Qəhrəman şəhidlərimizin əziz xatirəsi üçün

 

44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında canlarını fəda edən igid oğulların xatirəsi əziz tutulur, adları əbədiləşdirilir.

 

Gəncə şəhərindəki Gənclər evində fəaliyyət göstərən dekorativ-tətbiqi sənət ustası Sona Məhərrəmova qəhrəman şəhidlərin portretlərini hazırlayır. O, indiyədək 21 şəhidin portretini ərsəyə gətirib və “Şanlı Qələbəmizin qəhrəmanları” adı altında sərgisini təşkil edib.

 

Zərli toz texnikası ilə hazırlanan portretlərdə qızılı rəngdən istifadə olunub. Müəllif bununla qızıl qəlbli şəhidlərimizin daxili aləmini göstərmək istəyib.

 

Sona Məhərrəmova şəhidlərimizin xatirəsini əl işlərində əbədiləşdirməklə onların Vətən qarşısında fədakarlığını gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyub.

 

Qeyd edək ki, portretlər bir ay sərgiləndikdən sonra şəhidlərin ailələrinə təqdim ediləcək.

 

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.6.