“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasının təcəssümüdür

 

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa mayın 12-13-də “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Heydər Əliyev Fondunun təşkil etdiyi musiqi festivalı Qarabağın tarixi simasının özünəqayıdışının parlaq təcəssümüdür.

 

Bu sözləri  AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

 

Komitə sədri diqqətə çatdırıb ki, müharibədən çıxmış ölkə qarşısına 30 ilə yaxın işğalın ağır yaralarını sarımaq, görüləcək böyük işlərin sürətli və keyfiyyətli icrasını həyata keçirmək kimi önəmli vəzifələr qoyub. Üstəlik, məğlubiyyətlə barışmayan bəzi üzdəniraq erməni qüvvələri havadarlarına arxalanaraq revanşist fikirlərlə çıxış edirdilər. “Xarıbülbül” festivalı belə bir vəziyyətdə keçirildi. Musiqi festivalının keçirilməsi ilə həm də burada reallaşdırılan əsaslı təmir və bərpa işlərinin ilkin nəticələri, yeni tikililərin təməlinin qoyulması dünyaya nümayiş olundu.

 

Bu günə gəlib çatmaq heçasan olmayıb. Ermənistanın təcavüzü və işğal siyasəti nəticəsində 1992-ci ilin bu günləri qan ağlayırdıq. 2019-cu ilin bu günlərində Şuşada Paşinyan “Yallı” gedirdi... Amma müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu və rəşadətli Azərbaycan Ordusu düşmənə, onun rəhbərinə, havadarlarına öz yerini göstərdi, sübut etdi ki, Qarabağ, onun tacı Şuşa bizimdirbizim olaraq qalacaq.

 

Qənirə Paşayeva vurğulayıb ki, Şuşanın azad olunması və onun əsaslı bərpası, bir sözlə, dağların başındakı incinin Azərbaycan mədəniyyətində öz layiqli yerini alması ümummilli lider Heydər Əliyevin böyük hədəflərindən idi. “Xarıbülbül” festivalında ölkə başçısını kövrəldən, bütün izləyiciləri duyğulandıran ulu öndərin sözlərinin lent yazısı dediklərimizi bir daha təsdiqləyir. Qarabağı Şuşasız, Azərbaycanı, ümumiyyətlə, Qarabağsız təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbərini verərkən ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi. Biz Şuşanı azad etməklə həm də şəhidlərimizin ruhunu şad etdik.

 

“Dövlətimizin başçısının “Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” kəlmələri bir daha təsdiq edir ki, Qarabağın və onun tacı olan Şuşanın dəyəri, qiyməti bizim üçün çox böyükdür.

 

Prezident İlham Əliyev Şuşanı mədəniyyət paytaxtı elan etdikdən sonra türkİslam qurumlarının rəhbərləri Şuşanın Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı elan olunması təklifi ilə dövlətimizin başçısına müraciət etdilər. Bu, hər bir azərbaycanlıya qürur və şərəf verir. Bunlar çox xoş hadisələrdir, fərəhlidir, qürurvericidir”, – deyə deputat qeyd edib.

 

Mədəniyyət komitəsinin sədri bildirib ki, doğma Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edilmiş bu musiqi festivalını Azərbaycanın tarixi Zəfərinin mədəniyyət sahəsində davamı kimi dəyərləndirmək olar.

 

Gələn il 270 illik yubileyini qeyd edəcəyimiz Şuşa şəhəri Qarabağ xanı Pənahəli xanın yadigarı, Azərbaycan xalqının mədəni sərvətidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədi. Beləliklə, 30 ildən sonra bərpa edilən mükəmməl festival da, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

 

 

Mədəniyyət.- 2021.- 19 may.- S.3.