Bakı ədəbi mühitinin romantik şairi
Ötən əsrin birinci yarısında Bakı ədəbi mühitinin yetirmələri arasında
diqqətçəkən ədiblərdən
biri də Mirzə Ağadadaş Müniri olub. Şair uzun
müddət “mürtəce
romantizm”in nümayəndəsi
kimi təqdim edildiyindən diqqətdən
kənarda qalıb.
Mirzə Ağadadaş Müniri
1863-cü ildə Bakının
Hövsan kəndində
anadan olub. Yeddi yaşında
atası vəfat edir. Çətinliklərə rəğmən anası onun təhsil almasına çalışır. Ağadadaş ilk olaraq mədrəsədə
təhsil alır.
Erkən
çağlardan poeziyaya
maraq göstərir.
“Müniri” (işıqlı)
təxəllüsü ilə
şeirlər yazır.
Onun 15 yaşında qələmə
aldığı “Tərcümeyi-hali-Ağadadaş
Müniri” şeiri daha çox maraq doğurur. Şeirdən Ağadadaşın atasının zəhmətkeş
bir insan, anasının məhəllə
dərzisi olduğu məlum olur. Eyni zamanda onun
rəssamlıqla da məşğul olmasına
da şeirdə işarə vurulur:
Əslimiz olmuş əhli-Hövsandan,
Gəmi zəhmətkeşi olubdur
atam.
Alıb
illik maaş
üç onluq,
Güzaran etmişik oniylə müdam.
Qərqi-bəhri Xəzər olub
atamız,
İxtisarən, məni oxutdu anam.
Yeddillik
yetim on beşə tək,
Eylədim sevdigim ülumi tamam.
Anam oldu məhəlləyə
dərzi,
Özüm oldum çocuqlara
rəssam...
Ağadadaş Müniri qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində şeirlər
yazıb. Görkəmli şair Seyid Əzim Şirvani “Bakı şairlərinin tərifi” şeirində Münirinin də adını çəkməsi
və qiymətləndirməsi
onun şöhrətinin
artıq daha geniş mühitdə tanınmasından xəbər
verirdi:
Təbi
Müniri şəmsü
qəmərdən münirdir,
Baxdıqca şeirinə gözə nuri-bəsər gəlir.
Müniri müasirləri arasında
istedadlı şair kimi dəyərləndirilib. Tədqiqatçı
Sona Xəyal şairin fəaliyyət göstərdiyi mühit haqqında yazır: “Həmin dövrdə Azərbaycanın bir çox bölgələrində
ədəbi məclislər
fəaliyyət göstərirdi.
Ağadadaş Müniri
“Məcməüş-şüəra”nın
o taylı-bu taylı Azərbaycanda tanınan və sevilən ən fəal üzvləri olan Mirzə Əbdülxalıq
Yusif, Mirzə Əbdülxalıq Cənnəti,
Mikayıl Seydi, Seyyid Zərgər, Mirmahmud Nuri və başqaları ilə səmimi dostluq əlaqələri saxlamışdır ki, onun mənzum məktubları, xoş günlərində şair
dostlarına yazdığı
təbriknamələr, habelə
dost ölümünə yazdığı
mərsiyələr bunu
sübut edir”.
Araşdırmalardan bəlli olur ki, şairin
əsərləri mətbuatda
çox az
hallarda dərc edilib. Şeirləri əsasən “Dirilik”
jurnalında, 1917-ci ildə
isə “Türkcə qəzəllər” kitabında
işıq üzü
görüb. Sovet dövründə
bir neçə qəzəli “Ədəbi
parçalar” kitabında
verilib. Şair, ədəbiyyatşünas və
tərcüməçi Cəfər
Rəmzinin tərtib etdiyi “Deyilən söz yadigardır” (1987) kitabında şairin “Əlində”, “Olmayan yerdə”, “Özgədir”,
“Xali”, “Sevər” rədifli və “Gəh salıb rüsxari-zülfün, gəh
açıb zülfün
tamam”, “Elm etdi rövşən, ey dil, Avropanı”, “Könül quşin edüb, ol şüxi-canşikar
şikar” mətləli
qəzəlləri, eləcə
də “Tərcümeyi-hali-Ağadadaş
Müniri” adlı şeiri verilib.
A.Müniri müraciət etdiyi
mövzularda klassik dil, ifadə vasitələrindən sənətkarlıqla
istifadə edib:
Bilindi səltənəti-mur, dövləti-zənbur,
Büsati-mülki-Süleyman bilinmədi, qaldı.
Oxundu Xosrovü Şirin hekayəti kəmü biş,
Vəleyk məxəzi-ünvan bilinmədi,
qaldı.
Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev yazır ki, A.Münirinin ən məşhur əsərlərindən biri “Ənar” qəsidəsidir. Şair əsəri klassik şeir şəklində və əruzun rəməl bəhrində qələmə alıb. Qəsidənin səciyyəvi xüsusiyyəti hər bir misranın cümlə şəklində olması və beytin ümumi məzmun çərçivəsi daxilində fikir bitkinliyinin ifadə edilməsidir. Əsərdə İmam Əlinin və Həzrət Fatimənin ailəsində baş vermiş bir hadisə bədii tərənnümünü tapıb...
A.Münirinin yaradıcılığında romantik poeziya ilə səsləşən əsərləri də var. Bu şeirlərində xalqın tərəqqisi üçün məktəb və təhsilin vacibliyini göstərib. Avropa ölkələrinin inkişafında bu amillərin həlledici olduğunu diqqətə çatdırıb:
Mövhumə allanıb dil, cəhl oldu əqlə qalib,
Əfkarımız pozuldu, məqsədlər oldu fani.
Varü yoxu itirdik təhsili-kimiyadə,
Elm ilə hasil etdi Avropa kimiyani...
Şairin
“Türk” rədifli şeiri milli poeziyada türk adını, onun qəhrəmanlığını tərənnüm edən
ilk şeirlərdəndir:
Gəldi livayi-səltənətilə cahanə
türk.
Verdi nişan hilalı
qaşın asimanə
türk.
Etdi rəvaqi-noh fələki səltənətnişin,
Əsgərligə nücumi çəkib mahiranə türk.
Qeyd edək ki, 1926-cı ildə şairin “Bahar ağlayışı” kitabı çap olunub. Mirzə Ağadadaş Müniri 1940-cı ildə, 77 yaşında vəfat edib, Buzovna kəndində dəfn olunub. 2018-ci ildə AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən “Mirzə Ağadadaş Müniri. Əsərləri” kitabı çapdan çıxıb.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 7 may.-
S.6.