Şuşa dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcək
Prezident Azərbaycan mədəniyyətinin
paytaxtında başlanan bərpa və quruculuq işləri ilə tanış olub
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.
İlin əvvəlindən artıq ikinci dəfədir Şuşada olduğunu deyən dövlət başçısı martın 15-də Xocavənd rayonuna səfərdən sonra Zəfər yolu ilə buraya gəldiklərini diqqətə çatdırıb.
“Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var... Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir... Şuşa bütün mövsümlərdə gözəldir”, – deyə İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, Şuşada Vaqifin məqbərəsində bərpa işləri başlanır. Artıq işlərə start verilib: “Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verilib və yaxın gələcəkdə layihə təqdim ediləcək. Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar”.
Prezident, birinci xanım və qızları Leyla Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə gəliblər.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma kompleksin bərpa layihəsi ilə bağlı məlumat verib. Bu layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar.
Prezident 1982-ci ildə Şuşada Vaqif poeziya günləri zamanı çəkilmiş fotoları göstərərək deyib: “Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbrin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu öndər də baxır. Bu büstü də bərpa edəcəyik”.
Sonra dövlətimizin başçısı, birinci xanım və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxıblar. Tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi.
“Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”, – deyə İlham Əliyev vurğulayıb.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəliblər.
Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq.
Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid tarix-memarlıq abidəsi – karvansara kompleksini də dağıdıblar. Dövlətimizin başçısına burada görüləcək işlərlə bağlı məlumat verilib.
Şəhərdə erməni vandalizminə məruz qalan tiikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək – 1992-ci ilədək fəaliyyət göstərib.
Prezident İlham Əliyev: “Bura Şuşa şəhərinin rəsm qalereyası olub. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək”.
Şuşaya çox böyük turist axını olacaq
Dövlət başçısına “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri barədə də məlumat verilib. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Görüləcək işlər nəticəsində mehmanxanada Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq.
Dövlətimizin başçısına və birinci xanıma Şuşa şəhərində tarixi-dini abidələrin bərpası ilə bağlı görülən işlər haqqında məlumat verilib.
Prezident İlham Əliyev: “Qarabağ” hotelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə hotel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu hotel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən hotelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq”.
Prezident, birinci xanım və qızları Leyla Əliyeva Şuşa Xalça Muzeyində də olublar. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey də işğal zamanı ciddi ziyan görüb.
Şuşadakı keçmiş sanatoriya korpusundan erməni işğalçıları kiçik hotel kimi istifadə ediblər, ümumilikdə isə tikili bərbad vəziyyətdədir. İndi tikili yenidən qurulur və müasir səviyyədə hotel yaradılacaq.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına icra olunacaq layihələrlə bağlı məruzə edib. Dövlətimizin başçısı görüləcək işlərlə əlaqədar tapşırıq və göstərişlərini verib.
Prezident İlham Əliyev: “Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik hotellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu hotellər olmalıdır.
Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir”.
“Azərbaycan bayrağı burada əbədi dalğalanacaq”
Şuşa şəhərində daha bir tarixi tikili – Realnı məktəbin dağılmış binasına da baxan dövlət başçısı bildirib ki, həyata keçiriləcək işlər nəticəsində Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir: “Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də ayrılmaq istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər. Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır”.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yolüstü Şuşa rayonunun Daşaltı kəndinə gəliblər.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ərazi barədə məlumat verərək bildirib ki, Şuşanın su mənbələrindən biri buradakı Böyük Kirs dağının ətəyindədir. Dövlət başçısı Daşaltı kəndinin bərpası ilə bağlı tapşırıqlarını verib.
Prezident İlham Əliyev: “Həm sağ tərəfdə, həm də sol tərəfdə Daşaltı kəndinin gözəl mənzərəsidir. Daşaltı kəndi də işğalçılardan azad edilib. Müzəffər Ordumuz Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək Şuşaya daxil oldu. İrəlidə Böyük Kirs dağıdır. Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq”.
Mədəniyyət.- 2021.- 19 mart.-
S.1;2.