Nəğmə kimi
şeirlər…
Yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən, şeirləri ilə oxucu məhəbbəti qazanmış qələm sahiblərindən biri də Xalq şairi Cabir Novruzdur. Görkəmli şair lirik poeziya nümunələri ilə Azərbaycan ədəbiyyatına gözəllik bəxş edib.
Cabir Mirzəbəy oğlu Novruzov 12 mart 1933-cü ildə Xızı rayonunun Upa kəndində dünyaya göz açıb. Sonralar yaradıcılığında uşaqlıq illərinə geniş yer verən şair hər kəsi duyğulandıran poetik lövhələrində həmin dövrü belə ifadə edirdi:
Mən dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli ailədə doğulmadım,
Ən sadəcə bir insandı atam mənim,
Zərxaralı yataqlarda yatammadım,
Cabir Novruz erkən çağlardan yaradıcılığa başlayır. Səmimi duyğularla
cilalanan lirik şeirləri hələ
məktəbli ikən
maraq doğurur. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına
Bakı Pedaqoji Texnikumunda oxuyur. 1952-ci ildə Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) Jurnalistika fakültəsinə qəbul
olunur. Bir il sonra
Azərbaycan Yazıçılar
İttifaqının tövsiyəsi
ilə Moskvaya, Maksim Qorki adına
Ədəbiyyat İnstitutuna
göndərilir. Təhsilini 1957-ci ildə müvəffəqiyyətlə
başa vurur. 1958-ci ildə “Bakı”
axşam qəzetinin ədəbiyyat şöbəsində
ədəbi işçi
kimi əmək fəaliyyətinə başlayır.
İşinə məsuliyyəti, nizam-intizamı və bədii yaradıcılığı
ilə kollektivin hörmətini qazanır.
Ədəbi ictimaiyyət arasında
tanınmağa başlayan
Cabir Novruz 1967-ci ildə Yazıçılar
İttifaqının “Azərbaycan”
jurnalına baş redaktor təyin edilir. O, 1991-1993-cü illərdə
“Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsində
çalışır. Şair həmçinin
1970-1997-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqı
İdarə heyətinin
katibi olub.
Cabir Novruzun poeziya dəftərini vərəqləyərkən aydın
olur ki, o, uzunillik bədii yaradıcılığında lirikaya sadiq qalıb. Ədəbi yaradıcılığın digər forma və janrlarına müraciət
etməyib. Bunu şairin
poeziyaya sədaqətinin
örnəyi kimi dəyərləndirmək olar.
Həqiqətən də, poeziyaya,
sənətə qəlbən
bağlı olan Cabir Novruzun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq
səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri
müasir ədəbi
cərəyanların tələbləri
ilə vəhdətdə
təqdim olunur. Yüksək
mənəvi dəyərləri
tərənnüm edən
şair bununla da oxucunun marağını
cəlb etməyi bacarır. Çünki qələmə aldığı şeirlər
bədii səviyyəsi,
mövzu rəngarəngliyi
və səmimiyyətinə
görə diqqətdən
kənarda qalmır.
Müəllifin şeir dili bədii gözəlliyi və rəvanlığı
ilə könül oxşayır, misralarından
sanki həzin musiqi çağlayır. Elə buna
görə də neçə-neçə şeirinə
populyarlığını itirməyən mahnılar
bəstələnib, musiqisevərlər
tərəfindən rəğbətlə
qarşılanıb. “Məhəbbət”, “Bakının
qızları”, “Mənim
duyğularım”, “Cavanlığım”,
“Bulaq suyu, dağ havası”, “Dünya düzələn
deyil”, “Böyüməyə
tələsmə”, “Bu nə
cür məhəbbətdir”,
“Səsim səsinə
öyrəşib”, “Ömür
keçir”, “Məhəbbət
ölməyəcək”, “Gəlin
gələndə”, “Sən
oldun”, “Gecikmiş məhəbbət”, “Tənhalıq”,
“Təki sənin səsin gəlsin” və s. mahnılar tanınmış müğənnilərin
ifasında qəlblərə
xoş əhval bəxş edib.
Məlumdur ki, tələbəlik illərində yaşanan hisslər heç vaxt yaddan çıxmır. O illərin
çətinlikləri və
könül oxşayan
çağları hər
zaman bizimlə bir addımlayır. Şair tələbəliyin
manifestinə çevrilən
məşhur şeirində
ecazkar bir aləm yaradıb:
Çox-çox adi dolanan,
Dünyaya, cahana, insana,
Gələcəyə inanan,
Tələbə, tələbə, tələbə...
Cabir Novruz bənzərsiz yaradıcılığı
ilə gəncləri
vətənpərvər və
mübariz olmağa çağırır. Vətən üçün
daima narahatlıq hissi keçirən şairin poeziyası bu çağırışı
o qədər, səmimi,
həzin, yüksək
poetik dillə çatdırır ki, oxucu yorulmur, usanmır, əksinə, inanır, ümidlənir.
Yaradıcılığı, xüsusilə, gənclərdə
həyata düzgün
baxış formalaşdıran
Cabir Novruzun “Sağlığında qiymət
verin insanlara” şeiri hətta dillərdə bir zərb-məsələ çevrilib:
Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Professor Yusif Seyidov görkəmli şair haqqında yazıb: “Cabir Novruz təkcə bir sənətkar, bir şair kimi yadda qalmır. O həm də yüksək insani xüsusiyyətlərə malik olan, mənəvi saflığı ilə seçilən sadə, səmimi bir şəxs kimi, bütün varlığı ilə vətəninə, xalqın, el-obasına bağlı bir vətəndaş kimi yadda qalır”.
Cabir Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Özünü qoru, xalqım” və digər kitabları bu gün də maraqla oxunur. Şairin əsərləri bir çox dilə tərcümə olunub. Onun bədii tərcümələri isə Azərbaycan oxucusunu dünya poeziyasının dəyərli nümunələri ilə tanış edib.
Cabir Novruz həm də geniş ictimai fəaliyyət göstərib. Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərdə fəal iştirak edib, taleyüklü hadisələrə düzgün qiymət verərək vətəndaşlıq mövqeyi göstərib. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
Ədəbi-ictimai fəaliyyəti yüksək qiymətləndirilən Cabir Novruz 1979-cu ildə “Əməkdar incəsənət xadimi”, 1999-cu ildə “Xalq şairi” fəxri adlarına, Dövlət mükafatına layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü olub.
Hələ sağlığında şeirləri nəğmə olub qəlblərə dolan görkəmli şair 12 dekabr 2002-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Hazırda şairin adını daşıyan “Cabir Novruz” Mədəniyyət Fondu ədəbiyyat və mədəniyyətimizin təbliğinə öz töhfəsini verir.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 17 mart.-
S.7.