Nizami əsərlərinin süjet və obrazları Moskvada sərgilənir

 

57 muzey eksponatının yer aldığı sərgi mayın 3-dək davam edəcək

 

Moskvadakı Dövlət Şərq Muzeyində “Nizaminin əsərlərindəki süjetobrazlar” adlı sərgi açılıb. Heydər Əliyev Fondunun, Rusiya Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə təşkil edilən sərgi dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.

 

Ekspozisiyada 57 muzey eksponatı, o cümlədən əlyazmalar, miniatürlər, rəsmlər, xalçalar nümayiş etdirilir.

 

Açılış mərasimində çıxış edən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, Azərbaycan xalqı Nizami irsinə böyük ehtiramla yanaşır, dahi şairin yaradıcılığının qorunub saxlanılması istiqamətində böyük işlər görülür. Səfir 1941-ci ildə Nizaminin 800 illik yubileyinin Leninqradda (Sankt-Peterburq) qeyd olunmasını əlamətdar hadisə adlandıraraq deyib: “O zaman Rusiya ziyalıları, ədibləri Ermitajın binasında toplaşaraq Nizami Gəncəviyə ehtiramlarını ifadə etmişdilər. Artıq, demək olar ki, blokada şəraitində yaşayan şəhərdə Nizami irsinə bu cür ehtiram olduqca qiymətlidir.

 

Polad Bülbüloğlu 1991-ci ildə Moskvadakı Böyük Teatrda şairin 850 illik yubileyinin qeyd olunduğunu da diqqətə çatdırıb. “O zaman Moskvadakı səfirliyimizin önündə Nizaminin heykəlinin açılışı olmuşdu. Sonralar Sankt-Peterburqda da ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Nizaminin heykəlinin açılış mərasimi keçirildi. Heydər Əliyev hər zaman deyərdi ki, Nizaminin yubileylərini yubiley ilində keçirmək azdır, onu hər zaman xatırlamaq lazımdır”, – deyə səfir bildirib.

 

Polad Bülbüloğlu sərginin təşkilində iştirak edən Rusiya Dövlət Ermitajı, A.N.Radişşev adına Saratov Rəsm Muzeyi, A.S.Puşkin adına Dövlət Təsviri Sənət Muzeyi və Rusiyanın digər mədəniyyət müəssisələrinə təşəkkürünü bildirib.

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova Dövlət Şərq Muzeyi ilə əməkdaşlıqdan danışaraq qeyd edib ki, qarşıda sənətsevərləri hələ bir çox layihələr gözləyir: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqlar arasında dostluq ənənələrinin möhkəmlənməsində mədəni əlaqələrin genişlənməsinə böyük önəm verir. Fond Azərbaycandan kənarda genişmiqyaslı layihələr həyata keçirir. Belə layihələrdən UNESCO-nun Parisdəki qərargahında baş tutan Azərbaycan xalçaları sərgisi, Pekində Azərbaycan musiqisi gecəsi və digər tədbirləri misal gətirə bilərəm. Azərbaycan xalqının mədəni irsinin təbliği Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Artıq indi 30 il işğal altında qalmış torpaqlarımızda dağıdılmış mədəni abidələrin bərpasına xüsusi diqqət ayrılacaq. Bu abidələrin, etnikdini mənsubiyyətindən asılı olmayaraq, hamısı bərpa olunacaq. Bu, Azərbaycanın siyasəti, bizim prinsiplərimiz, tolerantlıq və multikulturalizm ideyalarıdır”.

 

Dövlət Şərq Muzeyinin direktoru Aleksandr Sedov çıxışında bildirib ki, sərgilənən eksponatların əksəriyyəti ilk dəfə tamaşaçılara təqdim olunur. Rusiyanın bir çox məşhur muzeylərinin, o cümlədən Dövlət Ermitajının sərginin təşkilinə cəlb olunması unikal haldır.

 

Dövlət Şərq Muzeyinin Nikitski bulvarındakı əsas binasında təşkil olunanNizaminin əsərlərindəki süjetobrazlar” sərgisi mayın 3-dək davam edəcək. Muzeyin saytında yer alan məlumatda vurğulanır ki, sərginin məqsədi böyük şairin humanist ideyalarının və estetik obrazlarının əsrləri aşaraq Azərbaycanın və digər ölkələrin mədəniyyətində necə dərk olunduğunu nümayiş etdirməkdir.

 

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.2.