Ana, istəyirsən, sənə Laçın torpağı gətirim...”

 

Xudafərin körpüsünə bayraq sancan igidlərdən biri

 

Vətən müharibəsində canlarından keçərək xalqımızın qəhrəmanlıq salnaməsinə  adını yazdıran igid oğullarımızdan biriİlkin Xosrovzadədir.

 

İlkinin ailəsi Laçın rayonunun Bülövlük kəndindəndir. 1992-ci ildə ermənilər Laçın rayonunu işğal etdikdən sonra İlkinin ailəsi əvvəlcə Ağcabədidə, daha sonra isə Abşeron rayonunda məskunlaşıb.

 

İlkin Xosrovzadə 1997-ci il dekabrın 1-də Ağcabədi rayonunda anadan olub. Abşeron rayonunda yerləşən Laçın rayon şəhid Bayram Məmmədov adına Minkənd kənd tam orta məktəbini bitirdikdən sonra Bakı Biznes Universitetinə qəbul olunub. 2017-ci ildə, ikinci kursda təhsilinə fasilə verərək hərbi xidmətə yola düşür. Xidmətini başa vurduqdan sonra öz uşaqlıq arzusunun dalınca gedir, hərbçi olaraq Vətənə xidmət etməyi seçir. 2020-ci ildə Yevlaxdakı N saylı hərbi hissədə gizirlik kursuna yazılır. Kursu bitirərək kiçik gizir rütbəsi ilə Dövlət Sərhəd Xidmətində kəşfiyyatçı dəstəsində hərbi xidmətə başlayır. İyulun 12-də Tovuz döyüşlərində iştirak edir. Ayağından yaralanmasına baxmayaraq, xəstəxanada müalicə olunmaqdan imtina edir. Yarası sarıldıqdan sonra yenidən döyüşlərə qatılır.

 

Vətən müharibəsi başlayan zaman digər igid oğullarımız kimi İlkin də cəbhə xəttində yerini alır. Füzuli uğrunda döyüşlərdə iştirak edir. Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə də fəallıq göstərir. Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızı yüksəldənlərdən birio idi.

 

İlkinin son döyüşü Zəngilan rayonunda olur. Oktyabrın 23-də rayonun Mincivan qəsəbəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

 

Şəhidin qardaşı Toğrul Xosrovzadə deyir ki, İlkinlə sonuncu dəfə oktyabrın 20-də əlaqə saxlayıblar: “İlkin hər gün bizimlə danışırdı. Lakin oktyabrın 20-dən sonra əlaqəmiz kəsildi. Üç gün sonra şəhid olması xəbərini aldıq. Həmin günə qədər onun döyüşlərdə iştirak etdiyindən xəbərsiz idik...”.

 

Şəhidin atası Azay Həsənov bildirir ki, İlkinin şəhid olmasına hələ inanmaq çətindir: “O, çox sakit, mehriban idi. Məktəb vaxtlarında müəllimlərin hörmətini qazanmışdı. Universitetdə tələbə yoldaşlarından seçilirdi. Əsgərliyə qardaşı ilə bir getmək üçün ali təhsilini dayandırmışdı. İlkin kimi övladı itirmək qədər çətin olsa da, onun müqəddəs amal uğrunda canını fəda etdiyini bilirəm. Vətən sağ olsun”.

 

Anası Bəturə Həsənova İlkinlə bağlı xatirələrini bölüşür: “İlkin bir dəfə telefonda mənimlə danışanda dedi ki, ana, istəyirsən evə gələndə sənə Laçın torpağı gətirim. Söylədim ki, oğul, Laçın torpağını hardan almısan? Dedi ki, hərbçi yoldaşlarım gətirib. İlkin çox cəsur, qorxmaz oğlan idi. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Allah İlkinə və bütün şəhidlərimizə rəhmət eləsin”.

 

İndi İlkinin ruhu şaddır. Çünki düşmən qüdrətli Ordumuz qarşısında tab gətirməyərək bayraq qaldırdı. Qarabağımıza, Laçına qovuşduq. İlkinonun kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq.

 

İlkin Xosrovzadə oktyabrın 25-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ruhu şad olsun.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.6.