Fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi

 

 

“Xarıbülbül” musiqi festivalı dövlət rəhbərliyinin siyasi iradəsi və müdrikliyi, Azərbaycan xalqının əzmi, Ordumuzun şücaəti nəticəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini bir daha dünyaya nümayiş etdirdi. Bu festival ölkəmizdə müxtəlif dini konfessiyaların, fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi.

 

Bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Deputat bildirib ki, Heydər Əliyev Fondunun təşkil etdiyi festivalın yüksək səviyyədə keçirilməsi bir daha Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə yüksək önəm verdiyini göstərir.

 

Millət vəkili Şuşanın Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yerə malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsi bu şəhərin tarixində yeni bir dövrün başlandığını göstərir: “Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan tarixinin ən böyük qələbələrindən biridir. 10 noyabr bəyanatından sonra bütün regionun mənzərəsi dəyişib. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni təhlükəsizlik formatının yaranması, kommunikasiyaların açılması istiqamətində atılan addımlar yeni bir dövrün başlaması deməkdir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa quruculuq işlərinin həm Azərbaycan, həm bütün region üçün xüsusi əhəmiyyəti var”.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.3.