Rəssam gözü
ilə çəkilən kino
Peşəkar rəssamların daxili dünyalarını, dünyagörüşlərini əks etdirən əsərləri özlərindən çox yaşayır desək, yanılmarıq. Kino rəssamlarının fantaziya və təfəkkürlərinin məhsulu isə onlara ikiqat əbədiyyət bəxş edir. Azərbaycan kinosunda 20-yə yaxın bədii, bir neçə sənədli filmdə quruluşçu rəssam kimi çalışan, ekran əsərlərinin ideya-bədii fikrini tamamlayan böyük istedad sahibi, Əməkdar rəssam Cəbrayıl Əzimovun məhsuldar yaradıcılığı da Azərbaycan kinosunun inkişafında xüsusi rol oynayıb. Quruluş verdiyi rəsmlər kino istehsalı prosesində kadrların obrazlı həllini tapmasına, kinematoqrafik görüntünün təkmilləşməsinə xidmət edib. Sənətkarın anadan olmasının 95-ci ildönümündə zəngin yaradıcılığına, mənalı həyat yoluna bir daha nəzər salaraq, xatirəsini ehtiramla yad edirik.
Uğura doğru
1926-cı ildə Bakıda, neftçi ailəsində dünyaya göz açan Cəbrayıl Əlimuxtar oğlu Əzimov rəssamlığa hələ uşaq yaşlarından həvəs göstərib. Həssas qəlbli, dərin düşüncəli yeniyetmənin sənətə olan fərdi münasibəti və sevgisi onu 1941-ci ildə (7-ci sinfi bitirdikdən sonra) Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. Burada oxuduğu müddətdə kitablara illüstrasiyalar çəkib, rəssamlıq sənətinin sirlərinə dərindən bələd olub.
Bacarıqlı rəssam kimi püxtələşən gənc istedad bacarığını uşaqlıqdan vurulduğu kinoya həsr etməyi qət edib. 1947-ci ildə Moskvaya gedərək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Filmin təsvir-dekorasiya tərtibatı fakültəsinə daxil olub. Burada sovet kinosunun görkəmli rəssamları Fyodor Boqorodskinin, Yuri Pimenovun sənət təcrübəsindən bəhrələnib, kino rəssamlığının incəliklərini öyrənib. Tələbəlik illərində rəngkarlıq əsərləri ilə bir sıra sərgilərdə iştirak edib, müvəffəqiyyət qazanıb. İnstitutu bitirərkən tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin eyniadlı əsəri əsasında çəkdiyi “Döyüşən şəhər” tablosunu diplom işi kimi komissiyaya təqdim edib, əla qiymətə layiq görülüb.
1953-cü ildə vətənə qayıdaraq “Bakı” kinostudiyasında rəssam kimi fəaliyyətə başlayıb. İstedadını çalışdığı filmlərdə, fərqli yaradıcılığında təsdiqləyib. “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “İnsan məskən salır” və digər ekran əsərlərində mövzuya uyğun tərtib etdiyi natura və dekorasiya çəkilişləri filmlərin ideya-bədii həllini tapmasında mühüm rol oynayıb. Cəbrayıl Əzimovun ilk yaradıcılıq işi olan “Doğma xalqımıza” (rəssam Elbəy Rzaquliyev və A. Freydlə birgə) rəngli bədii-sənədli filmi rəssamın potensial zənginliyini təsdiqləyib, növbəti filmlərə dəvət almasına zəmin yaradıb. Çalışdığı filmlərdəki bədii tərtibatın yüksək səviyyədə təşkili ekran kompozisiyasının tamlığını təmin edib. Onun eskizləri əsasında qurulmuş dekorasiyalar, düzgün seçilmiş (natura çəkilişləri üçün) məkanlar rejissorların ideyasını dolğun, əhatəli təsvir edərək ekran əsərlərini baxımlı edib.
Müxtəlif dövr və məkana aid olan tərtibatı ekran əsərinin ideyasına uyğun dəqiq müəyyənləşdirən rəssamın filmlərdə geyim rəssamı kimi fəaliyyəti də diqqətçəkəndir. Məsələn, “Əmək və qızılgül” filmində istər filmin qəhrəmanlarının, istərsə də məşhur çeçen rəqqası Mahmud Esambayevin (Mahmud) səhnə üçün tikilmiş əlbəsələri mühit və fikir ölçülərini təsdiqləyir. Real kadrlar ictimai baxışın ekranda baş verənlərə münasibətini dəqiqləşdirir, kinonun həyat üçün vacibliyini bir daha təsdiqləyir.
Sevgi ilə xatırlanmaq
Cəbrayıl Əzimovun quruluş verdiyi “Sehrli xalat” nağıl-filminin dekorasiya çəkilişləri nəinki respublika, hətta keçmiş ümumittifaq məkanı tamaşaçılarının böyük marağına səbəb olmuşdu. Filmdə uşaq rollarından birini, Eldar obrazını canlandıran Əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun xatirələri Cəbrayıl Əzimovun portretini qiyabi də olsa, göz önündə canlandırır: “Sehrli xalat” filmində gördüyümüz kosmik gəminin, xan sarayının, uşaqların gələcəyə səyahət edərkən kəşf etdikləri məkanların təsvirini, həmçinin ay səthi üzərini əks etdirən digər müxtəlif dekorasiyalar Cəbrayıl Əzimovun tərtibatında (Məmməd Hüseynovla birgə) böyük ustalıqla qurulmuşdu. Həmin vaxtlar yeniyetmə olduğumuzdan, iştirak etdiyimiz və bu gün də əfsanəyə çevrilən məşhur filmin yaradıcılarının əməyinin böyüklüyünü o qədər də dərk etmirdik. Filmdə çəkildiyimə, çəkilişlərin canlı şahidi olduğuma görə tez-tez mənə müraciət edir, xanın, həmçinin pionerlərin bəzədiyi sarayın harada yerləşdiyini soruşurlar. Mən insanları inandıra bilmirəm ki, həmin saray kinostudiyanın pavilyonunda qurulmuş dekorasiyalardır. Bu özü də Cəbrayıl Əzimovun peşəkar rəssam olduğunu bir daha təsdiqləyir.
Cəbrayıl Əzimov çox məsuliyyətli, işini sevən insan idi. Onu həmişə çəkiliş meydançasında görürdük. Çox sakit və daxili mədəniyyətə malik bir insan idi. Amma səhhətində problem vardı, epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bir gün yenə faner və kartondan düzəldilmiş dekorasiyaların vəziyyəti ilə tanış olmaq üçün çəkiliş meydançasına gələndə səhhəti pisləşdi. Əlisəttar müəllim tez özünü yetirib, tibb işçiləri gələnə qədər ilk tibbi yardım göstərdi və bir anın içində hardansa əldə etdiyi qaşıqla onun dilinin qatlanmasına mane oldu.
Onu da qeyd edim ki, filmin rejissoru Əlisəttar Atakişiyev özü də peşəkar rəssam idi. Hər rəssamın işi onu qane etmirdi. Ancaq Cəbrayıl Əzimovun fikirləri, təklifləri ilə razılaşır, işini bəyənirdi. Yadımdadır ki, Əlisəttar müəllim rəssam işinə müdaxilə etməzdi. Yalnız bir dəfə Rəşid və İo Kio üçün tikilmiş xalatların üzərinə (sehrli xalat təsiri bağışlasın deyə) fırça ilə balıq rəsmləri və digər ornamentlər çəkdi. Cəbrayıl Əzimov böyük sənətkar idi. Mən onu həmişə hörmət və sevgi ilə xatırlayıram”.
Uğurlu quruluşlar
Filmin uğur qazanmasında yaradıcı heyətin düzgün seçilməsi şərtdir. Bu baxımdan ədəbi əsərlərin mövzuya uyğun tərtibatda ekranlaşdırılmasında kino rəssamlarının əməyi böyükdür. Cəbrayıl Əzimovun uğurlu rəssam quruluşlarını, maraqlı yaradıcılıq taktikasını və şəxsi keyfiyyətlərini 60-a yaxın sənədli, bir neçə bədii filmdə operator kimi çalışan, “Qanun naminə” filmində onunla birgə işləyən Fəramiz Məmmədovun (filmin quruluşçu operatoru Əlihüseyn Hüseynov olub) bələdçiliyi ilə kəşf edəcəyik:
“Cəbrayıl Əzimovun kinodakı işi mürəkkəbliyinə, möhtəşəmliyinə, xarakteri isə mülayimliyinə görə seçilirdi. Biz operatorlar mizan qurarkən kameranın obyektivindən kadrın necə görünməsinə, (işimizə müdaxilə olunmasın deyə) kiminsə baxmasına icazə vermirdik. Cəbrayıl Əzimovu görəndə isə özümüz ona kadrın quruluşuna baxmağı təklif edirdik.
Səliqəli, zövqlə geyinən, sakit, təmkinli, azdanışan adam idi. İnsanları dinləməyi sevirdi. Əsasən natura çəkəndə elə ağıllı təkliflər verirdi ki, rejissorlar onunla razılaşırdı. Mübahisə etməyi qətiyyən sevmirdi. Çəkiliş üçün yer seçməyə gedəndə kompozisiya quruluşunda bəzən uyğunsuzluq olurdu. Belə olan halda rejissorun fikrini dinləyir, başını aşağı salıb razılaşır, bir müddət sonra növbəti təkliflərini verirdi.
“Qanun naminə” filminin natura çəkilişlərini onun təklifinə əsasən müxtəlif yerlərdə və bölgələrdə apardıq. Əlavələr lazım olduqda isə (Cəbrayıl Əzimovun göstərişinə əsasən) həmin kadra uyğunlaşdırılmış dəqiq kompozisiyalarda rir-proyeksiyada (kombinə olunmuş çəkilişlər) canlı fon yaradaraq quraşdırılmış səhnələrdən istifadə etdik.
Məsələn, Kamilovun Ariflə maşındakı dialoqunu Qusar rayonunda olan taxıl zəmilərinin yaxınlığındakı yolda çəkdik. Mehmanın Kamilovla maşındakı növbəti dialoqunu isə kinostudiyanın pavilyonunda, arxa fonda canlandırdığımız rir-proyeksiyada lentə aldıq. Cəbrayıl müəllim kompozisiyanı çox dəqiqliklə qurur, məkanı ustalıqla seçirdi. Toy səhnəsini Gəncənin 8 km-də olan günəbaxan plantasiyasının yanında çəkdik. Mehmanın Ariflə Salamatovun yaşadığı kəndə getdiyi məkanı (meşə, dağ səhnələrini) Qusarda lentə aldıq. Balakən rayonu ərazisindəki Katexçay şəlaləsini də natura təsvirlərinin bir hissəsi olaraq həmin səhnəyə əlavə etdik. Filmdə istifadə olunan maşınlar kinostudiyadan gətirildi. Züleyxanın saat üzərində qaçdığı səhnəni əks etdirən kadr üçün diametri 1 metr yarım ölçüdə olan saatı kinostudiyanın pavilyonunda hazırladıq və ikiqat təsvir görüntüsü ilə də quraşdırılma səhnə kimi kadra əlavə etdik. Kəndin teatr fəallarını əks etdirən (teatr zalı dekorasiyası) kadrları kinostudiyanın pavilyonunda çəkdik. Mehmanın Ariflə dalaşdığı səhnəni Bakının Pirəkəşkül qəsəbəsində olan qəbiristanlıqda, bəzi hissələri isə Şamaxıda çəkdik. Mehmanın meşədə quldur dəstəsi tərəfindən öldürüldüyü səhnəni isə Hacıkənddə lentə aldıq. Cəbrayıl müəllim işinə o qədər dəqiqliklə yanaşırdı ki, qəbiristanlıq səhnəsini qurarkən hətta qəbir daşları üstünə butafordan baş daşı düzəldir, fon çəkilişi üçün dekor qururdu. Filmdə geyim rəssamı olmasa belə geyimlərə düzəliş edir, dekorator işçilərinə də köməklik göstərirdi”.
İşini sevən adam
Fəramiz müəllim sənət dostunun müsbət xüsusiyyətləri haqqında söhbətinə onu da əlavə etdi ki, Cəbrayıl Əzimov işini həddən artıq sevən adam idi. Çəkiliş zamanı həmkarlarının haqlı mövqeyini hər zaman dəstəkləyirdi. Buna görə də hamı onu sevirdi: “Qanun naminə” filmində Qaloşun ibadət etdiyi səhnədə Mehmanı diqqətdə saxladığı kadrları Bakının Zığ kəndində çəkdik. Həmin səhnəyə quruluş verərkən kadr dinamik olsun deyə, həm də Mehmanı oynayan Bimbolat Vatayev boy-buxunlu, idmançı cüssəli olduğu üçün Cəbrayıl müəllim təklif etdi ki, həyətdə turnik düzəldilsin. Mehman idman edərkən Qaloş da ibadətini etsin. Bu kadr xarakterlərin açılmasına da kömək edəcəkdi. Onda təklif etdim ki, kameranı tərsinə çevirim, əl çəkilişi ilə Bimbolat Vatayevin idman etdiyi kadrı hərəkətli lentə alım. Quruluşçu rejissor Muxtar Dadaşov əlimin əsəcəyindən, kadrın korlanmasından ehtiyat edərək təklifimi qəbul etmək istəmirdi. Həmin vaxt Cəbrayıl Əzimov məni dəstəkləyərək, “Fəramiz haqlıdır, dinamik çəkiliş səssiz kadrın məzmununu daha ifadəli və maraqlı edəcək” dedi. Bundan sonra Muxtar müəllim sözügedən çəkilişi etməyimə razılıq verdi. Nəticədə də həmin epizod filmin maraqlı kadrlarından biri kimi qəbul olundu. Bir sözlə, Cəbrayıl Əzimovun sənətkar və insan kimi üstünlükləri çox idi”.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2021.- 5 may.-
S.7.