Pandemiya şəraitində muzeylərin gələcəyinə və dirçəlişinə yeni baxış

 

 

Hər il mayın 18-də dünyada qeyd edilən Beynəlxalq Muzeylər Günü artıq ikinci dəfədir   pandemiyanın gətirdiyi məhdudiyyətlər fonunda, əsasən onlayn tədbirlər və təqdimatlarla yadda qalır.

 

1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən təsis olunan bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etməkdir. Mövcud pandemiya şəraitində bu niyyət xüsusilə aktuallıq kəsb edir. İCOM-un bu il Beynəlxalq Muzeylər Günü üçün müəyyən etdiyi devizbu istiqamətdədir: “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”.

 

Əlamətdar gün qədim tarixə və mədəni irsə, o cümlədən muzey işi sahəsində zəngin təcrübəyə malik Azərbaycanda ötən illərdə çeşidli tədbirlərlə qeyd edilib. Amma, ötən ildə olduğu kimi, bu ilbu tədbirlərə pandemiya öz “damğa”sını vurur.

 

Mayın 18-də ölkənin müxtəlif muzeylərinin iştirakı ilə onlayn görüşlər, vebinarlar keçirildi.  İlk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olundu. Silsilə tədbirlərin yekunu olaraq Milli Xalça Muzeyində “Muzeylər gecəsi” keçirildi. Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən gecədə rok, caz qrupları və ifaçıları onlayn izləyicilərə konsert proqramı təqdim etdilər.

 

Beynəlxalq Muzeylər Günündə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) postpandemiya dövründə muzeylərin və muzey işçilərinin gələcəyi ilə bağlı tədqiqatlara dair təşəbbüslə çıxış edib.

 

Təşkilatın baş qərargahından bildiriblər ki, pandemiya ilə əlaqədar muzeylərin fəaliyyətində yaranmış durğunluq kreativ təşəbbüsləri zəruri edir. Təşkilat həmçinin üzv ölkələrin muzeyləri və mədəni irsi ilə tanışlığı ehtiva edən “Rəqəmsal muzey” proqramını reallaşdırır. Bundan başqa, muzeylərin idarə olunması üzrə İslam dünyası irsinin interaktiv portalında treninqlərə start verilib.

 

Hazırda İslam İncəsənəti Muzeyləri Şəbəkəsinin də istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir. Şəbəkə üzv ölkələrin muzey işi sahəsində dünyanın digər ölkələrinin muzeyləri ilə daha sıx əməkdaşlığını da təmin edəcək.

 

Təşkilat pandemiya dövründə daha ağır vəziyyətə düşmüş muzeylərə maliyyə yardımı proqramı çərçivəsində 1 milyon dollar məbləğində vəsait ayırıb.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.1.