“Nəsr daha çox beyinlə
bağlıdır, hərdən ürəyi də köməyə
çağırır”
Seyran Səxavət-75
Seyran Səxavət: “12 il əvvəl demişdim ki, Qarabağ haqqında ən baş romanı Ali Baş Komandan yazmalıdır. Şükürlər olsun ki, bu fikrim reallığa çevrildi”
Sənət, ədəbiyyat, poeziya zəngin bir dünyadır. Seyran Səxavətin ədəbi irsinə nəzər saldıqca bu zəngin aləmin yazıçı qələmi ilə nə qədər böyük məhəbbətlə yaradıldığını duyursan. O, sadəcə, nasir, şair, dramaturq, tərcüməçi deyil, öz yazıları ilə insanlarda fikir formalaşdıran ziyalıdır. 75 illik yubileyi ərəfəsində Seyran Səxavətlə Yazıçılar Birliyində görüşdük.
– Seyran müəllim, ilk növbədə sizi yubileyiniz və bir qarabağlı kimi Qələbəmiz münasibətilə təbrik edirəm. Sualımı məşhur şeirinizin bir misrası ilə ifadə edirəm: 75 illik ömürdə nələr istəyirdiniz, nələr itirdiniz?
– Ümumiyyətlə, geriyə baxmaq daha asandır, nəinki irəli baxmaq. Çünki geridən keçib gəlmisən, bələdçiliyin var. İrəli baxmaq mümkün deyil. İrəli, sadəcə, gedirsən. Geriyə baxanda 75 illik bir ömür, uşaqlıq, yeniyetməlik, gənclik, orta yaş və ahıllıq. Bütün bu sadaladığım nöqtələrin arasında bir ömür, bu ömrün içində bir yaradıcılıq, yaradıcılığın içində isə insanlarla bütöv, saf, səmimi bir ünsiyyət var. Bu 75 ilin hamısı sadaladığım bu ünsiyyətə bağlıdır. Bunları bir-birindən ayrı təsəvvür etmək olar, amma yalan olar.
– Müsahibələrinizin birində deyirsiniz ki, hər insanın içində bir proqram var. “Mənim içimdə də Seyran Səxavət ssenarisi var. Allahın mənə yazdığı bu ssenarini oxuyuram. Hələ bitməyib. Mən orada baş roldayam”. Bəs baş rolun ifaçısının əsas missiyası nədir bu ömürdə?
– Taleyə qarşı heç vaxt üsyan etmək olmaz. Bu fikir redaktəyə gəlmir. Bəlkə də bu taleyi redaktə etmək olar, amma alınmaz. Bir ssenari ki çəkilmədi, onun bir qara qəpiklik dəyəri yoxdur. İnsanın min cür tərifi var. Birini deyim. İnsan mənim üçün yol deməkdir. Missiyam da bu yolu gəlmək idi.
– “Beyin duyğu materialına qarışanda nəsr yazılır” deyirsiniz. Bəs şeir nədən yaranır?
– Şeir beyinsizdir. O, ürəyin məhsuludur. Beyin deyəndə ağıl nəzərdə tutulur. Şeirə ağıl qarışanda o mütləq zədələnir, səmimiyyəti itir. Poeziya ürək materialıdır, nəsr ən çox beyinlə əlaqədardır və hərdən ürəyi də köməyə çağırır. Bəzi verilişlərdə dosta zəng olduğu kimi nəsrdə də hərdən ürəyə ehtiyac olur.
– Doğma yurdunuz Füzuli rayonu işğaldan azad edilən gün televiziyada çıxışınızda göyün yeddinci qatında olduğunuzu bildirmişdiniz. O mərtəbədə olmaq hansı hissləri yaşadır?
– Bir mənzərəni, hansısa hadisəni nəql
etmək olar. Amma bu hisslər elə bir şeydir ki,
danışılmır. Gərək insanın içindən
keçə. Göyün yeddinci qatında yaşanan hissi kiməsə
izah etmək üçün gərək mütləq həmin
adamı da özünlə ora apara biləsən. Kim bu hissi ifadə
etsə, inanmaram. Hiss tərcümə olunmayan duyğudur. Hərə
öz ömür payını, öz hiss dünyasını
yaşayır.
– “Əslində,
heç kim xalq üçün yazmır.
Xalqın boynuna minnət qoyurlar. Hər kəs özünə xidmət edir. Elə mən də. Oxucu da
kitabımı alıb oxuyubsa, özünə xidmət edib”.
Bu fikirlər də sizə məxsusdur. Bəs
bu xidmətdən ən çox faydalanan, sizcə, kim olub?
– Məncə,
“xalqa xidmət edirəm” qeyri-səmimi fikirdir. 40 il gedib toylarda oxuyur, pul qazanır, belə hesab
edir ki, xalqa xidmət edib. Əslində, sən
xalqa deyil, cibinə xidmət etmisən. Minnəti
də cibin boynuna qoymaq lazımdır. Lap
elə yazıçılar da. Son 30 ildə
çoxsaylı müsahibələr vermişəm. Bu müsahibələrin heç birində bu
mövzuda fikir deməmişəm. Mən
yazıçıyam, əsərimi yazmışam, bu mənə
hörmət gətirib və bu hörmət də mənim
özümə xidmət edib. Mən xalqa
niyə minnət qoymalıyam. “Kim daha çox
faydalanıb” məsələsində deyərdim ki,
yazıçı-oxucu arasında ünsiyyət qurulub və
bu ünsiyyət çox ali bir məqamdır.
Ünsiyyət olmasa, dünyada heç nə
olmaz. O, hər şeyin başıdır. O olmasa,
bütün qalaktika bir maket kimi görünər.
– Sizcə,
söz yazıçını haralara apara bilər?
– Söz
yazıçını o yerə qədər aparır ki,
yazıçı o yerə qədər gedə bilir. Elə bil ki, valideyn uşağın əlindən
tutub gedir və uşağın da bir yorulan vaxtı gəlir.
Yəni söz sonsuz hərəkətdə olan
bir anlamdır. Sonsuz, dayanmadan gedə bilir.
O, baxır yazıçının gücünə. Məsələn, söz mənim əlimdən tutub
cənub bölgəsinə qədər getmək istəyir.
Mən Ələtə qədər də gedə
bilərəm, yaxud Hacıqabulu da keçə bilərəm.
Adam olar, Astaraya qədər gedib çata bilər.
Bu, yazıçının istedadının mənəvi-fiziki
hazırlığından çox asılıdır.
–
“Qarabağ alınmayınca bu mövzuda yazmaq olmaz” qənaətiniz
yəqin ki, dəyişib...
– Bunun elə
bir resepti yoxdur. Əslində, aydın məsələdir
ki, Qələbədən əvvəlki dövrdə ruh
düşkünlüyü var idi. Hər
kəs bunu boynuna almasa da, bu var idi. Bəzən jurnalistlər
yazıçıları günahlandırırdılar ki,
yazıçılar Qarabağ mövzusunda az
yazır və s. Mən həyatda da, yaradıcılıqda
da, son dərəcə realist adamam. Qələbədən
əvvəlki dövrdə hamı bizi aldadırdı. O
zaman dedim ki, heç olmazsa, gəlin, özümüz
özümüzü aldatmayaq. Qarabağ
haqqında əsər yazmaq lazım deyil. Bir az istedadı olan yazıçı elə bir əsər
yazar ki, qıra-qıra gedər çıxar düz Ermənistana.
Bu romanda biz Qarabağı da, Ermənistanı
da alarıq. Bizə romanda alınan
Qarabağ lazım deyil. Düz 12 il əvvəl
demişdim ki, Qarabağ haqqında ən baş romanı Ali
Baş Komandan yazmalıdır. Şükürlər
olsun ki, bu fikrim reallığa çevrildi. Azərbaycan əsgəri onun sağ əli olmaqla bu əsəri
yazdı. Onlar bu əsərin həmmüəllifi
oldular. Hazırda bu əsərin
qabağında kimsə nəsə yazsa, maraqsız olar.
Ədəbiyyat sifariş götürmür.
Zaman da lazımdır...
– Bəs
kinoda müharibəni necə təsvir etmək
lazımdır? Reallıq, fakt, yoxsa təxəyyül?
–
Müharibə oldu, döyüşlər getdi. Biz
Qələbə çaldıq. Əsas
budur. Kinematoqraf çox böyük
imkanları olan sənətdir. Sənədli
filmlə bədii filmin fərqi var. Əgər bədii filmdən
söhbət gedirsə, faktı dəqiqləşdirməyə
ehtiyac yoxdur. İstedada, düşüncəyə
güc vermək lazımdır. Üç əsas amil
lazımdır: yaxşı ssenari, yaxşı ssenari və
yenə də yaxşı ssenari. Bunu da yazmaq
üçün yazıçılara müraciət etmək
lazımdır. Dünyanın ən
yaxşı ekran əsərləri ən yaxşı kitablar əsasında
yaranıb. Hazırda ssenarini müstəqil
bir janr kimi təqdim edirlər. Bu,
yanlış yanaşmadır. Yazıçı
həyata söykəndiyi kimi, ssenari də konkret əsərə
söykənməlidir. İsmayıl
Şıxlının “Dəli Kür” əsəri. Ssenari yazılsaydı, o effekti verərdimi? Xeyr. Gənc ssenaristlər
iddialıdır, amma ortada heç nə yoxdur. Elə seriallara baxanda görürük. Var pis seriallar və bir də ən pis seriallar.
Tamaşaçıları bu seçim
qarşısında qoyublar. Hazırlıqlı,
bütöv deyillər, yanaşma yoxdur. “Tamaşaçı
məndən bunu istəyir” fikri də düzgün deyil.
Varını verən utanmaz, düzdür.
Amma baxır sənin verdiyin nədir. Bir uşaq gözəl
qablaşdırılmış bir zəhər istəsə,
onu vermək düzgündürmü? Həmin zəhəri
verən adam nə qədər
böyük məsuliyyət daşıyırsa, bu gün eyni
fikirlə serial təqdim edənlər də cəmiyyət
qarşısında eyni məsuliyyəti daşıyır. Dövlət külli miqdarda pul ayırır ki, sən
kütlə nə istəyir onu verəsən? Dil baxımından da eyni vəziyyətdir. Cümlə qurmaq dövlət qurmaq qədər
çətindir. Efir-ekranda yüzlərlə
səhv fakt olur. Mən bu səhvlərə
xəta yox, bəla deyərdim.
– 60 illik
yubileyinizdə dostları bir yerə yığıb “Mirzə
Hüseyn segahı” oxumuşdunuz. 75 yaşda
“repertuar”da dəyişiklik edərdinizmi?
–
Muğam elə dünyadır ki, onu dəyişmək olmur. Lap 85 yaş olsa da, yenə “Segah” oxuyaram. Mənim
üçün “Mirzə Hüseyn segahı”nın
ən yaxşı ifaçısı Yaqub Məmmədov idi. “Mübərriq”də elə bir ifa göstərib ki,
muğam ifaçılığında hələ elə bir
məqam olmayıb. Muğamın tarixində “Ağ
segah” deyilən bir məqam var. Onu Yaqubdan başqa heç kim oxumayıb. “Ağ segah” “Mənsuriyyə”nin içində bir boğazdır. O, çox
böyük sənətkar idi. Muğamların
hamısı gözəldir. Bayaq
danışdığımız göyün yeddinci qatı məsələsi
burada özünü göstərir. Bu məqamda,
məncə, insan Allahın yaxınlığında olur.
Mən o qatda cəmi bir dəfə oldum –
Qarabağ işğaldan azad olunanda.
– Gənc
yazıçıları da oxuduğunuzu bilirik...
– Bax elə
bunu qeyd etməyini xahiş edirəm. Stolumun
üstündəki “Ulduz” jurnalını
görürsünüz yəqin. Siz gələndə
elə Təranə Vahidin essesini oxuyurdum. Baxın,
esseni necə işarələmişəm. Bu qız çox böyük bir
yazıçıdır. Xahiş edirəm,
bu fikrimi mütləq qeyd edəsən. Çünki
bu hadisə yazıçılar arasında bəlkə də
yeganə hadisədir. Beş il əvvəl
Təranə mənə bir kitabını hədiyyə etdi.
Bir cümlə oxudum... Bu nədir? Yanına üstəgəl işarəsi və
üç nida qoydum. Digər cümlələrə
də eləcə. Kitabı son səhifəyə kimi işarələdim.
Çox kövrək adamam. Onu
görəndə bütün qəlbimlə təbrik etdim.
Onun mənə avtoqrafla hədiyyə etdiyi kitabı yenidən
öz avtoqrafımla özünə hədiyyə elədim...
– Söhbətimizin
sonunda oxucularımıza arzularınız?
– Mən sizin qəzeti alıram və hər nömrəni də oxuyuram. Söz adamı olduğum üçün “Mədəniyyət” mənə doğma qəzetdir. İlk növbədə yubileyim münasibətilə diqqət ayırdığınıza görə təşəkkür edirəm. Qəzetinizin formatı, dizaynı, “boy-buxun”u başqalarından fərqləndiyi kimi üslubunuz, yanaşmanız da fərqlidir. Qəzetinizin “boy-buxun”u kimi səsiniz də həmişə hündürdən gəlsin. Yeri gəlmişkən, qəzetinizin də 30 illik yubileyini təbrik edirəm, öz nəslimə-kökümə, Qarabağ camaatına nə arzu edirəmsə, həmin arzunu sizin kollektivə də arzulayıram. Bütün oxucuları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Qəzetin oxucularından və kollektivindən çox balaca bir xahişim var. Həmişə qatığın rəngini dəqiq desinlər. Desinlər ki, qatıq ağdır...
Söhbətləşdi: Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 19 mart.-
S.5.