Əsrin qan yaddaşı
31.03 ... 103 il sonra
1918-ci ilin 31 martı
Azərbaycan tarixinin ən qanlı günlərindən biridir.
Həmin
gün erməni silahlı dəstələri
Bakıda misilsiz qırğın törədərək
8 minə yaxın azərbaycanlını qətlə
yetirmişdi. Şaumyanın
rəhbərlik etdiyi
Bakı Kommunasının
daşnak-bolşevik hərbi
qüvvələrinin müsəlman
azərbaycanlıların sovet
hakimiyyətinə qarşı
çıxması bəhanəsi
ilə bir gün öncə, 30 martda başlatdığı
qətliam aprelin 1-dək
davam etmiş, üç gün ərzində Bakıda və ətraf kəndlərdə 12 mindən
çox insan qətlə yetirilmişdi.
Daşnak-bolşevik qüvvələri
Təzəpir məscidini
topa tutmuş, Bakının ən möhtəşəm memarlıq
incilərindən sayılan
İsmailiyyə binasına
od vurmuş, şəhərin böyük
bir hissəsini xarabalığa çevirmişdilər.
Kütləvi qırğınlar Qarabağın
azərbaycanlı kəndlərində,
Şuşada, eləcə
də aprel-may aylarında Şamaxıda,
Qubada, Lənkəranda,
Gəncəbasarda və
başqa bölgələrdə
davam etmiş, 30 mindən çox müsəlman-türk, habelə
digər millətlərdən
olanlar ləzgilər,
talışlar, yəhudilər
(Quba), almanlar (Gəncəbasar bölgəsi)
qətlə yetirilmişdi.
70 illik sovet ideologiyasının erməni-müsəlman
davası, əks-inqilabi
qiyam kimi saxtalaşdırdığı 1918-ci ilin Mart hadisələri bolşevik-daşnak ittifaqının
xalqımıza qarşı
yeritdiyi soyqırımı
siyasəti idi. Bu qırğının
təşkilatçısı Şaumyan 13 aprel 1918-ci ildə Leninə yazırdı: Biz artıq
6 min nəfərlik silahlı
qüvvəyə malik
idik. Daşnakların
da 3-4 min nəfərlik
silahlı hissələri
var idi ki,
o da bizim sərəncamımızda idi...
Biz bu işə
şüurlu surətdə
getdik. Əgər azərbaycanlılar üstün gəlsəydi,
onda Bakı Azərbaycanın paytaxtı
elan edilə bilərdi.
Göründüyü kimi, azərbaycanlılara qarşı genosid həyata keçirən ermənilər Bakı da daxil bütün
Azərbaycanı özlərinin
ərazisi etmək əzmində idilər. Biz isə
uzun illər bu gerçəklərdən
bixəbər idik...
Halbuki hələ 1918-ci il iyulun 15-də Xalq Cümhuriyyəti hökumətinin yaratdığı
Fövqəladə Təhqiqat
Komissiyası bu qətliamlarla bağlı
çoxsaylı sənədlər,
materiallar toplamışdı.
1919-cu ildə Cümhuriyyət Parlamenti
31 martın Azərbaycanlıların
Soyqırımı Günü
kimi qeyd olunması barədə qərar qəbul etmişdi.
Dünya ictimaiyyətinə həqiqətləri
çatdırmaq üçün
Xarici İşlər
Nazirliyi nəzdində
xüsusi qurum yaradılmışdı. 1919 və 1920-ci illərdə
mart ayının 31-i iki
dəfə ümummilli
matəm günü kimi qeyd edilmişdi.
Lakin Cümhuriyyətin
süqutu bu işin başa çatmasına imkan vermədi...
Azərbaycanda 70 illik sovet tarixi
bizi gerçək tarixdən uzaq saldı. Hətta dəhşətli genosidin qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu
qəbiristanlığın üstünü betonlayaraq
Kirovun böyük heykəlini qurmuş, ətrafda istirahət parkı salmışdılar.
Və illər boyu bu parkda
istirahət edib, sovet hakimiyyətinin bizə bəxş etdiyi bəxtəvərlikdən
dəm vurarkən təsəvvür etmirdik ki, ayaqlarımızın altında nələr var.
Çünki o tarix və dəhşətlərin
üstü, sözün
bütün mənalarında,
betonlaşdırılmışdı...
1998-ci il martın
26-da Prezident Heydər
Əliyev Azərbaycanlıların
soyqırımı haqqında
fərman imzaladı. Əsrlər
boyu azərbaycanlılara
qarşı törədilmiş
soyqırımı və
deportasiya əməllərini
geniş təhlil edən və bu hadisələrə siyasi qiymət verən sənədlə
31 mart Azərbaycanlıların Soyqırımı Günü
kimi yenidən tarixdə öz yerini tapdı.
Ötən dövr ərzində
tarixi gerçəklərin,
xalqımızın iki
əsr boyu məruz qaldığı
soyqırımı və
etnik təmizləmənin
dəhşətli miqyasını
beynəlxalq aləmə
çatdırmaq üçün
xeyli iş görülüb.
Amma hələ daha çox iş görməliyik.
Çünki hələ də
tarixi gerçəklərə
qulaq tıxayan dünyanın bir çox yerlərində ermənilərin saxta tarixi ayaq açıb
gəzə bilir.
Ən əsası isə odur
ki, tarix boyu xalqımızın başına nələrin
açıldığını, çəkdiyimiz müsibətlərin
gerçək miqyas və mahiyyətini özümüz də dərindən dərk
etməliyik. Bunun üçün
isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün
xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq...
Mədəniyyət.- 2021.- 31 mart.-
S.1.