Mədəniyyətimizin paytaxtına
qayıdışın möhtəşəm nümayişi
Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı.
Azərbaycan Respublikasının Prezidenti, illərin ayrılığından sonra Şuşanı azərbaycanlılara, azərbaycanlılarına Şuşaya – əzəli doğma yurda qaytaran müzəffər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin Cıdır düzündə, “Xarıbülbül” festivalının açılışında dediyi bu sözləri dünya eşitdi.
Otuz ilə yaxın hər toyda-düyündə, bayramda-şöləndə “Gün o gün olsun ki...” dediyimiz gün gəlmişdi. 12-13 may tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşanın əsrarəngiz düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı mədəniyyətimizin paytaxtına qayıdışımızın möhtəşəm nümayişi oldu. Bu qayıdışı dünya gördü.
Prezident İlham Əliyevin festivalın açılışında dediyi kimi, biz bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj verdik. Bu, sülh, mədəniyyət, birgəyaşayış, tolerantlıq, milli həmrəylik mesajıdır. Festivalın ilk günü ölkəmizdə yaşayan xalqların mədəni zənginliyinin nümayişi – “Azərbaycan musiqisində multikulturalizm” mövzulu proqram da bunun ifadəsi oldu.
“Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır... Bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”, – deyə İlham Əliyev bildirdi.
Şuşanın illərdir həsrətində olduğu doğma musiqi, sənət havasına qovuşması Azərbaycan mədəniyyətinin təntənəsi idi. Bir zamanlar öz ecazkar ifaları ilə Şuşanın musiqi dünyasında silinməz izlər qoyan sənətkarların – Xan Şuşinskinin, Seyid Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın unudulmaz avazları sanki yenidən canlanaraq dağlara, yamaclara səs saldı. Xalq artisti Polad Bülbüloğlu şaqraq nəğmələri ilə Vətənimizin hər guşəsini – Mili, Muğanı, Gəncəni, Şirvanı, Qarabağı – bütöv Azərbaycanı qədim Şuşada bir ürək etdi.
Bu, eyni zamanda multikulturalizm dəyərləri ilə dünyaya örnək olan Azərbaycanda yaşayan xalqların milli həmrəylik bayramı idi. Festivalın ilk günü ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi heyətləri, ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını dünyaya çatdırdılar. Avarlar, talışlar, malakanlar, ingiloylar, yəhudilər, ləzgilər, udilər və digər xalqların musiqi-folklor qrupları bu gözəl bahar gününə yaraşan rəngarəng çıxışları ilə bir daha göstərdilər ki, Azərbaycan onların doğma Vətənidir.
Mayın 13-də, müqəddəs Ramazan bayramında, illərin həsrətdən sonra Şuşanın Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı, Allaha şükranlıq duaları edildi, bu günü bizlərə qanı-canı bahasına bəxş edən şəhidlərimizə bir daha Allahdan rəhmət diləndi.
Festivalın ikinci günündə Azərbaycanın xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Alim Qasımov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov və başqa sənətkarlar çıxış etdilər. Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və Azərbaycanın digər görkəmli bəstəkarlarının möhtəşəm əsərləri təqdim olundu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında dediyi fikirləri, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını əks etdirən videoçarx təqdim edildi. Bu gün həm də “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir... Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən ulu öndərin ruhunun şad olan, arzularının həyata keçən günü idi.
Heydər Əliyevin 25 il öncə, 1996-cı ilin mayında dediyi o sözlərin tarixi əhəmiyyətini bu günlər bir daha dərindən dərk etdik. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan tam deyildi, ola da bilməzdi. Biz Şuşasız, Qarabağsız illəri bu inamla yaşayaraq bu itki ilə heç vaxt barışmadıq. Bu inam bizi yaşatdı və doğma yurda qaytardı...
Bu iki gündə Vətəndən uzaqda yaşayan soydaşlarımızın, dostlarımızın, elə düşmənlərimizin də gözü Şuşaya – Cıdır düzünə dikilmişdi. Dostların sevindiyi, düşmənin qəhr olunduğu gün idi. Azərbaycan incəsənət ustaları öz ecazkar, rəngarəng ifaları ilə bütün dünyaya, həmçinin təkcə torpaqlarımıza deyil, incəsənətimizə, mənəvi dəyərlərimizə, musiqimizə də göz dikən mənfur düşmənlərimizə göstərdilər ki, Şuşa da bizimdir.
Festivalın təşkil edildiyi məkanda dünyanın 13 ölkəsindən rəssamların əl işləri – Şuşanın və Vətən müharibəsində Zəfərin rəmzinə çevrilmiş xarıbülbülün maketləri sərgilənmişdi.
Şuşanın işğalından keçən illərdə ürəkləri kədər, həsrət və nisgillə doldurmuş “Bayatı-Şiraz” üstündə, amma bu dəfə artıq yeni bir ahənglə, Zəfər ruhunda səslənən (qarabağlı yeniyetmə ifaçı Kənan Bayramovun ifasında)
“Könlümün sevgili məhbubi mənim,
Vətənimdir, Vətənimdir, Vətənim!”
- avazı ilə başlayan festival Şuşanın qara buludları çəkilmiş səmasını, yamyaşıl meşələrin, dağların üzərini aydınladan möhtəşəm atəşfəşanlıq ilə başa çatdı.
Qoy, müqəddəs torpağımızın səmasında bundan sonra da yalnız belə atəşfəşanlıq toplarının səsi eşidilsin.
Cıdır düzündə, azad torpaqlarımızda artıq nisgildən arınmış bu misralar oxunsun:
“Vətən bağı” al-əlvandır,
Var içində xarıbülbül...
“Mədəniyyət”
Mədəniyyət.- 2021.- 19 may.-
S.3.