Moskvada Qara Qarayev adına müsabiqənin hər il keçirilməsi
planlaşdırılır
Xəbər verdiyimiz kimi, Moskvadakı Qara Qarayev adına Uşaq musiqi məktəbinin təşkilatçılığı, Moskva Hökuməti Mədəniyyət Departamentinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə fevral ayında Qara Qarayev adına onlayn musiqi müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi istedadlı gənc musiqiçiləri üzə çıxarmaq, bu sahədə pedaqoji fəaliyyəti təşviq etmək, eyni zamanda Qara Qarayevin yaradıcılığını geniş auditoriya arasında təbliğ etməkdir.
Münsiflər heyətində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev, konservatoriyanın professorları Marianna Vısotskaya və Mixail Dubov yer alıb.
İnternet üzərindən açıq müsabiqənin keçirilməsi Rusiyanın bölgələri ilə yanaşı, müxtəlif ölkələrin musiqi tədrisi müəssisələrinin şagirdlərinin iştirakı üçün geniş imkan yaradıb. Təşkilatçılar Rusiyanın müxtəlif şəhərlərindən, eləcə də Azərbaycan, Qazaxıstan, Belarus, Latviya, Türkiyə, İtaliya, Macarıstan və Polşadan 300-dən çox müraciət alıblar.
Azərbaycanlı təmsilçilərdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbinin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri xüsusilə seçiliblər. Yuxarı yaş qrupu üzrə fortepiano şöbəsinin VIII sinif şagirdi, beynəlxalq və respublika miqyaslı müsabiqələrin laureatı Əbdüləli Hüseynli Qran-pri mükafatına layiq görülüb. Yuxarı yaş qrupu üzrə XI sinif şagirdi, beynəlxalq və respublika müsabiqələri laureatı Çiçək Əliyeva, orta yaş qrupu üzrə VII sinif şagirdi, Prezident təqaüdçüsü Cəmil Sədizadə və VI sinif şagirdi Samirə Cəfərli isə I dərəcəli diplomla təltif olunublar.
Müsabiqənin əsas şərtlərindən biri iştirakçılar tərəfindən öz seçimləri əsasında XX əsr bəstəkarlarının akademik istiqamətdəki əsərlərinin ifası olub. Qara Qarayevin əsərlərinə xüsusi diqqət ayrılıb.
Moskva şəhər Qara Qarayev adına Uşaq musiqi məktəbinin
direktoru Andrey Leonov müsabiqə haqqında danışarkən
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın göstərdiyi dəstəyə
görə təşəkkürünü bildirib.
O, dahi Azərbaycan bəstəkarı Qara Qarayev adına
müsabiqəni hər il keçirməyi
planlaşdırdıqlarını deyib.
Mədəniyyət.- 2021.- 12 mart.-
S.5.