Səhnə
həsrətli söhbət
“O illər
çox məhsuldar və sənət uğurlu idi. Teatra, səhnəyə, sənətə qəribə
bir sevgi
yaranmışdı”
Təqdimat: Yasin Mikayıl
oğlu Qarayev 22 may
1946-cı ildə Şəmkir
rayonunun Qapanlı kəndində doğulub. 1973-cü
ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetindən musiqili
komediya aktyoru
ixtisası üzrə məzun olub. 1974-cü ildən Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrında yaradıcılıq
fəaliyyətinə başlayıb. Bu
teatrın səhnəsində bir-birindən parlaq
rollar oynayıb, fərqli mövzulu
əsərlərin qəhrəmanlarına uğurlu
səhnə həyatı verə bilib. Teatr sənəti sahəsində xidmətlərinə
görə 1991-ci ildə “Əməkdar artist”,
2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına, bir
neçə dəfə Prezident
mükafatına layiq görülüb.
Prezident təqaüdçüsüdür.
Amerika
yazıçısı Con Apdayk deyir ki,
sənətin gücü içində
gizlənmiş əzabla ölçülür,
kim ki əzab çəkməyib,
onun deməyə sözü
yoxdur. Bilmirəm, qəhrəmanım bu postmodernist ədəbiyyatın
parlaq nümayəndəsi ilə
razıdır, yoxsa yox.
Amma zaman ötdükcə və həyatla dialoqumuzda güclü və
zəif tərəflərin müqayisəsi mərhələsinə
keçdikcə ona haqq
qazandırmağa başlayırsan. Çünki
sənətdə əsl sənətkarlıq məqamına
yalnız sənət fədailəri yetişə bilirlər.
Sənət, səhnə
adamı kimi onu
tanımayan az insan
tapılar. Teatr və televiziya
tamaşaları, 90-cı illərin tele-şouları, son zamanlar film
və seriallarda onu daha çox görməyə
başlamışıq. İnadkar, prinsipial aktyor olmaqla yanaşı, həm də maraqlı həmsöhbətdir.
Onunla 75-ci ad gününün
astanasında söhbətləşdim. Həmsöhbətimiz
Xalq artisti Yasin Qarayevdir.
– Yasin
müəllim, gəlin, şərtləşək: elə
söhbətləşək ki, bizi maskaya təhkim edən
koronavirus da utansın.
Razısınızsa, başlayaq...
– Sözün
düzü, çoxdandır maraqlı bir həmsöhbət axtarırdım. Eyni istəkdə olmağımıza şadam. Danışmağına
danışaq e, amma mən
inanmıram ki, bizim
söhbətimizdən koronavirus utanıb
xəcalət çəkə. Onda o üz olsaydı, bizi bu kökə salmazdı
(gülür).
– Haqlısınız. Pandemiya bizi bir ildən də çoxdur
ki, teatrdan ayrı
salıb. Tamaşaçının halından çox
aktyorun və teatrın güzəranı
yamandı yəqin?
– Pandemiya bizi tək teatrdan yox, eldən-obadan, elin adət-ənənəsindən, xeyirdən,
şərdən, qohumdan, qardaşdan,
ümumiyyətlə, hər şeydən ayrı saldı. Və
təkcə tamaşaçı, aktyor və
teatrın yox, bütövlükdə
dünyanın güzəranı yaman oldu. Mənə belə gəlir ki, hazırkı məqamda dünyada
darıxmayan adam yoxdur.
– Teatr üçün aktyor nədir
hamımız bilirik və bu
cavab daim birtərəfli
olur. Aktyor üçün teatr və
teatrsızlıq nədir? Bu amansız
var-gəldə sizin düşüncələriniz
maraqlıdır.
– Mənim fikrimcə,
teatrsız aktyor, sudan
çıxarılmış balıq kimidir.
Yola saldığımız teatrsız bir ili fikirləşdikcə
mənə elə gəlir ki, teatrlı
günlərim bir yuxu,
ya da çoxdan
baxdığım maraqlı bir kino imiş.
– Yaşınızın
üstünə yaş gəlir. Zaman ötdükcə insanın həyat
haqqında düşüncələri də dəyişir. Unudulmaq qorxusu bu düşüncələrdə kök salmayıb ki?
– Zaman-zaman
siz deyən hisslər, hətta ən
amansızları da adamın yaxasından tutur. Amma bir
həqiqət var ki, insan reallıqla barışmalıdır. Yəni,
yaş çoxaldıqca ömür
azalır və sən istər-istəməz... Odur ki, zaman
ötdükcə daha çox
yarımçıq qalmış işlər haqqında
narahatlıq keçirir və xeyli tələskən olursan.
– 75 yaşınızı necə
qeyd edəcəksiniz və ümumən sizin üçün ad günləri nə ifadə edir?
– Çox
təmtəraqlı olmasa da,
mən ildə iki dəfə ad günü qeyd edirəm. Mayın və iyulun
22-si. Biri atamın ad günüdür, biri də
mənim. Rəhmətlik atam doğulduğum kəndin məktəbində direktor olub. Müharibədən
yaralı gəlib və bundan da dünyasını dəyişib. O,
dünyasını dəyişəndə mən hələ ana bətnində olmuşam.
Atam may ayında rəhmətə
gedib, bundan iki ay sonra
isə, iyulda mən doğulmuşam.
Lakin qohumlar doğum haqqında şəhadətnaməmdə
atamın ölüm gününü
mənə doğum günü
kimi yazdırıblar. O günü
də mən ad günü
kimi qeyd edirəm.
– 1974-cü ildən bir teatrın – Dövlət Gənc
Tamaşaçılar Teatrının səhnəsində qalmaq sadiqlikdir, yoxsa bağlılıq?
– Mən bu
teatrda Azərbaycan teatr
və kinosunun çox
böyük sənətkarları olan Yusif Vəliyev, Süleyman Ələsgərov və Hüseynağa Sadıqovu görmüşəm.
Sadiqliyimə və bağlılığıma səbəb
onların müdrik vəsiyyət və nəsihətləri
olub. “Yasin, bala, Allah səni bu teatr üçün
yaradıb. Çünki sənin boy-buxunun, səsin, yerişin,
duruşun bu teatra uyğundur”, – deyiblər.
Özümü bu
teatrın səhnəsində tapmışam və heç vaxt təəssüflənməmişəm.
– Bu gün yumorun,
komediyanın mənzərəsi necədir və ucuz gülüşə uduzması ilə
razısınızmı?
– Mən sizə
bir söz deyim. Bir il əvvəl torpaqlarımızın 30 illik
işğaldan 44 günə
azaq olunacağını
kim desəydi, inanmazdıq. Gördünüz ki, vaxt, zaman böyük Zəfəri yetişdirdi.
Müzəffər Azərbaycan Ordusu
və müzəffər
Ali Baş Komandan İlham Əliyev kimi ölkə başçısı sayəsində
Şuşada xalqımızın
böyük Qələbəsi
bayram edilir. Mən inanıram ki, məhz belə tərəqqi, inqilabi dönüş teatr və kinomuzda da olacaq.
– İnamımızı
itirmədən sizi yenidən ötən illərə aparacağam. 70-80-ci illərdə
tamaşaçı ilə
birbaşa ünsiyyət
üçün səfərlər,
çıxışlar geniş
hal almışdı.
Rayonlarda, ucqar kəndlərdə yaşayan
insanlar qarşısında
çıxış edən
sənət adamları
arasında siz də vardınız və o zamanlar heç kim
arzularla, gələcək
teatr planları ilə yaşamırdı...
– Bəli, yadımdadır.
O illər çox məhsuldar və sənət uğurlu idi. Teatra, səhnəyə, sənətə qəribə
bir sevgi yaranmışdı. Yadımdadır, 1979-cu ildə Gənc Tamaşaçılar Teatrının
yeni binasının tikilməsi üçün
göstəriş verildi
və biz müvəqqəti
olaraq Teatr Xadimləri İttifaqının
Aktyorlar evində məskunlaşdıq. Teatr üçün
lazımi şərait
tamamilə yox idi. Sonradan da tikilən binanın əsaslı təmiri düz 3 il çəkdi.
Bütün bunlar teatrın
fəaliyyətinə mənfi
təsir göstərirdi.
Odur ki, truppa səyyar
kollektiv kimi dəstələrə bölünüb
teatrı yaşatmaq xatirinə səhnəciklər,
komediyalardan parçalar
oynamaq məcburiyyətində
qaldı. Sənət
dostlarım Gülşən
Qurbanova, Xuraman Hacıyeva, Azər Mirzəyev, Mübariz Əlixanoğlu, Cəfər
Əhmədov (Cəfər
Namiq Kamal) və mən repertuarımızda olan maraqlı komediya səhnəcikləri ilə
Azərbaycanın bütün
bölgələrində çıxışlar
etdik. Hər yerdə bizi
hərarətlə qarşılayırdılar.
Teatra, aktyora sevgi yüksək
səviyyədə idi.
Bölgələrdə çıxışlarımız
alqış və gül-çiçək yağışına
qərq olurdu. Bax, bu sadaladığım səhnə fədailərinin
güc, iradə və fədakarlığı
sayəsində teatr layiqincə təbliğ və təmsil olundu.
– İndiki ifadə ilə desək, sketç və bu kimi
səhnələrin peşəkar
komediya ilə müqayisəsi nə dərəcədə düzgündür
və bu müqayisəyə rəvac
verən kimlərdir: ucuz gülüşə qaçmaq istəyən peşəkarlar, yoxsa fərqi ayırd edə bilməyən tamaşaçılar?
– Mənim fikrimcə,
dediklərinizin hamısı
müvəqqəti haldır.
Tarixən teatrlar da, aktyorlar da, elə
tamaşaçılar da
belə hallarla dəfələrlə üzləşiblər.
– Satira, sarkazm, düşündürücü gülüş lağlağıya
uduzub?
– Məsələyə bir az fərqli rakursdan baxsaq, məncə, yox. Vaxtilə rəhmətlik Arif
Quliyev səhnəyə
komediyanın klounada janrını gətirdi.
Düşünürəm ki, dediyiniz lağlağı da zaman-zaman cilalanıb sənət qəlibinə
düşə bilər.
– Aktyor nəsilləri
arasında müqayisə
və gənclərə
münasibətiniz də
maraqlıdır...
– İşlədiyim illər ərzində mən bir neçə
aktyor nəsli görmüşəm. Təbii ki, aktyorun yetişməsi üçün
vaxt, zaman və şərait lazımdır. Bu da ən azından 15-20 il deməkdir.
– Oynamadığınız rolların həsrəti üstələyir, yoxsa yeni tamaşalar üçün həvəs
və hazırlıq?
– Belə götürəndə
oynadığım rolların
həsrəti daha çox üstünlük
təşkil edir. Çünki o rollarda gənclik,
gözəllik, fiziki və potensial imkanlar çox idi.
– Yaşınızın obrazı hansıdır və onu necə
təsəvvür edirsiniz?
– İnişil “Oqtay Eloğlu” tamaşasında Hacı Zamanı oynadım. Məni qınamayın, bu
rolu oynayanda mənim üçün izahı çətin olan bir vəziyyət
yaşadım. Bəlkə
də Hacı Zaman Yasin Qarayev
yaşının obrazı
idi..
Söhbətləşdi: Həmidə
NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 21
may.- S.5.