Müharibə və soyqırımı
cinayətləri beynəlxalq hüquq
kontekstində
Martın 29-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşkilatçılığı ilə “Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində” mövzusunda dəyirmi masa təşkil olunub.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev tədbirin 1918-ci ilin Mart soyqırımı qurbanlarının xatirəsini yad etmək və ermənilər tərəfindən xalqımıza qarşı törədilən cinayətləri bir daha diqqətə çatdırmaq məqsədilə təşkil edildiyini deyib.
İcma sədri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi kontekstində Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə törədilən cinayətlər hər kəsə məlumdur. Bu cinayətləri bütün dünya görüb, bilir və müəyyən beynəlxalq siyasi qiymət verilib. Amma biz bunun beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsini istəyirik.
Tural Gəncəliyev erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə Xocalıda törədilən faciədən bəhs edərək deyib: “Xocalı qətliamı insanlığa qarşı törədilən ən dəhşətli cinayətlərdən biridir. Dövlət siyasəti terrora xidmət etmək olan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə fərdi cinayət prinsipi əsasında qiymət verilməlidir. Onlar beynəlxalq hüquq qarşısında öz əməllərinə görə layiqli cavablarını alacaqlar”.
Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Nizami Səfərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan çıxışlarında Ermənistan tərəfindən ölkəmizə qarşı müxtəlif səviyyələrdə cinayətlərin törədildiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ermənilər uzun illər ərzində Azərbaycan xalqına qarşı həm insanlıq əleyhinə, həm də müharibə cinayətləri törədiblər. Deputat qeyd edib ki, sülh tərəfdarı olan Azərbaycan münaqişənin qan tökülmədən həllinə çalışsa da, qarşı tərəfin günahı səbəbindən bu reallaşmadı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İndi əsas məsələ kompensasiya, yəni bizə vurulan ziyanın ödənilməsidir.
Azərbaycana qarşı ikili standartlar siyasətinin yürüdüldüyünü bildirən deputat diqqətə çatdırıb ki, 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb və 2002-ci il iyulun 1-də onun qanunları qüvvəyə minib. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərə müharibəyə qədər və ya müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, işgəncələr, siyasi, irqi və ya dini səbəblərə görə təqibetmələr aiddir. Xalq olaraq biz bunların əksəriyyətini görmüşük. Beynəlxalq Cinayət Məhkəməsi iddia edir ki, Xocalı faciəsi onun təsis edilməsindən əvvəl törədildiyi üçün Nizamnaməyə əsasən, o, bu faciəni törədənləri cəzalandırmaq imkanına malik deyil. Bu, ikili standartlardan başqa bir şey deyil.
“Azərbaycan hər zaman beynəlxalq hüquq normaları çərçivəsində siyasət yürüdür. Azərbaycan dövlət və ölkə olaraq ermənilərin bizə qarşı törətdiyi cinayətlərə hüquqi qiymət verilməsini tələb edir. Ermənistan terrorçu siyasət yürüdür və o, cəzasız qalmamalıdır. İnanırıq ki, Azərbaycana dəymiş ziyan ödəniləcək və xalqımıza qarşı cinayət, faciə törədənlər cəzalarını alacaqlar”, – deyə Nizami Səfərov bildirib.
Fərdi cinayət məsələsinə də toxunan deputat ölkəmizin vətəndaşlarına zərər verənlərin Azərbaycanın qanunları çərçivəsində cəzalandırılmasının mümkünlüyünü qeyd edib.
Sonra çıxış edən Milli Məclisin deputatları Vüqar İskəndərov və Nigar Arpadarai Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində mülki əhaliyə, dini və mədəniyyət abidələrimizə qarşı törədilən cinayət əməllərindən danışıblar.
Mədəniyyət.- 2021.- 31 mart.-
S.2.