Hilal Baydarovun filmi “Nika” mükafatının
nominantları sırasında
Rusiya Kino Akademiyası
“Nika” kino mükafatına namizədlərin
siyahısını açıqlayıb. Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş
ölümlər arasında”
filmi də “Nika” mükafatının nominantları sırasında
yer alıb.
Film “MDB və Baltikyanı
ölkələrin ən
yaxşı film” kateqoriyasında
nominant elan edilib. Bu kateqoriyada Baydarovun filmi ilə yanaşı Özbəkistan, Qazaxıstan,
Qırğızıstan filmləri
də yarışır.
Xatırladaq ki, Hilal Baydarovun “Səpələnmiş
ölümlər arasında”
filmi ötən il İtaliyada
keçirilən 77-ci Venesiya
Film Festivalında nümayiş
olunub. Bu, müstəqil
Azərbaycanın kino
tarixində A kateqoriyalı
festivalın əsas müsabiqəsində yer alan ilk bədii
filmdir.
Azərbaycan, ABŞ və Meksika kinematoqrafçılarının birgə istehsalı olan ekran əsərində
Davud adlı bir gəncin məhəbbət hekayəsindən
bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə
inanaraq əsl ailəsini axtaran qəhrəman günlərin
birində ard-arda qəzalar yaşayır.
Bu qəzalar hər
dəfə ölümlə
nəticələndiyi zaman
gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.
Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu
operatoru Elşən Abbasov, bəstəkarı
Kənan Rüstəmli,
birgə istehsalçıları
Carlos Reygadas, Joslyn
Barnes, icraçı prodüserləri
Danny Glover, Susan Rockefellerdir. Rolları
Orxan İskəndərli,
Rəna Əsgərova,
Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva,
Kübra Şükürova,
Nərmin Həsənova,
Oqtay Namazov və Mürvət Əbdüləzizov oynayır.
L.AZƏRİ
Mədəniyyət.- 2021.- 12 mart.-
S.2.