Macarıstan səfirliyindən Milli Kitabxanaya təklif

 

Kiril qrafikasında olan macar ədəbiyyatının latın qrafikasına çevrilməsi

 

Martın 30-da Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi və səfirliyin mədəniyyət və təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Milli Kitabxanasında olub.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan, beynəlxalq kitabinformasiya mübadiləsindən danışıb. Direktor qonaqlara Milli Kitabxana barədə məlumat verib, pandemiya şəraitində oxuculara göstərilən onlayn xidmətlərdən söz açıb. Bildirib ki, pandemiya dövründə Milli Kitabxananın virtual oxucularının (istifadəçi-ziyarətçi) sayı 2 milyondan artıq olub.

 

Kitabxananın “Beynəlxalq əməkdaşlıq zalı” barədə bəhs edən Kərim Tahirov zalda 13 ölkəyə dair ədəbiyyat kolleksiyalarından ibarət daimi guşələrin təşkil olunduğunu bildirib. O, sözügedən zalda gələcəkdə macar ədəbiyyatına dair daimi guşənin olması arzusunu dilə gətirib, eyni zamanda Azərbaycana dair belə bir guşənin Macarıstan Milli Kitabxanasında da təşkil olunmasının əhəmiyyətini qeyd edib.

 

Səfir Viktor Sederkenyi çıxış edərək Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu bildirib. O, iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı beynəlxalq kitab mübadiləsinin əhəmiyyəti və gələcək əməkdaşlıq barədə danışıb. Diplomat öz növbəsində Macarıstan Milli Kitabxanasında Azərbaycana dair ədəbiyyatların əhatə olunduğu elektron kataloqun yaradılması və eləcə də Azərbaycan Milli Kitabxanasında macar ədəbiyyatı ilə bağlı elektron kataloqun yaradılmasını təklif edib.

 

Macarıstan səfirliyinin ikinci katibi Mihay Qruber Azərbaycan Milli Kitabxanasının fondunda kiril qrafikasında olan macar ədəbiyyatı nümunələrinin latın qrafikasına çevrilməsini təklif edib. Kərim Tahirov həmin ədəbiyyatların siyahısını hazırlayıb səfirliyə təqdim edəcəklərini bildirib, həmçinin Macarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycanla bağlı ədəbiyyatın da siyahısının tərtib olunmasında köməklik göstərilməsini xahiş edib.

 

Görüşdə eyni zamanda Azərbaycan və Macarıstan milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair 2012-ci ildə imzalanmış və gələn il müddəti başa çatan memorandumun yeni layihəsinə dair təkliflərin hazırlanaraq təqdim olunması barədə də razılığa gəlinib.

 

Sonda səfir Viktor Sederkenyi XX əsr macar ədəbiyyatının nümayəndəsi, məşhur şair  Mikloş RadnotininBir dəli yağış” kitabını Milli Kitabxananın fonduna hədiyyə edib. Kərim Tahirov isə “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilisrus dillərində), “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını və “Azərbaycan filmləri” kompakt diskini qonaqlara bağışlayıb.

 

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.2.