Yaxın Şərqi ifadə etmiş İFA

 

 

Bunu Muğamın Cabbar Qaryağdıoğlu MƏQAMı kimi də ifadə etmək mümkün...

 

Bu MƏQAM düz yetmiş bir il canlı yaşanıb və hələlik ondan bir qədər çoxdur da ki, efir-ekranlarda yaşanmaqda...

 

Hələ on üç yaşı tamamlanmamış dillərə düşüb bu növbəti “Şuşa Möcüzəsi”! Ecazkar nəfəsi, bəni-adəm “cəh-cəh”lərilə ifaçılıq sənətimizə dünyəvi “bəh-bəh”lər yağdırıb.

 

Qeyri-adi vokal ustalığına məşhur akademiklər, bəstəkarlar heyran qalıb, Şalyapin “Əfsanəvi Şərqin möcüzəvi Səsi”, Yesenin “Şərq musiqisinin peyğəmbəri”, bir italyan səyyah “arıq bir boğazda yüzbir cür səs!” – deyə təzim ediblər bu Səs qarşısında...

 

Camaat deyərmiş; “Yerdə bəşərilərə löyün-löyün dad yaşadan, göydə uçarılara qanad saxladan Cabbar!...”.

 

Dövrün “millət ataları” da yüksək qiymətləndirib bu Səs oğlu SƏSi. Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında Stalinin “Bəs, Qafqazın qoca qartalı hanı” sualını eşidən təşkilatçılar 15 saata C.Qaryağdıoğlunu Moskvada “hazır!” ediblər və bir neçə gün sonra “dahi rəhbər” onun “Şərəf nişanı” ordenilə təltif edilməsi barədə fərman imzalayıb. Yerli “ellər atası” – M.C.Bağırov isə bu “Zər kişi”ni tez-tez nərd oynamağa dəvət etdirərmiş...

 

Bütün Şərq arealı mütəxəssislərinin fikirlərini ümumiləşdirmiş olsaq; yaşadığı dövrdə “vokal sənəti və dinləyici” tandemi məsələsində Cabbar Qaryağdıoğlu ilə müqayisə ediləsi ikinci bir müğənni yoxmuş. Adı “dünya vokalının yalnız və yalnız ən görkəmlilərilə yanaşı çəkilən bu sənətkar”ın çox güclü dramatik-tenor səsi həm də son dərəcə lirik-minor ruhu ilə seçilib. Lakin lent yaddaşlarındakı “antik nümunələr” şəhadət verir ki, mentallıqca, əsasən, ağrı-ağlaşma, mərsiyə-təziyə sədaları altında doğulmuş bu virtuoz sənətkar major muğamların, təsnif və mahnıların da mahir ifaçısı olub...

 

Bu fenomen öz unikal sənətkarlığı, dövrün “ən yüksək oktava” sahibliyi səbəbilə Avropanı belə heyrətə gətirərək özünü Varşavaya “apardıb” (1906), səsini qrammofon valına yazdırmış ilk azərbaycanlı xanəndə olub. Sədası İran şahının, Osmanlı sultanının açıq və “qapalı” məclislərindən gəlib...

 

Bir az da –

 

 

 

Özümüzünkülərdən

 

 

 

1913-cü ildə Tiflisdən Bakı milyonçusu Ş.Əsədullayevin qızının toyuna dəvət alıb, məclisi əzəldən axıra məftunluqda saxlayan və bax elə bu yazı qəhrəmanımızı hədsiz sevinc, həzz-feyzdən ağlatdıraraq, onun “aləmdə məşhur” qavalını özünə bağışlatdıran Seyid Şuşinski: “Cabbar oxuyanda, elə bil, qüvvətli bir dağ çayı daşaraq aləmi selə-suya bürüyüb qabağına qatırdı! Şükür ki, mən o seldən salamat çıxa bildim...”.

 

Ayrı-ayrı söhbət, xatirə və yazılarında bu “yoxuşlar sənətkarı”nın yetmiş ilin hər birində bir zirvə fəth etdiyindən, fövqəladə istedad və füsunkar sənət ədaları ilə “musiqi tariximizin qızıl dövrünü yaratmasından”, səhnələrdəki ötərgi sükutu, oturuş-duruşu, adicə qaval vuruşuyla belə bənzərsiz sənət dramatizmindən bəhs etmiş Fikrət Əmirov: “Cabbar Qaryağdıoğlu xalq musiqisinin həm də düşünən beyni idi”.

 

Saysız dostları içərisində ən yaxını Qurban Pirimov: “Mən hələ sənətini bu cür istəyən adam görməmişəm. O, beşini oxumaq üçün yüzünə qulaq asardı. Çox mütaliə edər, məcun sözlər seçərdi. İfa etdikləri həm əxlaqi, həm bitmiş-bişmiş olardı. Ağzını heç vaxt yüngüllüyə açmazdı, mərifətli, daim mənalı sözləri göyərdərdi. Deyərdi, xalis sənətkar camaatın başını qatmaz, mərifətini artırar”.

 

Süleyman Ələsgərov: “Dünya vokal məktəbi tarixində heç bir müğənni 70 il oxumamışdır. Qaryağdıoğlu 83 yaşına kimi ancaq tarın “do” kökündə oxumuşdur. Bu isə ifaçılıq aləmində ağlagəlməz cəsarət, məharət və möcüzədir”.

 

Qızı Şəhla xanımın xatirələrindən isə, ən azı, Ustadın füsunkar “Rast”ının” “Üşşaq”ı qədərincə:

 

“Ailədə 8 uşaq olmuşuq; 6 bacı, 2 qardaş. Mən anadan olanda “Cabbar əmi” (biz də hamı kimi onu belə çağırırdıq) məni Şuşaya aparıb, İsa bulağında suya salıb, evə gətirəndə deyib ki, həə, bu uşaq da oldu tərtəmiz şuşalı!...

 

Səsini göz bəbəyi kimi qoruyardı. “Səs də Allah vergisidir” deyərdi. Muğamlara canından can verirdi.

 

Mülayimdən də mülayim idi atam. Bizi dünyalar qədər istəyirdi. Ən çətin, hirsli məqamlarında da anama qarşı çox diqqətli idi! Anamın özündən eşitdiyim “ilk əhvalat”: Atam İçərişəhərdə ikimərtəbəli bir ev kirayələyibmiş. Bir səhər aynadan həyətə baxarkən bir qızın ağaclara su verdiyini görür və pəncərə ağzındakı koldan bir gül dərib yerə atır. Qız yuxarı baxanda atam bir könüldən min könülə vurulur. Demə, ev sahibinin qızıymış. Sabahısı dostlarını elçi göndərir və...

 

...Günlərin birində də Üzeyir bəy atamı çağırıb deyir ki, ekspedisiyalarda neçə-neçə el-ağız nəğmələri toplamısan, Konservatoriyada nə qədər mahnılar oxumusan, zümzümələrinlə 30-dan çox mahnı nota köçürülüb. Bir sözlə, sənə on min manat zəhməthaqqı yazılıb. Get, kassadan götür. Cabbar əmi isə deyir, mən bu mahnıları nə özümçün yığıb-toplamışam, nə də pul üçün. Hamısını bu xəzinənin öz sahibi üçün – xalq üçün etmişəm!...

 

Xalqdan topladığı 500-dək mahnı içərisində öz yazdıqları (“Gülə-gülə”, “Bağçadan gələn səs”, “Bu gələn yara bənzər”, “Sona xanım”, “İrəvanda xal qalmadı”, “Xumar oldum”, “Qalada yatmış idim” və s.) az deyil və onlardan bircəsi haqda: “Ay dərya kənarında bir ev tikmişəm”.

 

Hə, kirayədə yaşadığı günlərin birində pəncərədən atdığı bir gülə qanrılıb baxan 15 yaşlı (özündən 30 yaş kiçik) bir qıza vurulan, elçisinə “evi olmayana qız yoxdur” deyilən, tezliklə tikdirdiyi (üçmərtəbəli, 20 otaqlı) imarətin hər mərtəbəsi hazır olanda sevincindən bir muğam dəsgahı oxuyan Cabbar əmi ev tam hazır olanda qoşub bu mahnını.

 

Xan Şuşinski: “1933-cü ilin payızında məni Bakıda konsert verməyə dəvət etdilər. Opera teatrında böyük “Şərq konserti” idi. Hamı oxuduqdan sonra dedilər: “Heyratı”, oxuyurlar: Cabbar Qaryağdıoğlu və Xan Şuşinski”. Pərdə açıldı. Cabbar əmi oturdu Qurban Pirimovun sağında, mənsə onun solunda. Cabbar əminin vardı 72 yaşı, mənim 32. Hə, Qurban mizrabı tarın pərdəsindən götürməmiş Cabbarın ciknəsi salonu bürüdü. Elə bil top atıldı! Boynuma alım ki, 20 ilə yaxın xanəndəlik etdiyimə baxmayaraq, bu sənətkarın qarşısında həmişə özümü itirirdim. Nəysə, özümü ələ alıb, başladım. Cabbar əmi keçdi “Heyratı”nın zilinə – “Üzzal” pərdəsinə. Çaşıb qaldım. Bu, muğamat tarixində görünməmiş bir görəcək idi! Birdən dayanıb mənə ayaq verdi. Mənsə onun vurduğu xalları iti zəngulələrlə eynilə təkrar edib, tarın son pərdəsindən iki pərdə də aşağı endim. Salonu alqış bürüdü. Zaldan çıxanda Qurban dedi, ay Cabbar əmi, bu uşağı niyə elə çətinliyə saldın, qayıtdı ki, Qurban, qəsdən elədim, imtahana çəkdim. Sonra da sağ əlini kürəyimə çəkib dedi: “Halal olsun sənə çəkdiyimiz zəhmət!”.

 

Və... bu təkrarsız Səs və Şan-şöhrət sahibindən, “Ümumxalq Əmi”sindən bugünkü “qardaşoğlu”-“bacıoğlu” xanəndələrə –

 

 

 

“Segahi” nümunələr…

 

 

 

“Bir gün bir neçə yoldaşla dükanda oturub söhbət edirdik. Bir uşaq gəlib dedi ki, Rəsul əmi, bu axşam Carçı Məşədi Daşdəmirin toyudu, sən də dəvətlisən. Cabbar Qaryağdıoğlu oxuyacaq. O, bunu deyib, götürüldü, bizsə biləmmədik bu nə toydu; Məşədi Daşdəmirin toy-nişan yaşıdımı?! Oğuldan-qızdan da bir züriyyəti yox... Nəysə, “Cabbar xəbəri” hamımızın ürəyindən oldu. Axşam dükanı həmişəkindən tez bağlayıb, getdik. Yüzə qədər qonaq vardı, Cabbar da öz dəstəsilə məclisin yuxarı başında. Toyun “padşahı” Kərbalayı Şükür deyəndə ki, camaat, Məşədi Daşdəmirin toyuna xoş gəlibsiz, hamı gülüşdü. Vəziyyəti belə görən Cabbar söhbətə qarışdı:

 

– Camaat, bildiyiniz kimi, Məşədi Daşdəmir xalqın xeyir-şərində çox çalışıb. İndi isə qocalıb. Bu məclisi bu halal kişiyə kömək məqsədilə düzəldib, sizi dəvət etmişik...

 

Mən Cabbarı çox dinləmişdim. Amma o məclisdəki ürəyilə oxuduğunu görməmişdim. Məclisdə əyləşən tacir və sənətkarlar pulu miz üstünə yarpaq kimi tökdülər. Məclisin axırında Cabbar Məşədi Daşdəmiri çağırıb dedi bu pulun hamısı sənindi, Məşədi, indiyədək el yolunda elədiyin əməllər qədər halalın olsun!”.

 

O, belə xeyirxahlıqları bütün ömrü uzunu davam etdirib. Məsələn, yaratdıgı “üçlük”lə Varşavadan qayıdarkən (1912) Moskvada təşkil edilən “Şərq konsertləri”ndən yığılan pulu Rusiyada konservatoriya tələbəsi Üzeyir Hacıbəylinin təhsil ehtiyaclarına ödətdirib. Konsert afişalarının çoxusunda: ”Bakı şəhərində yaşayan yoxsul müsəlmanların xeyrinə”, “Yoxsul müsəlman tələbələrin xeyrinə” və s.

 

Şəxsi mülkü ötən əsr əvvəllərinin məşəqqətlərini yaşayan milli Azərbaycan ziyalıları (M.Ə.Sabir, M.Hadi, Ə.Nəzmi, Ə.Qəmküsar) üçün “arxayın söhbət”, “isti xörək” ocağı olub.

 

Deyərmişlər; Cabbar oxuyanda adamın başqa heç nəyə həvəsi qalmır...

 

Bu “qalmır” kəlməsi onun büsbütün müəllifi olduğu bir mahnısını xatırlatdı mənə. O mahnının adı isə mübahisəli: “İrəvanda –

 

 

 

“Xal” qalmadı, ya “xan”?

 

 

 

1974-cü ildə – bu azman muğam Ustadının vəfatının 30-cu ildönümündə tələbə yoldaşlarımla Filarmoniya bağından keçərkən qulağım bir dəstə sənət adamının söhbətindən bu sözləri çaldı:

 

– Cabbar əmi uzun illər bu xalqın əsl toy-büsat dövranı olub...

 

– Əşi, nəinki toy-büsat, həm də, bir-birindən geri qalmayan Nikolay-Lenin-Stalin dövrlərinin ictimai ovqatı, mənəvi məlhəmi, ürək qutu da olub!

 

Onlardan bir-iki stol aralıda “əyri oturub, düz danışan” iki qoca isə “İrəvanda xal qalmadı, ya xan?” mövzusunda qızğın “debat”da. Ərz edirdilər ki, bu mahnını Cabbar əmi İrəvanın toy məclislərinin birində binələyib. Belə ki, qız atası sərpayı ilə xanəndəyə bir qızıl onluq göndərib buyurur ki, bu qəşəng “bəy tərifi”nin ardınca bir gözəl “gəlin tərifi” də eləsin. “Köhnə kişilər” onun iltimasına gülsələr də, Cabbar əmi madar qız atasının xətrinə dəymək istəmir. Amma bir şərtlə; gərək gəlini məclisə gətirsinlər ki, o da, nişanələrinə baxıb söz qoşa bilsin. Belə də olur. Cabbar əmi gəlinin boy-buxununa baxıb, hərəkətlərini izlərkən baxışları üzündəki qoşa xalda ilişib qalır və tarzən Qurban Pirimova him edir ki, bəs, “gəl dalımca”. Haman mahnının məram-məğzi isə bu olur ki, yəqin, bu qoşa xala, bu ecazkar gözəlliyə görə bu mahalda necə bir qırğın düşüb ki, daha bəy-xan qalmayıb...

 

Belə deyilsə, onda, əcəba, bəyəm o gəlin İrəvan boyda böyük bir mahalın xallarını yığıb “üzünə düzdürüb”müşmü?

 

Deməli, nə? Heç nə, “xan” deyiləcəyi halda “Yerevan” İrəvan olaraq anıla bilər. Və... ovaxtlar sovetlər “bəy-xan” ifadələrindən, xanəndələr sovetlərdən xoflanandığından “xan” “xal” kimi oxunmağa başlanır...

 

 

 

“Səsilə çıraq söndürən” –

 

 

 

bu azmanın uşaqlıq çağlarından.

 

Bu vergi-Səs 31 mart 1861-ci ildə bəxşi-barat edilib. “Harada” sualına ehtiyac yox; belə bir ilahi səs harada doğula bilərdi? Əlbəttə, “Qafqazın təbii konservatoriyası”nda – Şuşada!...

 

Həmin “konservatoriya”nın məşhur “Seyidli” məhəlləsində cilvələnən bu Səsin boyaqçı atası Cabbarı da öz davamçısı etmək istəyirmiş. Özü də “öldü var, döndü yox” qətiyyətilə. Lakin bir rus həkimi ilə məxficə sövdələşən bu uşaq (gələcəkdə başqa bir rusun təbirilə – “Şərq musiqisinin peyğəmbəri”i) canını boyaqçılıqdan qurtarır. Belə ki, həkimin tapşırığı ilə Cabbar özünü xəstəliyə vurur; yemir, içmir, gündən-günə sınıxır və bir gün bu ata o məşhur “doxdur”dan belə bir söz eşidir: “Oğlun vərəm xəstəliyinə tutulub. Əsəbləşdirsəniz, hər hansı istəyi əleyhinə getsəniz, xəstəliyi şiddətlənər, uşağı məhv edər”. Bununla da ata onun xanəndəliyinə rüsxət verir.

 

Nə yaxşı ki, belə olur. Yoxsa, əsrlərin ən böyük xanəndəsi hansısa növbəti bir boyaqçı dükanında “özüyçün bala-bala deyən” həvəskarlardan biri də ola bilərdi...

 

Cisminə qəni-qəni rəhmət, Səsinə dünya durduqca güllü-güllü məhəbbət...

 

Nə xoş ki, bir qərinədir gedə bilmədiyimiz Şuşada Cabbarın Ruh Səsi ilə rastlaşacağıq...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.5.