Qahirədə Azərbaycan rəssamlarının “Xarı bülbül” sərgisi

 

Misirin paytaxtındakı Opera Evində yerləşən Salah Tahir qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Xarı bülbül” adlı sərgi açılıb.

 

Azərbaycanın Misirdəki Səfirliyi və Qahirə Opera Evinin birgə təşkil etdikləri sərgidə ölkəmizin füsunkar təbiəti, paytaxt Bakının mənzərələri və xalqımızın tarixi ənənələrini əks etdirən tablolar nümayiş etdirilib.

 

Mərasimdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Qazaxıstan, Özbəkistan və Belarusun bu ölkədəki diplomatları, Misirin incəsənət xadimləri, Qahirədə yaşayan azərbaycanlılar iştirak ediblər.

 

Rəssamlar Məmməd Mustafayev, Tural Rzayev, Emin Ələkbərov, Əlihüseyn Rzayev, Qəyyur Yunus, Altay Hacıyev, Arif Əzizov, Elxan Tahirov, Nağdəli Xəlilov, Sandi Səlim və Əfsanə Əliyevanın müxtəlif janrlarda çəkdikləri  əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olub.

 

Sərgi mayın 8-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 7 may.- S.2.