“Tək millət, tək ürək”
Martın 15-də Bakıda Azərbaycan və Türkiyə qardaşlığının nümunəsi olan “Tək millət, tək ürək” platformasının fəaliyyətə başlamasının 100-cü günü ilə əlaqədar mətbuat konfransı keçirilib.
Tədbirdə aksiyanın təşəbbüskarı, Milli Məclisin deputatı Ramil Həsən, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) İdarə heyətinin sədri Hüseyn Büyükfırat və platformanın fəaliyyətində rolu olan ziyalılar, iş adamları iştirak ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan və Türkiyə arasında tarixi qardaşlığın parlaq təntənəsi oldu. Müharibədən sonra əsası qoyulan “Tək millət, tək ürək” platforması şəhid və qazi ailələrinə dəstək məqsədilə yaradılıb. Dekabr ayında başlayan bu aksiya çərçivəsində 31 rayonda ümumilikdə 2 minə yaxın şəhid və qazi ailəsi ziyarət edilib, qardaşlıq payları çatdırılıb.
Layihənin tərkib hissəsi kimi Vətən müharibəsinin şəhid və qazi ailələrinin övladlarının Türkiyədə – Sivas Universitetində təqaüdlə təhsil almaları istiqamətdə konkret addımlar atılaraq, orada təhsil alacaq tələbələr müəyyən edilib. Türkiyə Maarif Vəqfi, Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) və Xaricdə Yaşayan Türklər və Əqrəba Topluqları Başqanlığı (YTB), habelə Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Tək millət, tək ürək” platforması çərçivəsində bundan sonra da təhsil və digər yardım kampaniyalarına dəstək göstəriləcəyinə əminlik ifadə olunub..
Şəhid və qazi ailələri övladlarının Türkiyədə təqaüdlə təhsil alması üçün bundan sonra da fəaliyyətin davam edəcəyini bildirən TÜİB İdarə heyətinin sədri Hüseyn Büyükfırat gələn il 200 tələbəyə belə imkanın yaradılacağını vurğulayıb.
Sonda layihənin həyata
keçirilməsində könüllü
olaraq aktiv iştirak edənlərə təşəkkürnamələr
təqdim edilib.
Mədəniyyət.- 2021.- 17 mart.-
S.4.