“Nizami və musiqi” mövzusunda növbəti
elmi konfrans
Mayın 5-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda “Nizami və musiqi” mövzusunda elmi konfrans keçirildi. Dahi şairin 880 illik yubileyinə həsr edilən tədbir Bəstəkarlar İttifaqının “Nizami Gəncəvi İli” çərçivəsində təşkil etdiyi ikinci belə tədbir idi.
Elmi konfransı ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova giriş sözü ilə açaraq tədbirin əhəmiyyəti və mövzunun aktuallığından danışdı. Qeyd etdi ki, dahi şairin yaradıcılığı daim bəstəkarların maraq dairəsində olub. Buna görə də indiyə qədər bu istiqamətdə xeyli musiqi əsərləri yaranıb. Nizami poeziyasının təsiri ilə bir çox bəstəkarlar şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələyib. Sözsüz ki, bu ənənə, bu gün olduğu kimi, gələcəkdə də davam edəcək.
Sonra mövzu ilə bağlı Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın “Azərbaycan musiqişünaslıq elmində dahi Nizamiyə həsr olunmuş əsərlər (kitablar, monoqrafiyalar və elmi məqalələr)”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Nəsirovanın “Boris Asafyevin “Slavyan gözəli” operasının yaranma tarixi”, sənətşünaslıq üzrə fəlsəfə doktorları Bənövşə Rzayevanın “Nizami dövrünün “Rəhab” dəsgahı bəstəkar yaradıcılığında”, Həbibə Məmmədovanın “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami poeziyası”, Aytən Babayevanın “Soltan Hacıbəyovun “İsgəndər və çoban” operası” və musiqişünas Nərgiz Qulamovanın “Nizami mövzusu Tofiq Bakıxanovun yaradıcılığında (“Xeyir və Şər” baleti) mövzularında məruzələr dinlənildi.
S.FƏRƏCOV
Mədəniyyət.- 2021.- 7 may.-
S.2.