Aşıq Ələsgər poeziyası
haqqında düşüncələr
Mayın 5-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib. “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı onlayn tədbirə, respublikamızın ayrı-ayrı bölgələrini təmsil edən aşıqlarla yanaşı, Borçalıdan və Təbrizdən də aşıqlar qatılıb.
Tədbiri kitabxananın əməkdaşı Xalidə Musayeva açaraq iştirakçıları salamlayıb. Sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlıya verilib.
Məhərrəm Qasımlı Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncam imzalamasını bütövlükdə aşıq sənətinə dövlətin qayğısı kimi dəyərləndirib. Dədə Ələsgərin həm aşıq, həm də böyük söz ustadı kimi Azərbaycan mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi xidmətlərini qeyd edən AAB sədri ustad sənətkarın təkcə respublikamızda deyil, aşıq sənətinin geniş yayıldığı qonşu ölkələrdə də məşhur olduğunu və yaradıcılığına hər zaman müraciət edildiyini xüsusi vurğulayıb. AAB sədri ümidvar olduğunu bildirib ki, pandemiya ilə əlaqədar karantin qadağalarının aradan qalxmasından sonra yubiley tədbirləri daha geniş şəkildə mədəniyyət ocaqlarında keçiriləcək.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, AAB-nin sədr müavini Altay Məmmədli Aşıq Ələsgər yaradıcılığından söz açıblar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov “Aşıq Ələsgər yaradıcılığı və musiqi” mövzulu məruzəsində Qəmbər Hüseynli, Hacı Xanməmmədov, Səid Rüstəmov və başqa bəstəkarların söz ustadının şeirlərinə yazdıqları mahnılar haqqında məlumat verib.
Aşıqlardan Şaiq İncəli, Şahniyar Əliyev, Xanlar Xəlilov, Rahib Alxanov, Xavər Hüseynova, Afil Bəxtiyarov, eyni zamanda Təbrizdən Cəfər Xakipur və İsa Qaraxanlı, Borçalıdan Nargilə Mehdiyeva Dədə Ələsgərin sözlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.
Videokonfrans kitabxananın “İnstagram” səhifəsində canlı yayımlanıb.
Mədəniyyət.- 2021.- 7 may.-
S.4.