Rəssamın Şuşa
həsrəti
Qrafika ustası Yaşar
Səmədovun Qarabağ ünvanlı əsərləri
haqqında...
Haqqında söz açmaq istədiyimiz qrafik əsərlər ilk növbədə xalqımızın son bir qərinəlik yaşantılarına cəlbedici və düşündürücü “bədii güzgü” tutduğuna görə hər cür təqdirə layiqdir.
Rəssam təxəyyülünün nəticəsi olan hər bir əsər yalnız görünənlərin “quru”- real təsviri çərçivəsinə sığmayanda, tamaşaçısını cəlb etməklə yanaşı, alt qatında daşıdığı, məna-məzmun yükündə hifz etdiyi hikmətin çoxmənalı tutumu ilə, onu cavabı o qədər də asan olmayan suallar məcmusuna bələyəndə zamansızlığa və məkansızlığa qovuşur. Başqa sözlə desək, onlar əsl – düşündürücü və başqalarına da maraqlı görünəcək sənət əsərlərinə çevrilirlər. Bu mənada müstəqillik dövründə ideologiyadan azad olması ilə inkişafının fərqli bədii axarına yönələn təsviri sənətimizdə yaddaqalan sənət nümunələri yaradılmışdır. Cəmiyyətimizin əvəzsiz mənəvi dəyərinə çevrilən neçə-neçə təsviri sənət əsəri tanınmış fırça ustası, respublikanın Əməkdar müəllimi Yaşar Səmədovun nəhayətsiz təxəyyülünün nəticəsidir...
Bu gün artıq arxada qalan yaradıcılıq yoluna və yaradılan müxtəlif mövzulu əsərlərə nəzər saldıqda, onun çağdaş qrafika sənətinə yeni nəfəs və forma-biçim özünəməxsusluğu gətirdiyi kifayət qədər aydın görünür. Bütün bu əsərlərdə forma-biçimlə məzmunun duyğulandırıcı vəhdət təşkil etməsi isə, qənaətimizcə, Yaşar Səmədovun etiraf olunası uğurudur...
“Hər bir sənətkar öz dövrünün aynası olmalıdır” deyimini xatırlamalı olsaq, onda deyə bilərik ki, milli, o cümlədən Qarabağla bağlı mövzuların Yaşar Səmədovun yaradıcılığının leytmotivini təşkil etməsi həm də onun vətəndaş-rəssam mövqeyini əks etdirir və onu əksər həmkarlarından fərqləndirir. Onun müxtəlif illərdə yaratdığı “Qarabağ simfoniyası”, “Şuşa harayı”, “Xarı bülbül sizi səsləyir!”, “Çinarlar yol gözləyir...”, “Xocalı faciəsi”, “El bilir ki, sən mənimsən...”, “Gövhər ağa məscidi” və s. əsərlərində ifadə olunan rəssam düşüncələrində görünənlərin mənalandırılması ilə yanaşı, təsvirin gözlənilməz - obrazlı tutum alması da heyranedicidir...
“Şuşa harayı” əsərində təbiətlə müxtəlif ovqatlı insanların vəhdətindən bədii vasitə kimi istifadə edən müəllifin, işğala məruz qalmış şəhərin və onun əhalisinin yaşantılarını dahi Üzeyir bəyin və onun obrazlarının musiqiyə bələnmiş harayı ilə qovuşdurması çox təsirli səhnənin yaranmasına səbəb olmuşdur. Bəstəkarın düşüncəli portretini şaquli formatın dominantına çevirən müəllifin üst-üstə sıralanma kompozisiya prinsipindən uğurla istifadə etməsi ilə müxtəlif məna-məzmun yükünə malik bədii ayrıntıların dinamikliyinə nail olması, cizgi incəliyinə malik qrafik lövhənin həm də düşündürücülüyünə nail olmuşdur.
Körpüyə çevrilmiş piano dillərinin, ölçüyəgəlməz harayını qırılmış simləri ilə sərgiləyən tarın, doğma şəhəri tərk etməyə məcbur olmuş köçkünlərin, dərd-qəminin nəhayətsizliyini səmaya yüksələn tüstüsündə əks etdirən qədim tikilinin Tanrıya ucalan iki əlin arasında təsviri çox yaddaqalandır...
Digər bir əsərində haqlı olaraq xalqımızın mənəviyyat beşiyinə çevrilən Şuşanın məşhur sənətkarlarını şəhərin Gövhər ağa məscidi ilə qovuşuqda təqdim edən Yaşar Səmədov, əslində, bu lövhənin bədii çağırış kimi qəbulunu şərtləndirməyə nail olmuşdur. XIX əsrin məşhur yaradıcıları – Mir Möhsün Nəvvab, Usta Qəmbər Qarabaği və Xurşudbanu Natəvanın portretlərini molbert üzərində təqdim edən müəllif, kompozisiyanı irili-xırdalı ayrıntıları ilə qoşalaşdırmaqla, onların həm də bənzərsiz sənət dünyalarını əyaniləşdirə bilmişdir. Qənaətimizcə, bu əsərlə bağlı ən maraqlı məqam onun II Qarabağ müharibəsindən (2020) xeyli əvvəl çəkilməsi və “Xarı bülbül sizi səsləyir!” adlandırılmasıdır. Əslində, əsəri Azərbaycan cəmiyyətinə ünvanlanan çağırış da hesab etmək olar. Belə ki, Şuşa torpağının rəmzinə çevrilən xarı bülbülün mənfur düşmən tapdağında qalmasından ruhları narahat olan qarabağlı sənətkarların bu xəyali çağırışı, doğrudan da, çox təsirli idi. Çox qısa zaman kəsiyində həm müəllif istəyinə, həm də narahat qəlbli sələflərimizin harayına verilən layiqli cavab və Şuşanın bədxahlardan azad edilməsi – onun əvvəlki mənəvi yüksəkliyə ucalması bu bədii vasitənin gerçəkləşməsi oldu, desək, yanılmarıq. Bunun dolayısı ilə həm də müəllifin uzaqgörənliyinin gerçəkləşməsi olduğunu etiraf etməli olsaq, onda bu əsərdə bədiiləşən həqiqət bütün mənalarda duyğulandırıcıdır...
“Çinarlar yol gözləyir...” əsərində Səttar Bəhlulzadə ənənələrini davam etdirən və təbiətdə gördüklərini “fəlsəfi mənzərə”yə çevirən Yaşar Səmədov üç “boynubükük” ağacın timsalında həsrətə bələnmiş ağrılarımıza obrazlı görkəm vermişdir. Miniatürlərdə olduğu kimi, üst-üstə sıralanma bədii prinsipinə tapınan müəllif və şaquli kompozisiyanı indiki halda qəm-qüssə rəmzinə çevrilən çinarları aşağıdan şəhid, yuxarıdan isə Şuşanın giriş qapısının təsviri ilə tamamlamaqla, itirilmiş şəhərin qaytarılacağına inam aşılayan düşündürücü əsər ərsəyə gətirə bilmişdir. Çinarların təsvirinin ifadəli görünməsində aşağı və yuxarı hissələrin tünd cizgilərlə ifadəsinin duyulası rolu olmuşdur, desək, yanılmarıq...
Rəssamın Qarabağ – Şuşa ünvanlı digər qrafik əsərlərində də mövzunun bədii-obrazlı həlli ilə qarşılaşmaq mümkündür. Onun “Qarabağ simfoniyası”, “Qarabağın payızı”, “Xurşudbanu Natəvan”, “Oxu, tar!” və s. lövhələrdə “Qafqazın konservatoriyası” kimi məşhurlaşan məkanın uzaq-yaxın keçmişi mənəvi dəyərlərin əbədiliyi-təntənəsi kontekstində bədii tutum aldığından, müxtəlif biçimli kompozisiyalar qürurverici qəbul olunurlar. Görkəmli şəxsiyyətlərin işıqlı əməlləri, ecazkarlığı birmənalı olan tikililərin və gözoxşayan təbiət motivlərinin birliyində cizgi axıcılığı və oynaqlığı ilə ifadə olunan süjetlərin zamansızlığa qovuşduğu duyulmaqdadır...
Ümumiyyətlə, bütün yaradıcılığını xalqımızın tarixi-mənəvi dəyərlərinin bədiiləşdirilməsinə həsr edən rəssamın bədii irsində gələcək nəsillərə layiqli töhfə olacaq həqiqət dolu “bədii yaddaş”lar kifayət qədərdir. Yuxarıda haqqında söz açdığımız nümunələrdən əlavə, “Bütöv Azərbaycan”, “Mirzə Ələkbər Sabirin yükü”, “Əzim Əzimzadənin satirası”, “İçərişəhər” və s. qrafik lövhələrində rəssamın onu düşündürən ən müxtəlif mövzuların bir çox hallarda çox gözlənilməz bədii təqdimatı ilə qarşılaşırıq. Bəzən dəfələrlə müraciət olunmuş mövzulara fərqli və fərdi yanaması ilə tarixin yaddaşına gömülmüş kimi görünən məsələlərin bu gün də aktual olduğunu sərgiləyir. Sabirin “Hophopnamə”sindəki həqiqətlərin və bu satirik misralara bədii görkəm verən Əzim Əzimzadə fırçasının gücünün mahiyyətini onların obrazlı tutum almış fiqurlarında çoxqatlı məzmun daşıyıcılığı ilə əyaniləşdirən rəssam, Şuşa həsrəti kimi, sələflərimizdən miras qalmış Araz “dərdi”nin də nə vaxtsa çözüləcəyinə tamaşaçısını inandırır. Odur ki, belə lövhələr təkcə cəlbedici görünməyib, həm də onu düşünməyə məcbur edir...
Tanışlıq üçün deyək ki, ixtisas təhsilini əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə, sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) alan Yaşar Səmədov həmin təhsil ocaqlarında Mikayıl Abdullayev, Oqtay Şıxəliyev, Əli Verdiyev, Cabbar Qasımov, Sabir Şıxlı, Rüfət Əsədullayev və Kamal Səmədzadə kimi tanınmış rəssamlardan sənətin sirlərini öyrənmişdir. Onun ötən əsrin yetmişinci illərindən yerli və beynəlxalq miqyaslı sərgilərdə müxtəlif janrlı rəngkarlıq və qrafika əsərləri ilə iştirak etməsini dəyərləndirməli olsaq, onda rəssamın simasında milli sənət məkanımızda gerçəkliyə özünəməxsus bədii-fəlsəfi baxışı olan yaradıcının mövcud olduğunu deyə bilərik.
Azərbaycan Rəssamlar İttifaqının və Dünya Karikaturaçılar Birliyinin üzvü olan Yaşar Səmədovun əsərləri müxtəlif ölkələrdə sərgilənməklə yanaşı, həm də yerli və beynəlxalq müsabiqələrin çoxsaylı mükafatlarına layiq görülmüşdür. Onun uzun illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində rəssam-pedaqoq kimi fəaliyyətinin yaddaqalan nəticəsi isə rəssamın respublikada tədris sahəsinin novator ruhlu mütəxəssisi kimi tanınmasıdır...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor
Mədəniyyət.- 2021.- 19 mart.-
S.7.