Miniatür sənətimizdə təkrarsız
imza
Orta əsr Azərbaycan miniatür sənətində iz qoyan və portret ustası kimi tanınan sənətkarlardan biri də Sadiq bəy Əfşar olub. Onun yaradıcılığı miniatür sənətinin inkişafında mühüm mərhələ hesab edilir.
Sadiq bəy Əfşar 1533-cü ildə Təbrizdə dünyaya göz açıb. Gənc ikən poeziya və rəssamlığa maraq göstərir. Ərəb ölkələrinə səyahətə çıxır. Vətənə döndükdən sonra kiçik hakimlərin malikanələrində təsərrüfat işləri ilə məşğul olur. Ancaq bütün bunlar onun ürəyincə deyildi. Şərqin görkəmli rəssamlarından Kəmaləddin Behzadın yetirmələrindən birinin yanına gedir, oxumaq, bilik və bacarığını artırmaq istədiyini bildirir. O, bu barədə yazırdı: “Hansı işin qulpundan yapışdımsa, mənə sadə və asan gəldi. Arzum isə Behzadın sənətini öyrənmək idi. Buna görə də özümə Behzada bərabər bir ustad axtarırdım. Nəhayət, açıqürəkli, tayı-bərabəri olmayan bir ustad tapdım. O da sənəti Behzaddan öyrənmişdi”.
Sadiq bəy tanınmış rəssam Müzəffər Əlinin yanında səkkiz il təhsil alır. Bir miniatürçü kimi püxtələşir və məşhurlaşır. Bir-birindən maraqlı və dəyərli əsərlər yaradır. Onun sənətinin şöhrəti hakim dairələrə də çatır və sənətkar saraya dəvət edilir. Şah kitabxanasının nəzdindəki emalatxanada işə başlayır. Bir müddət sonra Şah Məhəmməd Xudabəndə (1578-1587) onu kitabxananın rəhbəri təyin edir. Sadiq bəy bu işə görə özünü “Sadiq Kitabdar” adlandırır.
Mənbələrdə göstərilir ki, bu kitabxana əsl “incəsənət akademiyası” hesab edilib. Burada kitabların üzü köçürülür və miniatürlər yaradılırdı. Rəng və kağız istehsalının texnologiyası hazırlanır, bədii cəhətdən kamil cildlər düzəldilirdi. Eyni zamanda burada xəttat, nəqqaş, müzəhhib (qızıl suyuna çəkmə), rəngkar, karton və dəri cildləmə üzrə kadrlar hazırlanıb. Araşdırmalarda qeyd olunur ki, Sadiq bəy Əfşar istedadlı, bacarıqlı sənətkar kimi I Şah Abbasın zamanında da həmin vəzifədə çalışıb.
Sadiq bəy yaşlaşır və təqaüdə çıxır. Onu istedadlı xəttat Əlirza Təbrizi əvəz edir. İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi” əsərində yazılır ki, Sadiq bəy bundan sonra da formal olaraq kitabdar sayılırdı: “Sadiq ölənə qədər onun xidməti vəziyyətində dəyişiklik olmur və o, dövlət dəftərxanasının kitabdarı kimi maaş almaqda davam edir”.
Sadiq bəy müasirləri tərəfindən yüksək qiymətləndirilib. O, rəssamlıqla bərabər həm də istedadlı şair olub. “Sadiqi” təxəllüsü ilə şeirlər yazıb. Ondan artıq nəzm və nəsr əsərinin müəllifidir. Onların arasında Azərbaycan və fars dillərində qələmə aldığı şeirlər “Divan”ı, I Şah Abbasın hərbi yürüşləri haqqında bir neçə min beytdən ibarət “Fəthnameyi-Abbasi-namdar” (“Məşhur Abbasın fəthlər kitabı”) adlı tarixi epik poeması var. XVII əsrin məşhur Azərbaycan tarixçisi İ.Münşi həmin əsəri Firdovsinin “Şahnamə”si ilə müqayisə edib. Hər iki poema eyni vəzndə və ölçüdə qələmə alınıb.
Sadiq bəy sağ ikən əsərlərinin şöhrəti ölkə hüdudlarını aşır. Yaxın-uzaq ölkələrdə sənətkarlar tərəfindən bəyənilir. O, rəsmlərinin bir neçəsini ona qəsidə yazan şair Qüruriyə bağışlayır və deyir: “Mənim işlərimin hər vərəqini tacirlər üç tümənə alır və Hindistana aparırlar. Sən də ucuz satma”. Təkrarsız sənətkar həm də xəttatlıqla məşğul olub.
Sonda onu deyək ki, Sadiq bəy Əfşar “Məcməül-xəvas” adlı təzkirəsində Səfəvilər dövründə fəaliyyət göstərən 480 şair, rəssam və xəttatdan bəhs edib. “Qanun əs-sovər” (“Təsvirin qanunları”) adlı pedaqoji təlimatlar kitabını isə incəsənətin metodika və praktikasına həsr edib. Əsərdə miniatürlərin üzünü çıxarma, fırça, kağız hazırlığı və rəng seçimi ilə bağlı müfəssəl məlumat verilib. Məhz buna görə də avropalı sənətşünasların Sadiq bəyin irsinə maraqları azalmır. Görkəmli sənətkarın Avşar İmamqulu xan, Teymur xan Türkmənin portretləri, habelə “Əmir” və “Gəzərgi dərviş” əsərləri İstanbul, Paris, Boston, Sankt-Peterburq muzeylərində saxlanılır. Sadiq bəy Əfşar 1613-cü ildə, 80 yaşında vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 19 may.-
S.5.