İnsanlar nağılları ömürlərində iki dəfə oxumalıdır”

 

Xalq rəssamı Arif Hüseynovun Novruz soraqlı sərgisindən təəssürat

 

Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərgi açılıb. Bu sərgi sənətsevərləri yenidən rəssamın sevimli mövzusu ilə görüşə dəvət etdi. Arif Hüseynov xalq nağıllarımız və Novruz mövzusunda rəngarəng tabloların müəllifidir.

 

Hələ bir neçə il əvvəl bu mövzuda söhbətimiz zamanı rəssam demişdi: “Əvvəllər uşaq kitablarına, nağıllara tərtibatlar verirdim. 2006-cı ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Yaponiyanın Tokio şəhərində oğlum Orxanla birgə sərgim keçirildi. Bu vaxta qədər müxtəlif illüstrasiyalar və axtarışlar edirdim. Yaponiyada gördüm ki, bu xalq öz keçmişinə hörmətlə yanaşır. Əslində elə əvvəldən də miniatürlə maraqlanırdım, amma Yaponiyaya səfərimdən sonra nağıllar seriyasında daha da həvəslə işləməyə başladım. Fikirləşdim ki, bizim Təbriz miniatür məktəbimiz var, niyə başqa “izm”lərlə işləməliyik. Beləcə, ilk işlərim Novruz adətləri ilə bağlı oldu, sonra nağıllar və s. Yeni səpkidə miniatürlər yaratmağa başladım, xalça ilmələrini qrafikaya çevirdim...”.

 

Rəssam nağıllara marağının digər səbəbini belə izah etmişdi: “Uşaq vaxtlarımda tətil zamanı Bakının Qala kəndində nənəmin yanında qalardım, onun danışdığı nağılları, adət-ənənələrimiz haqqında söhbətləri həvəslə dinləyərdim. Fikirləşirəm ki, insanlar nağılları ömürlərində iki dəfə oxumalıdırlar. Yəni bir uşaq yaşlarında, bir də mənim indiki yaşımda. Çünki bu yaşda nağılın dadı tamam başqa olur...”.

 

Arif müəllim milli ənənələrə baxışını rənglər dünyasında yaşatmağa, tarixə çevirməyə davam edir. “Novruz naxışları” sərgisində qısa söhbətimizdə də bu barədə danışdı:

 

Bir çox məqamlar var ki, mən onları axtardım və tablolara köçürdüm. Novruzla bağlı unudulan adət-ənənələr var . Sərgidə ilk dəfə nümayiş olunan əsərlər dörd çərşənbəyə həsr olunub. Hər birinə ayrı ayrılıqda müraciət etmişəm. Təsviri sənətimizdə ilk dəfədir ki, 4 çərşənbəyə ayrıca tablo yaradılıb. Böyük rəssamlarımızın əsərlərində Novruz motivləri var. Mən çalışdım sırf ənənənin özünü əks etdirim. Kosa-Keçəllə yanaşı, Novruzun bütün adət-ənənələrini yaşatmağa çalışaq. Hazırda Novruzla bağlı kitabları oxuyur, oradakı bəzi elementləri də gələcəkdə tablolara köçürməyi düşünürəm. İstəyirəm ki, gələcək nəsil üçün bu tablolar maarifləndirici vəsait kimi tarixdə qalsın.

 

 

 

– “Qulaq falı” əsəriniz diqqətimi çəkdi...

 

– Yadıma gəlir, kənddə Novruz bayramını qeyd etdiyimiz zaman nənəm deyərdi ki, ay qızlar, evdə yaxşı sözlər danışın, qulaq falına gələn olar. Bu gün zaman dəyişib. Qonşular bir-birini tanımır. Hətta liftə minəndə belə bir-birinə salam vermirlər. Kəndlərdə, regionlarda bu istilik, münasibətlər, az da olsa, qalıb.

 

 

 

– Sərginin Xalça Muzeyində təşkili də sizin üçün simvolik məna kəsb edir...

 

– Elədir. Çoxları sual verir ki, niyə məhz Xalça Muzeyi? Xalça da nağıldır, Novruz da nağıldır. Miniatür sənətimizin əsasında işlənən əsərlər, milli adətlər üçün bu muzey hazırda ən münasib məkanlardan biridir.

 

 

 

Seriyalar üzrə əsərlərinizdən burada nümayiş olunanı varmı?

 

– Bəli, aşıq sənətinə aid əsərlərimi işlədim. Bu sərgidə həmin seriyadan 5-6 əsər nümayiş olunur.

 

 

 

– Ümumilikdə neçə əsər nümayiş olunur? Tablolar sırasında nəvənizin portretləri də maraq doğurur.

 

– Sərgidə 32 əsərim təqdim olunur. Onların arasında nəvəmin portretlərinin yer almasının da tarixçəsi var. Bir yaşından bu günə kimi hər il bir portret çəkərək ona həsr edirəm. Hazırda 8 portretdir. Nə çoxlu pulum, nə də daşınmaz əmlakım var, bir növ bu üsulla nəvəm Dilbərə cehizlik hazırlayıram. Arzu edirəm ki, 18 yaşına kimi bu portretləri sıralaya bilim. Burada nümayiş olunan portretin sonuncusu pandemiyanı əks etdirir. Bu əsərləri pritça adlandırıram. Sərginin məqsədi ənənələrin yaşadılmasına xidmət edir. Natürmort da çəkə bilərdim, mənzərə də. Amma düşündüm ki, tarixi əhəmiyyət kəsb etsin, gəncliyi maarifləndirsin. İctimai fikri formalaşdırmaq mühüm amildir. Ötən əsrdə C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyli kimi şəxsiyyətlərimizin milli ideyaları ilk Cümhuriyyətimizin yaradılması ilə nəticələndi. Yəni insanları milli köklərə, milli irsə sadiqliyə səsləmək və tariximizi yaşatmaq başlıca məqsəd olmalıdır.

 

 

 

Xalça timsallı rəsmlər

 

 

 

Arif müəllimlə sağollaşıb sərgini izləməyə davam edirik. Sərgidə rəssamın Novruz adət-ənənələrini və motivlərini əks etdirən “Nərd oyunu”, “Şahlıq quşu”, “Göyçək Fatma”, “Yumurta döyüşü”, “Kəndirbazlar” və s. əsərləri yer alır. Xalqımızın qədim bayramı olan Novruzun Arif Hüseynov yaradıcılığında parlaq şəkildə əks olunması təsadüfi deyil. Bu əziz bayramımız tarixən maneələrlə rastlaşsa da, onu xalqın genetik yaddaşından silə bilməyib. Arif Hüseynov bayramonun rituallarını əks etdirən lövhələri ilə ilk dəfə 1968-ci ildə çalışdığı “Göyərçin” jurnalında dərc olunub. Bununla da o, uşaqların da bayramın bir parçası olduğunu vurğulamış, onlara anladıqları dillə milli ənənələrimizi aşılmağa çalışmışdı.

 

Sərgilənən əsərlərdə baharın gəlişi, təbiətin oyanışının təsviri ilə yanaşı, miniatür sənətimizin tarixini, kompozisiyalara fərqli baxışları görürük. Əsərlərdə bir-birindən maraqlı süjetlər harmonik şəkildə əlaqələndirilib. Burada rəssamın, sözün həqiqi mənasında, “Novruz nağılları” yaratdığının şahidi oluruq. Novruz motivli əsərlərdə miniatür üslubun modern tərzdə interpretasiyası yüksək sənətkarlıq keyfiyyəti ilə səciyyələnir. Kiçik dairəvi nöqtələr və minlərlə xırda cizgilər – bu, Arif Hüseynova xas olan orijinal dəst-xətdir. Sıralanmış tablolar bizi sanki nağıllar dünyasına aparır: qırmızıya boyanmış milli memarlıq nümunələri, bahar çiçəklərinə qərq olan mifik obrazlar, təbiətin al-əlvan cazibədarlığı...

 

Nağıllara, dastanlara, aşıq yaradıcılığına, Novruz bayramına həsr olunmuş hər bir rəngkarlıq tablosunda rəssamın fantaziyası diqqəti özünə yönəldə bilir. Sanki bu əsərlər ornamental motivlərlə zəngin xalça kimi toxunub. Bütün bu zənginliyi aprelin 16-dək davam edəcək sərgidə izləmək mümkündür.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.4.