Tale ona
qarmonla sevilən sənətkar ömrü
yazıb
“Müəllimim
qulağım, beynim, ürəyim və barmaqlarımdır”
Tanınmış qarmon ifaçısı,
“Şöhrət” ordenli,
Xalq artisti, Prezident təqaüdçüsü
Aftandil İsrafilovun
80 yaşı tamam oldu. Sənətkarla beş il əvvəl – 75 illiyində
görüşüb müsahibə
almışdıq. Zaman
necə də bir göz qırpımında
axıb gedir...
Hələ yanvar ayında, yubileyi ərəfəsində
sənətkara zəng
edib təbriklərimizi
çatdırmışdıq. Diqqətə
görə redaksiyamıza
təşəkkür edən
Aftandil müəllim
44 günlük Vətən
müharibəsində qazandığımız
şanlı Qələbəni,
torpaqlarımızın işğaldan
azad olunmasını ən böyük bayram hesab etdiyini
dedi: “Bu böyük Qələbə münasibətilə
Ali Baş Komandana sonsuz minnətdarlığımı
bildirir, bütün xalqımızı təbrik
edirəm. Bu səbəbdən
də heç bir yubiley və
ad günü qeyd etmirəm. Sözümün əvvəli də,
axırı da vətəndir, Azərbaycandır.
Yubiley yazısını, ürəyindən
keçənləri isə
sonra yazarsan”.
Ölkəmizdə qarmonun keçmişdən
bu günə çoxsaylı ustad ifaçıları olub. Bu sənətkarlar qarmonun təkmilləşdirilməsi və
xalqın ürəyində
yer tapmasında mühüm rol oynayıblar. Aftandil İsrafilov
da qarmonda özünəməxsus ifası
ilə xalqın qəlbində taxt quran sənətkarlardandır.
Tale ona qarmonla
birgə sevilən bir sənətkar ömrü yazıb.
Özünün də vurğuladığı
kimi, keçmiş ustadların ifasından bəhrələnərək öz
yolunu, ifaçılıq
məktəbini yaradıb.
İfasındakı melodiyalar hər
zaman dinləyicilər
tərəfindən böyük
rəğbətlə qarşılanıb.
80 yaşlı sənətkar
bu gün də eyni coşqu,
eyni sevgi ilə qarmonu əlinə alır. Yenə barmaqlarının
yaratdığı ürəyəyatan
nəğmələr insanların
zövqünü oxşadıqca
oxşayır. Bəzən onun
ifalarını ekzotik
də hesab edirlər. Bu da sənətkarın improvizasiya məharətini
sübut edir. O, sevdiyi alətin imkanlarından hər zaman məharətlə istifadə edib. Müsahibələrində də bu imkanları zaman-zaman gənc ifaçılara aşılayıb, məsləhətlərini
əsirgəməyib.
Musiqişünaslar Aftandil İsrafilovun onun ifasında səslənən “Bəstənigar”
muğamını çox
yüksək dəyərləndiriblər. Həqiqətən də, dinləyicilərə
zövq verən, valeh edən, sənətkarlıq örnəyi
olan ifadır.
Aftandil İsrafilov
qarmon ifaçılığında
öz dəst-xətti
ilə həm də bu alətin
populyarlaşması, gənclər
arasında sevilməsinə
töhfə verib. Pedaqoji fəaliyyətlə
məşğul olmasa
da, bir çox
gənc onun ifasından bəhrələnib,
onun yolu ilə gedib. Təvazökar sənətkar
bu haqda deyir: “Kim mənim yanıma övladını
şagirdliyə vermək
istəyirsə, beynindən
keçir ki, Aftandil kimi sənətkar
olacaq. Mən də onlara
bəri başdan deyirəm ki, Aftandilin müəllimi olmayıb. Mənim müəllimim qulağımdır,
beynimdir, ürəyimdir,
barmaqlarımdır. Mən notun
nə olduğunu bilməmişəm. Bir də
pedaqoq olmaq başqa sənətdir.
Qarmonda təkcə Aftandil İsrafilov deyil ki, Zakir Mirzəyev
də var”.
O, bu gün qarmon
ifaçısı kimi
Azərbaycanın müasir
klassik sənətkarıdır.
Çox
sayda gözəl rəqs bəstələri
ilə özünəməxsus
qarmon ifaçılığı
məktəbi yaradıb.
Onun hər ifası bir yenilik, hər
bəstəsi uğurlu
sənət nümunəsidir.
Qarmonun ağ-qara dillərində vurduğu,
ürəyindən, ruhundan,
ilhamından süzülüb
gələn zəngin
ilmələr, çoxçalarlı
əlvan xallar bu yeniliklərin işartısı, yüksək
sənətkarlığın təsdiqidir.
Aftandil İsrafilov
mədəniyyətimizin böyük
hamisi olmuş ulu öndər Heydər Əliyevin onun sənətinə, sözün geniş mənasında, qarmon ifaçılığına böyük
diqqət yetirdiyini, yüksək qiymətləndirdiyini
xüsusi vurğuladı. Dedi ki, bütün yüksək fəxri adları ona ümummilli lider verib: “Hər kəsin öz dünyası, həyata baxışı var. Həmişə
fikirləşmişəm ki,
sənətdə olan
adamı gərək həm xalq, həm də həmkarları sevib qəbul etsinlər. Bu iki sevgi üst-üstə düşəndə
böyük sənət
meydana çıxır.
Ölkəmizi hər zaman
layiqincə təmsil etmişəm. Vətənpərvər olmalı və övladlarımızı da
bu ruhda tərbiyə etməliyik.
Mən dünyanı gəzmişəm
və həmişə
birinci şüarım
Azərbaycan olub.
Çünki bu torpağın
övladıyam, onun çörəyini yeyirəm”.
Yazını hazırladığımız gün
Aftandil müəllimlə
yenidən əlaqə
saxladıq. Televiziyaların
birində Novruz bayramı ilə bağlı çəkilişdə
olduğunu dedi, kollektivimizi və oxucularımızı qarşıdan
gələn bayram münasibətilə təbrik
etdi, bahar təravətli günlər
arzuladı.
Biz də qocaman sənətkara cansağlığı
və yeni yaradıcılıq uğurları
diləyirik.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 12 mart.-
S.5.