Özbəkistan portalında Məşədi
Cəmil Əmirov haqqında məqalə
Özbəkistanın “uchildiz.uz” xəbər portalında görkəmli azərbaycanlı tarzən Məşədi Cəmil Əmirov haqqında məqalə yerləşdirilib.
Məqalədə Məşədi Cəmil Əmirovun həyatı, fəaliyyəti, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri haqqında ətraflı məlumat verilir.
Qeyd edilir ki, Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada doğulub, ilk təhsilini mədrəsədə alıb, sonra musiqiyə maraq göstərib, tarzən olmaqla yanaşı, həm də xanəndə, bəstəkar və dirijor kimi tanınıb. Diqqətə çatdırılır ki, sənətkar dünya şöhrətli bəstəkar Fikrət Əmirovun atasıdır.
Bildirilir ki, Məşədi Cəmil Əmirovun musiqi müəllimi məşhur musiqiçi Mir Möhsün Nəvvab olub və Şuşada musiqi məclislərinə onu da aparıb.
Getdikcə populyarlaşan ifaçı Qarabağ bölgəsi ilə bərabər, Gəncə, Şəki, Şirvan və digər yerlərdə məclislərə dəvət olunur, sonra Gəncəyə köçür. Tarzən müxtəlif məclislərdə Malıbəyli Həmid, Musa Şuşinski, sonralar isə Bülbül və Seyid Şuşinskini müşayiət edib. O, həm də qarmon, kamança və fortepianoda məharətlə ifa edib. 1910-cu ildə Məşədi Cəmil Əmirov bir qrup musiqiçi ilə birlikdə Riqa şəhərinə dəvət olunub, “Qrammofon” firması onun ifasında bir sıra muğamı və xalq mahnısını lentə alıb. 1916-cı ildə Məşədi Cəmil Əmirov gənc xanəndə Bülbüllə birlikdə Tiflis və İrəvanda anşlaqla keçən konsertlər verir.
Məqalə Özbəkistandakı Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü
ilə musiqişünas Firudin
Şuşinskinin “Azərbaycanın xanəndələri
və musiqiçiləri” kitabı əsasında hazırlanıb.
Mədəniyyət.- 2021.- 19 mart.-
S.8.