Aşıq sənətinin nizamnaməsini
yaratmış ustad
Dədə Ələsgərin 200 illiyinə
həsr olunmuş “Göyçədən
türk dünyasına” mövzusunda
videokonfrans
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar bir tarixdir. İl ərzində yubiley silsilə tədbirlərlə qeyd olunacaq.
Martın 29-da keçirilən “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans bu qəbildən ilk böyük tədbir sayıla bilər.
Videokonfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.
Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açaraq tədbir iştirakçılarını salamladı. Bildirdi ki, konfransın “Göyçədən türk dünyasına” adlandırılması təsadüfi deyil. Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır: “Aşıq Ələsgərin həyat və yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox mənalar baxımından da qiymətlidir, vacibdir. Ona görə ki, Göyçə bu gün siyasi coğrafiyamıza aid olmasa da, mədəniyyət coğrafiyamıza aiddir”.
Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgər yaradıcılığının bütün türk dünyası üçün önəmli olduğunu vurğuladı. Qeyd etdi ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik saz-söz sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixində sərəncam imzalayıb. Sərəncama əsasən, ustad sənətkarın yubileyi geniş şəkildə qeyd olunacaq. Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanır.
Aşıq Ələsgər yaradıcılığının dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirən nazir dedi ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd edilmişdi. Tarixi Azərbaycan torpağı olan Göyçə mahalında Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmış, Azərbaycan Elmlər Akademiyası tərəfindən əsərləri iki cilddə nəşr olunmuşdu. Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. 2009-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunub: “Aşıq Ələsgərin yaradıcılığı Vətənə və onun təbiətinə vurğunluq, cəhalətə, sosial ədalətsizliyə qarşı etiraz, məhəbbətə, dostluğa, sədaqətə, halal zəhmətə, düzlüyə çağırış və dini inanclarımıza sayğıdan ibarətdir. Müasirləri ona xalqın sözçüsü və haqq aşığı kimi baxıblar. Təsadüfi deyil ki, 1937-ci ildə Aşıq Ələsgərin şeirlərini çapa hazırlayan folklorşünas Hümmət Əlizadə onun zəngin bədii irsini məhz xalqın dilindən toplayaraq sistemləşdirib. Öz zəngin və mənalı yaradıcılığı ilə ustad aşıq bu gün də bizimlədir”.
Nazir çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi, konfransın işinə uğurlar arzuladı.
***
Sonra videokonfrans
şair-publisist Əkbər
Qoşalının moderatorluğu
ilə davam etdi.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Aşıq
Ələsgərin sözü
və sazı ilə Göyçə mahalından başlayaraq türk dünyası xalqlarının genetik yaddaşına həkk olunduğunu vurğuladı.
Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli Aşıq
Ələsgəri türk
dünyasında aşıq
ədəbiyyatını zirvələrə
qaldırmış qüdrətli
ustad kimi xarakterizə etdi: “O, ustadlıq baxımından
digər aşıqlardan
fərqlənirdi. Digər sənətkarlar
sazı, sözü, rəqsi, ifa mədəniyyətini özlərində
birləşdirirdilərsə, Aşıq Ələsgər
aşıq ədəbiyyatının
nizamnaməsini yaratmış
ölməz sənətkardır”.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar Aşıq Ələsgəri bu ulu sənətin ən yüksək zirvəsi adlandırdı. Bildirdi ki,
onun irsi aşıq yaradıcılığının
bütün janrlarına
böyük təsir göstərib.
TÜRKSOY-un
Baş katibi Düsen Kaseinov dedi ki, türk
dünyasının görkəmli
yaradıcı şəxsiyyətlərinin
yubileyləri qurum tərəfindən mütəmadi
olaraq qeyd edilir. İl ərzində TÜRKSOY Aşıq Ələsgərin
200 illiyi ilə bağlı da müxtəlif layihələr
həyata keçirəcək.
Azərbaycan Aşıqlar Birliyinin
sədri, Əməkdar
elm xadimi, professor Məhərrəm
Qasımlı Aşıq
Ələsgərin ucalığını
təkcə sənətkarlıqla
yaratdığı gözəl
qoşma və gəraylılarına, təcnis,
divani və müxəmməslərinə görə
deyil, həm də öz insani keyfiyyətləri ilə qazandığını
vurğuladı. Bildirdi ki,
Aşıqlar Birliyi dövlət başçısının
müvafiq sərəncamına
əsasən, qüdrətli
söz ustadının
yubileyi ilə bağlı silsilə tədbirlər keçirməyi
planlaşdırır. Yubiley ilində sənətkarın
əsərlərinin elmi
nəşrinin də hazırlanması gündəmdədir.
Beynəlxalq Türk Akademiyasının
prezidenti, professor Darxan Kıdıralı Aşıq Ələsgər
irsinin təbliği istiqamətində tədbirlərin
təkcə Azərbaycanda
deyil, bütün türk dünyası səviyyəsində təşkilinin
vacibliyini vurğuladı.
Konfransda
çıxış edən
Azərbaycan Qaçqınlar
Cəmiyyətinin sədri,
millət vəkili Əziz Ələkbərli,
Azərbaycan Dövlət
Pedaqoji Universiteti Quba filialının direktoru Yusif Alı Afşar, “Dədə Ələsgər
Ocağı” İctimai
Birliyi Təşkilat komitəsinin sədri Xətai Ələsgərli,
“Regional Hüquqi və
İqtisadi Maarifləndirmə”
İB-nin sədri Arzu Bağırova, türkiyəli şair, yazıçı, tərcüməçi
İmdat Avşar ustadlar ustadının aşıq yaradıcılığının
inkişafında xidmətlərindən
söz açdılar.
Daha sonra videokonfransda məruzələr
dinlənildi. Filologiya üzrə fəlsəfə
doktoru, ozan Fəxrəddin Salim “Aşıq Ələsgər
irfan şairi kimi: yaradıcılığında
Azərbaycan sufizminin ifadəsi”, ADPU-nun baş müəllimi Fərzalı
Rüstəmli “Aşıq
Ələsgər yaradıcılığında
gözəlliklərin tərənnümü”
mövzusunda məruzə
etdilər.
Aşıq Bəhmən Göyçəli
Dədə Ələsgərin
“Yaylaq”, aşıq Samirə isə “Gözələ” şeirləri
üstündə saz havaları ifa etdilər.
Tədbirin sonunda Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayeva
və “Dədə Ələsgər Ocağı”
İB Təşkilat komitəsinin
sədri Xətai Ələsgərli videokonfransın
təşkilatçılarına təşəkkürlərini bildirdilər.
N.MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 31 mart.-
S.1;3.