Arif adam
Bu gün
onun doğum günüdür...
İndi hamının xatirələri
çözələnir, onunla
çəkilən fotolar
sosial şəbəkələrdə
boy verir. Fərqindəsiz, sanki son vaxtlar
yalnız insanlar öləndə yadımıza
düşürlər. Elə bil onlara olan
münasibətimizi – pis,
yoxsa yaxşı, fərqi yoxdur – öldüklərində dilə
gətiririk. Niyə? Bunun cavabı uzun və bir
az da
gileyli olduğuna görə söhbəti dəyişirəm.
“Arifə bir işarə bəsdir” deyib keçirəm gözünün dərinliyindəki
izahsız kədəri
gülüşü ilə
gizlətməyə çalışan,
qürub edən şöhrəti ilə ağrılı-acılı ömrünü
bu günlərdə (7 may) tamaşaçılarına bağışlayan
Xalq artisti Arif Quliyevi xatırlatmağa...
Onun fani dünyadan gedişi Azərbaycanın
mədəniyyəti üçün
yeri görünən itkidir.
Ömrün 71-ci baharında
həyatla vidalaşan
gülən adam
onu sevən tamaşaçıları üçün
hər zaman ayrıca yerini qoruyub saxlayacaq.
Arif Əli oğlu Quliyev 1950-ci il
mayın 16-da indiki Şirvan şəhərində
anadan olub. 1965-1968-ci illərdə Bakı Mədəni-Maarif
Texnikumunun Dram və kino aktyorluğu fakültəsində, 1973-1975-ci illərdə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun (indiki
ADMİU) Musiqili komediya
aktyorluğu fakültəsində
təhsil alıb.
Əmək-sənət fəaliyyətinə 1965-ci ildə
Mingəçevir Dövlət
Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə paytaxta – Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif
xarakterli obrazlar yaradıb. “Təzə
gəlin”də (S.Dağlı,
C.Cahangirov) Şərbətəli,
“Gözün aydın”da
(F.Əmirov, M.Əlizadə)
Salyanski, “Durna”da (Səid Rüstəmov, Süleyman Rüstəmov)
Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov,
S.Qədirzadə) Mürsəl,
“Özümüz bilərik”də
(Ş.Qurbanov, S.Ələsgərov)
İbişov, “Hicran”da
(S.Rəhman, E.Sabitoğlu)
Dursunov, “Ev bizim, sirr bizim”də
(Ş.Axundova, N.Gəncəli)
Tofiq, “Məşədi
İbad”da (Ü.Hacıbəyli)
Hambal, “Evlənmə”də
(N.V.Qoqol) Jevakin və s. tamaşalardakı
obrazları maraqla qarşılanıb.
Aktyor müxtəlif
illərdə İrəvan
Dövlət Azərbaycan
Dram və müstəqil
“Satira” teatrlarında da çalışıb. “Şans”,
“Bığ əhvalatı”,
“Qayınana”, “Lift əhvalatı”,
“Yarımştat”, “Evləri
köndələn yar”
və digər televiziya tamaşalarında
yaratdığı obrazlarına
görə daha da tanınıb və sevilib.
“Bəyin oğurlanması”,
“Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan
salam”, “Qəm
pəncərəsi”, “Mənim
ağ şəhərim”
bədii filmlərində
də yaddaqalan, maraqlı rollar oynayıb.
Daha çox
ikinci, üçüncü
dərəcəli, epizodik
rollarda oynamasından asılı olmayaraq, hər obrazında özünü tamaşaçıya
ifadə edə bilib, onların diqqətini çəkməyi
bacarıb.
1989-cu ildə “Əməkdar
artist”, 1993-cü ildə “Xalq
artisti” fəxri adlarına layiq görülüb. Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl
dərviş” mükafatı
və “Sənətkar”
medalı ilə təltif olunan aktyor Prezident təqaüdçüsü
idi.
Arif Quliyev daha çox 90-cı illərin fenomeni, gülüş barometri idi. Bilmirəm niyə, amma
o vaxt hamının gülməyə, xüsusən
də onun güldürməsinə ayrı
bir ehtiyacı vardı. O da bunu, məhz bu tamarzılığı
yaxşı bildiyindən
konsertlərinə gələn
ən qaradinməz, ən kədərli adamı da güldürmək
üçün hər
cür oyuna, hoqqabazlığa əl atırdı. Yox, bu hoqqabazlıq
məsum, saf idi. Sözümü qəribliyə salmayın.
Məşhur rejissor, teatr
nəzəriyyəçisi Vsevolod Meyerholda görə, yaxşı aktyor həm də hoqqabazlığı
bacarmalıdır. Bu mənada o, yaxşı aktyor kateqoriyasına aid ediləcək səhnə
adamlarından idi.
Onun konsertləri daim anşlaq olurdu. Bəzən bir-birini təkrarlayan yumoru da onu
sevənləri bezdirmirdi.
Ona gülən,
onun güldüyünə
gülən milyonlarla
insan üçün
həyat dramatizmindən,
yaşamına hopmuş
kədərdən, hər
vəchlə gizlətməyə
çalışdığı göz yaşından irəlidə gülüşü,
güldürməyi gəlirdi.
Mübaliğəsiz deyək ki, xalq bu arif
adamı sevirdi. Bunun illər sonra özüm üçün
qəribə, bir az da təzadlı izahını
tapdım: Arif Quliyev ağır dönəmdə, 90-cı illərin
savaşlı, məhrumiyyətli,
dərdli günlərində
bizi güldürməyi
boyuna biçilmiş
vəzifəsi hesab edirdi. Bu mənada
o həm də fədakar, öz aktyor oyun-üslubundan qurbanlar verən oyunçu idi. Xalq onu həm də
ona görə sevirdi ki, onun
necə olursa-olsun, güldürmək istəyində
işıqlı, kədərli,
təmiz niyyətini duyur və onun
bəzən komik olmayan obrazlarına, şarjlarına da məhz o təmiz niyyətinə görə
gülürdü.
Arif Quliyev bizim nəsil uşaqların parlaq xatirəsi, ilıq, kövrək nostalgiyasıdır. Zarafat deyil,
bir dəfə də olsun insanları
qıcıqlandıran, onların
hisslərinə toxunacaq,
ədəbsizliyə varacaq
ifadə işlədib,
zarafatlar eləmədi.
Son illər efir-ekran, adamların keçmişini reytinq üçün hər vəchlə üzünə vuran müəyyən verilişlər vasitəsilə bir-bir onun da faciələrini izləyib, dilindən eşitdim. O vaxtdan da ona gülməyi, daha doğrusu, onun gülüşünə gülməyi tərgitdim.
Yəqin mənim kimi bir çoxları da başa düşürdü ki, onun seçdiyi bu sənət və bu janr, əslində, onun öz yazısına etirazıdır. Tale ona bir-birinin ardınca zərbələr endirdikcə, kədərinə kədər qalaqladıqca o, inadla, israrla müqavimət göstərir, təslim olmaq istəmirdi. Beləcə, o gülərək ağlayır, biz isə ağlayaraq gülürdük...
Arif Quliyev mənim üçün rejissorların səhnədə tapa bilmədiyi, ya da tapmaq istəmədiyi aktyorlardan idi. Bilmirəm, yəqin bu həm də onun açıq mübarizədən, teatrlardakı müəyyən söz-söhbətlərdən, kulis çəkişmələrindən qaçmağından, sülhsevərliyindən irəli gəlirdi. Bir az da rol üçün savaşmayan, rejissora tanrı kimi baxmayan, tamaşa sırasını uzatmaq üçün teatr rəhbərliyinə dilxoşluq etməyən adamlardan idi. İddiasız idi. Böyük səhnələrə, böyük rollara iddia etmirdi. Amma səhnədən şövqlə danışırdı.
Heç vaxt baş rolda, əsas obrazda olmayan aktyorun necə, sözün tam mənasında, xalqın artisti, sevimlisi olduğunu bilməsəm də, tam dəqiq dərk etdiyim bir həqiqət var: Arif Quliyev güləndə də, güldürəndə də, ağlayanda da, ağladanda da özü idi...
Bu gün geriyə boylanıb Arif Quliyev obrazını gözlərim önünə gətirəndə nəzərlərim uşaq məzarları arasında ağlaya-ağlaya dolaşan, qəbir daşlarına “Turbo” saqqızlar düzən kişidə qalır, “Mənim ağ şəhərim”in qarabəxtli insanlarının sevimli qonağı, saqqızsatan Piridə.
Ruhun daim şad olsun,
bu dünyada qərib olan Arif adam...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 19 may.-
S.6.