direktoru Kərim Tahirov Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Yazma Əsərlər Qurumunun başqanı Muhittin Mecit ilə görüşüb.

 

Kitabxanadan bildirilib ki, görüş zamanı Kərim Tahirov 2019-cu ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə keçirilən “İmadəddin Nəsimi İli” çərçivəsində şairin əsərlərinin əlyazmalarının rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına təqdim olunmasında köməklik göstərdiyinə görə Muhittin Mecitə təşəkkürünü bildirib.

 

Bu hədiyyənin Azərbaycan alimləri üçün böyük töhfə olduğunu vurğulayan direktor Azərbaycan xalqına mənsub olanonun görkəmli nümayəndələrinə mənsub olan qiymətli mədəniyyət sərvətlərimizin hazırda bir sıra xarici ölkələrin kitabxana və muzeylərində saxlanıldığını deyib. Bildirib ki, 2019-cu ildən Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə birgə həyata keçirdiyiMilli mədəniyyət sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində çoxlu sayda qiymətli əlyazmaların surəti ölkəmizə gətirilib.

 

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İlielan olunduğunu diqqətə çatdıran K.Tahirov, Türkiyənin kitabxanalarının və muzeylərinin fondlarındakı dahi Azərbaycan şairinin irsi ilə bağlı qiymətli əlyazmaların rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə köməklik göstərməsini xahiş edib.

 

Muhittin Mecit iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin bütün sahələrdə birgə əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu dəyərlərin qarşılıqlı paylaşılmasının mədəniyyətlərimizin zənginləşməsinə böyük töhfə verəcəyini söyləyib. M.Mecit bu istiqamətdə Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. O, Nizami Gəncəvinin əsərləri ilə bağlı əlyazmaların siyahısının təqdim olunacağı təqdirdə, onların rəqəmsal nüsxələrinin çatdırılmasına hazır olduqlarını bildirib.

 

Kərim Tahirov bu yaxınlarda Praqa Milli Kitabxanasında çoxlu sayda türkdilli əlyazmalar aşkar etdiyini də diqqətə çatdıraraq, həmin əlyazmaların Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunan kataloqunu Muhittin Mecitə təqdim edib, habelə onların rəqəmsallaşması istiqamətində Çexiya Milli Kitabxanası ilə danışıqlar aparıldığını deyib. Həmin əlyazmalardan tamamilə xəbərsiz olduqlarını bildirən Yazma Əsərlər Qurumu başqanı əldə olunacaq türkdilli əlyazmaların elektron nüsxələrinin onlara da verilməsini xahiş edib. Bu təklif məmnuniyyətlə qarşılanıb.

 

Görüşün sonunda belə faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə ikitərəfli memorandumun imzalanması qərara alınıb.

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.4.