Can Azərbaycan” müsabiqəsinin qalibləri

 

Ən yaxşı qrafikaakvarel əsərlərinin müəlliflərini siz də tanıyın

 

Azərbaycan qrafika sənətinin təşəkkülü bir çox amillərlə sıx bağlı olub. Bu sənətin inkişafında, rəssamların yaradıcılıq axtarışlarının təşviq edilməsində müxtəlif müsabiqələrin də mühüm rolu var. Belə layihələrdən biri Vətən müharibəsində Qələbəmiz münasibətilə qrafikaakvarel ustaları arasında elan edilən və bu günlərdə yekunlaşanCan Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsidir.

 

Müsabiqənin məqsədi akvarelqrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, rəssamların yaradıcılığında ölkəmizin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadəti, azərbaycançılıq məfkurəsi və milli birliyimizi təsviri sənətdə əks etdirməkdir.

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən müsabiqə milli qrafika sənətinin qazandığı müsbət məziyyətləri, professionallığı, ifadə zənginliyini və obrazlı təsvir dilini rəssamların yaradıcılıqlarında izləmək imkanı verdi.

 

Müsabiqənin nəticələrinə əsasən, qrafikaakvarel nominasiyaları üzrə I-III yerlərin sahibləri elan olundu. Həmçinin beş nəfər həvəsləndirici mükafata layiq görüldü.

 

Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin qalibləri – Elmir Məmmədov (qrafika) və Hafiz Kərimovu (akvarel) ictimaiyyətə və sənətsevərlərə də yaxından tanıtmaq istərdik.

 

Elmir Suliddin oğlu Məmmədov 1987-ci ildə Gəncə şəhərində anadan olub. 1993-2004-cü illərdə şəhərdəki 19 nömrəli tam orta məktəbdə təhsil alıb, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) qrafika ixtisası üzrə bakalavr pilləsində təhsilini davam etdirib. 2009-cu ildə Azərbaycan Rəssamlar İttifaqının “Gənc rəssamlar birliyi”nə üzv qəbul olunub. 2020-ci ildən ADRA-da qrafika ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirən rəssam “Bakı” nəşriyyatında rəssam-illüstrator olaraq fəaliyyət göstərir.

 

Bir sıra sərgilərin və müsabiqələrin iştirakçısı olmuş rəssamın yaradıcılığı məzmun çoxşaxəliliyi ilə fərqlənir. OnunCan Azərbaycan” yaradıcılıq müsabiqəsində 1-ci yerə layiq görülən “Qarabağ” adlı əsərində qrafika sənətinin zənginliyi ilə duyulan ifadə vasitələrinin dəst-xətt özünəməxsusluğunu görürük. Əsər Qarabağ torpağının əsl musiqi ocağı, sənət mərkəzi olduğunu bizə çatdırır. Otlaqların bürüdüyü dağ döşündə gözəl mənzərəli fonda təsvir edilmiş musiqiçi obrazları əsərə baxan tamaşaçının ruhunu oxşayır. Məğrurluq, dözümlülük və əzəmət rəmzi olan Qarabağ atlarının təsviri əsərə bir başqa gözəllik bəxş edir.

 

Rəssam əsərin mərkəzində yerləşdirdiyi musiqiçi obrazları vasitəsilə Qarabağda məşhur olan musiqiçi sülaləsi (Mehralıyevlər) haqqında bəhs etmək istəyibdir. Bu, qarabağlıların çox sevdikləri, adlarını hörmətlə yad etdikləri, sorağı Qarabağın hüdudlarından çox-çox uzaqlardan gələn peşəkar musiqiçilər ailəsidir. Musiqiçilərin əyləşdikləri Qarabağ xalçası kompozisiyaya ayrı bir hava qataraq əsərin mövzusunu tamamlayır. “Qarabağ” əsəri ona baxan tamaşaçıya ruhi saflıq və ucalıq bəxş edir və əzəli yurd yerimizin qədim keçmişindən bu günə və gələcəyə sanki bir körpüdür.

 

Qeyd etdiyimiz kimi, “Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin əsas məqsədlərindən biri  akvarel texnikasına marağı artırmaqdır. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri akvarel texnikasında maraqlı, dəyərli əsərlər yaradıblar. İnanırıq ki, əsəri “Can Azərbaycan” müsabiqəsində 1-ci yerə layiq görülən Hafiz Kərimovun da əsas amalı bu sənətə yeni nəfəs gətirmək, onun inkişafına töhfə verməkdir.

 

Hafiz Qasım oğlu Kərimov 1967-ci ildə Naxçıvan MR Şahbuz şəhərində doğulub. Orta məktəbdə oxuduğu zaman Naxçıvan şəhərində fəaliyyət göstərən Pioner və məktəblilər sarayında rəsm dərnəyinin fəal üzvü olub. İlk sərgisi 1982-ci ildə Şahbuz şəhərində keçirilib. Hərbi xidmətdə olarkən tərtibatçı rəssam kimi fəaliyyət göstərib. 1990-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub, 1994-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Bir çox sərgilərin fəal iştirakçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Bakı şəhərində rəssamın fərdi yaradıcılıq sərgisi keçirilib. Əsərləri müxtəlif sənət mərkəzlərində, habelə xarici ölkələrin rəsm qalereyalarında saxlanılır.

 

Azərbaycan təbiətini vəsf etməkdən heç vaxt yorulmayan rəssamın “Can Azərbaycan” müsabiqəsinə təqdim etdiyiŞahbuzda ilk bahar” adlı əsəri rəngarəngliyi ilə onu seyr edən tamaşaçıda ülvi hisslər yaradır. Zəfərimizi tərənnüm edən müəllif bu qalibiyyətin ruhumuza da bir bahar ovqatı gətirdiyini vurğulayıb. Əsərdə təsvir edilən mülayim iqlimdağ landşaftı gözoxşayan bir peyzajdır. Rəssam bu əsərlə öz hisslərini ifadə edərək sanki Vətəndə hər şey gözəldir deməyə çalışıb. Yaşıl çəmənin al-qırmızı çiçək qoxusu ilə birgə, yaşıl dünyanın özü bir xoşbəxtlikdir. Lakin ən böyük xoşbəxtlik Vətənin azadlıq qoxusudur. Bu, Hafiz Kərimovun yaradıcılığının başlıca dəst-xəttidir: Vətənin təsviri və tərənnümü.

 

Sevinc QULİYEVA

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

 

Mədəniyyət.- 2021.- 7 may.- S.5.