Qarabağın ulu Novruz adətləri
Ömrümüzün təxminən otuz ili “Qoy, növbəti Novruz tonqallarımız işğal altından xilas ediləcək Qarabağda – Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında... yansın” arzusuna “İnşallah” deyib köks ötürməklə keçib. Qarabağdan diyar-diyar düşən yüz minlərlə sakin nigaran, narahat ünvanlarda ocaqlarını tüstülədib, Qarabağa qayıtmaq arzulu səmənilərini cücərdib, şirini də şor dadında yeyiblər. Darmadağın edilən yurdları, külü göyə sovrulan dam-daşları, viran qoyulan dədə-baba məzarları ilə dərdləşmək üçün gözləyiblər...
Min şükür, müzəffər Ali Baş Komandanın müsəlləh əsgərləri bizi vüsalına tamarzı qaldığımız sevgimizə qovuşdurdu. Budur, artıq Qarabağın yamyaşıl çəmənlərində, daha nazlı qoxuyan novruzgüllü yal-yamaclarında tonqallar çatılır, alovlar şahə qalxır. İlaxır çərşənbədə əzəmətli Şuşa qalasında bir Zəfər tonqalı çatıldı. Düşmənə gözdağı ocağımız və onun ətrafında dövrə vuran igidlərimizin timsalında, məncə, nəinki qarabağlılar, eləcə də bütün xalqımız Qarabağa getmiş, o tonqalın hənirində qızınmış oldu...
Çox yəqin Qarabağın torpağı kimi, adamları da bu Novruza bir ayrı köklənib, bir ayrı şövqlə hazırlaşıblar. Qədim, gözəl adətlərini, özünəməxsus rituallarını başqa əzəmətdə qeyd edəcəklər. Bu ovqata köklənmişkən Qarabağın Novruz adət-ənənələrini zaman-zaman öz araşdırmalarına köçürən tanınmış folklorşünasların qeydlərinə nəzər saldıq. Ələlxüsus da “Qarabağ: folklor da bir tarixdir” adlı çoxcildlikdə maraqlı məqamlara rast gəldik.
Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xüsusi coşqunluqla qeyd edilib. Novruza qədər çillə çıxarmaq, çərşənbələr, səməni cücərtmə, yumurta döyüşdürmə, yumurta boyama, papaqatdı, Novruz falları və s. mərasimlər bu gün də özünəməxsus şəkildə yaşadılır.
Bu mərasimlər içərisində bir növ tamaşa səviyyəsində dramaturji xəttə malik olanları da var. Bu mənada, Qarabağın mədəniyyət beşiyi olan Şuşa daim seçilib. Məsələn, Şuşada bayrama hələ bir ay qalmış çillə çıxarılar, ay ərzində gecələr çalğı-rəqslər ilə keçərmiş. Xalq köhnə ilin kəsalətindən qurtulub, təzə ilə daxil olmaqla qış çillələrindən (çilə) yaxa qurtarmağa çalışarmış. Çilləyə hazırlıq məqsədilə əvvəlcədən məhəllələrdəki böyük evlərin zalları tutulur, döşənir, iştirak edəcək şəxslərin siyahısı hazırlanır, xüsusi musiqi dəstəsi çağırılır, meyvə, şirni, şam və s. ibarət xonçalar düzülürdü. Toylardakı kimi xonçanın başında “xan” dayanır, lakin verdiyi əmrlər, cəzalar daha yüngül olurdu...
Yaranışı simvolizə edən yumurta Novruz bayramı adət-ənənələrində tez-tez sınanır və bu mənada Qarabağ bölgəsində də onunla bağlı maraqlı rituallar var.
Folklorşünaslar Qarabağ bölgəsində yumurtanın kol dibinə qoyulması adətinin məhsuldarlıqla bağlı bir ayin olduğunu, mərasim hissəsinin unudulsa da, kiçik bir detal kimi saxlandığını deyirlər. Bu, yeni ildə toyuq-cücənin bol olması istəyi ilə əlaqələndirilir. Bundan başqa, axır çərşənbədə və bayram axşamında qızlar yumurta ilə cövhəri aparıb bir çəmənliyə qoyarmışlar. Əgər o gecə şeh düşüb, yumurta cövhərə dəyib qırmızı boyanarsa, bu, niyyətin hasil olacağı anlamına gələrdi.
Novruzda Qarabağ bölgəsində bir-birinin üzərinə su tökmək adəti ilə bağlı maraqlı detallar var. Belə ki, axır çərşənbə günü hamıdan erkən oyanıb axar su üstünə gedər, əl-üzünü yuyub, təzə suya çaydan daş qoyub evə gətirər və künc-bucaqlara səpərdilər. Bu, bərəkət hesab edilirdi. Yaxud evdə olan köhnə sular atılır, qablar təzə su ilə doldurulurdu. Kim birinci su doldursa, onun bəxti açılar inancı ilə subay qızlar həmin gün erkən gedib su doldurmağa çalışarmışlar.
Novruzun mərasim kompleksində od elementi
də əsas yer tutur. Tonqal qalanması,
ocaqlarda qazan asılması, çıraq,
şamın iştirakı
ilə müxtəlif
Novruz fallarının
icrası dediklərimizi
təsdiq edər.
Folklor mətnlərində
Qarabağ bölgəsində
öncə dağların
başında tonqalların
qalandığı, daha
sonra isə ondan od
götürülərək aşağıda tonqalların
qalandığı qeyd
olunur.
Novruz bayramı
həm də Azərbaycan xalqının
zəngin süfrə
mədəniyyətindən xəbər verir. Qarabağ bölgəsinin
Novruz adətlərində
bayram günü bir evdən yeddi payın çıxması, axır
çərşənbə günü qanın tökülməməsi, başqa
sözlə desək,
heyvan, toyuq kəsilməməsi, südlüaşın
bişirilməsi faktları
da məlumdur.
Novruz bayramı
həm də gənc qızların əl qabiliyyətini nümayiş etdirmək üçün gözəl
bir vəsilədir. Qubadlı bölgəsində
qızların əl qabiliyyətini yoxlamaq üçün maraqlı
üsula əl atırdılar. Qızlar
əvvəlcədən yığışıb
bu il
kimin evində aş bişiriləcəyini
müəyyən edirdilər.
Aş üçün
lazım olan nə varsa, hər qız birini gətirir, biri isə aşı bişirərdi.
Aş yaxşı çıxarsa,
ilboyu həmin qızın adı yaxşı mənada hallanardı. Beləliklə, qızların gələcəkdə
necə gəlin olacağını nümayiş
etdirmələri üçün
imkan yaradılırdı.
Qubadlı bölgəsinin Novruz adətləri ilə tanışlıq zamanı
bir cəhət də diqqətdən qaçmır. Axır çərşənbədən
bir gün əvvəl bütün kənd əhalisi dəstə ilə Qara Kaha deyilən
yerə çöl göyərtisi yığmağa
gedərmiş. Sinəyə döşlük, kürəyə
şal bağlayıb,
nəğmə oxuya-oxuya
bənövşə, cincilim,
quzuqulağı, yemlik
yığar, mütləq
Novruz süfrəsinə
qoyardılar.
Qarabağın gözəl Novruz adətlərindən biri də bayram günü yasda olanların könlünü
xoş etmək, onlara arxa-dayaq olmaqdır. Hansı evdə yas düşübsə, birinci
ora gedər və həmin evdə aş qazanını asarmışlar.
Zəngilan rayonunda isə
bayram günü yas düşmüş ailəyə aş süzüb şirniyyatlarla
gedilirmiş.
Qarabağ bölgəsindən toplanmış
folklor örnəklərində
Novruzun ən sevilən mərasimlərindən
biri olan papaqatdının da aktual olduğu görünməkdədir. Dövr və
bölgədən asılı
olaraq, bu mərasim corab, heybə, torba, dəsmal və yaxud da papaq
vasitəsilə icra edilib.
Novruzun qədim ayinləri arasından cilddəyişmə
də var. Xocavənd sakinlərindən toplanmış
nümunədən aydın
olur ki, bayram günlərində cavan oğlanlar qadın, qızlar isə kişi
paltarı geyinib müxtəlif məzəli
hərəkətlər edirmişlər.
Qarabağın digər bölgələrində
də oğlanların
qadın paltarı geyinib evlərə girib, xonçadan istədikləri şeyi götürüb, ürəyi
istədikləri kimi davrandıqları folklor mətnlərində yer alıb. Uşaq-böyük maraq göstərib
sonda həmin şəxsin üzünü
açar və onun kimliyi aşkarlanardı.
Qarabağda Novruzla bağlı maraqlı adətlərdən biri də yelləncəklə bağlıdır. Qubadlı bölgəsinin Qaracallı kəndindən olan bir söyləyici “Yelləncək” adlanan bu adətin keçən əsrin 60-cı illərinə qədər icra olunduğunu bildirir. Belə ki, qoz ağaclarının ən hündür budaqlarından sicim asır, iki nəfər qız üz-üzə oturub ayaqlarını bir-birinin kəndirindən keçirir, bir qadın da onları yellədə-yellədə müxtəlif nəğmələr oxuyur. Kəndin bütün adamlarının – gənc-yaşlı fərq etməz – bu mərasimdə iştirakı söylənir. Hətta bəzən uzun növbələr yaşanarmış.
Sözsüz ki, Qarabağ elimiz qədimdən bəri bənzərsiz atları ilə məşhur olub. Qarabağ atlarının şöhrəti ölkəmizin hüdudlarını da aşıb. Qarabağın maraqlı Novruz adətlərindən biri atçapma idi. Bir il ərzində kimin atı var idisə, onu yaxşıca bəsləyər, Novruz bayramında öncədən müəyyən edilmiş zamanda və məkanda at yarışı keçirilərmiş...
Xalqın birliyini tərənnüm edən bu qədim bayram qoy bundan sonra da inancımızı möhkəmləndirib, ruhumuzu əbədi səadətə səsləsin...
Hazırladı: Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 19 mart.-
S.6.