Səməd Vurğunun xatirəsini yad edərkən...

 

 

Xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biriXalq şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatları laureatı Səməd Vurğundur. O, mədəniyyət tariximizə XX əsr Azərbaycan ədəbiyyatının klassiki, böyük şair-dramaturq, ədəbi prosesin təşkilatçısı kimi daxil olub. Əlliillik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən şair xalqımızın dilində əzbərə çevrilən poeziya nümunələrini qələmə alıb. Bu il unudulmaz şairin anadan olmasının 115 illiyi tamam olur.

 

Səməd Vurğun yaradıcılığının pərəstişkarı kimi hər il mart ayının 21-də – böyük şairin doğum günündə Fəxri xiyabana gedərək məzarını ziyarət edirəm. Bu il şairi xatırlarkən xəyalən ötən əsrin 70-ci illərinə qayıtdım. O vaxtlar şairin ev-muzeyinin açılışı olmuşdu. Qeyd edim ki, Səməd Vurğunun Ev-Muzeyi Azərbaycanda ədib və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü və respublika Nazirlər Sovetinin müvafiq qərarı ilə yaradılan muzeyin təntənəli açılışı 6 oktyabr 1975-ci ildə oldu. Həmin vaxt “Azərbaycanda sovet ədəbiyyatı günləri” keçirilirdi. Şairin şəxsiyyətinə və poeziyasına vurğun insanlar, o cümlədən paytaxtımıza qonaq gəlmiş ədəbiyyat xadimləri axın-axın muzeyə gedirdi.

 

O vaxt Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyurdum. Bir gün tələbə yoldaşlarımdan biri ilə şairin ev-muzeyini ziyarət etmək qərarına gəldik. Muzeyə çatanda gördük ki, qapıda ucaboy bir kişi dayanıb. Astadan soruşdu ki, “siz də “ocağa” gəlmisiz?”. Dedik ki, bura Xalq şairi Səməd Vurğunun Ev-Muzeyidir. Dediyox, burapirdi, “ocaq”dı. Ziyarətə gəlmisizsə, ayaqqabılarınızı çıxardın”. Biz də ayaqqabılarımızı çıxardıb içəri keçdik. O özü də ayaqqabısını çıxartdı. Bizimlə bərabər, ayaqyalın yuxarı qalxdı.

 

Muzeyin direktoru Aybəniz Vəkilova ilə qarşılaşdıq. Soruşdu ki, nə üçün ayaqyalınsınız. Əhvalatı ona danışdıq. Biz geri qaytardı və ayaqqabılarımızı geyindik. Sonra bələdçi bizi eksponatlarla tanış etdi. Həmin ucaboy kişi isə ayaqqabısını geyinmədi. Ayaqyalın otaqları bir-bir gəzdi və eksponatlarla tanış oldu...

 

Rafiq QULİYEV

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin baş metodisti

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.6.