“İrəvan xanlığının
bölgə mətbəxi” İsveçdəki Nobel muzeyində
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan “İrəvan xanlığının bölgə mətbəxi” kitabı İstanbulda nəşr olunub. Çoxillik tədqiqatların məhsulu olan kitab istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinə həsr edilib.
Türkiyə, Fransa və digər ölkələrin mediasında haqqında xəbərlər yer alan kitab hazırda İsveçin Karlskuqa şəhərindəki Alfred Nobel muzeyində (Alfred Nobels Bjorkborn in Karlskoga, Sweden) sərgilənir.
Bu barədə kitabın layihə rəhbəri, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli məlumat verib.
Onun sözlərinə görə, kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Tədqiqat işlərindən aydın olur ki, 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası “erməni yeməklərini bərpa etmək” məqsədilə Göyçə və Zəngəzur mahallarında azərbaycanlıların yaşadıqları kənd və qəsəbələrdən toplanılan materiallar əsasında “Àðìÿíñêàÿ êóëèíàðèÿ” adlı kitab nəşr etdirib.
Lakin “İrəvan xanlığının bölgə mətbəxi” kitabını vərəqlədikcə məlum olur ki, ermənilərin milli mətbəximizə aid olan nümunələri özününküləşdirmək cəhdlərinə baxmayaraq, orada yer alan yeməklərin, ərzağın, meyvə-tərəvəzin adları (boranı, əriştə, xəşil, küftə, dolma, qovurma, bozartma, çığırtma, xaşlama, kətə, lavaş, gögüplov, odplov və s.) Azərbaycan dilindədir.
Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək və içki adları və onların hazırlanması qaydaları verilir.
Kitabın özəlliklərindən biri də İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin – Sərdar sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş, sonralar məhv edilmiş digər memarlıq abidələri haqqında fotosənədlərin nəşrdə yer almasıdır.
Qeyd edək ki,
“İrəvan xanlığının bölgə mətbəxi”
kitabının təqdimatı Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə onlayn formatda
keçirilib. Pandemiyadan
sonra kitabın Avropa
ölkələrində təqdimatı planlaşdırılır.
Mədəniyyət.- 2021.- 31 mart.-
S.8.