“Nizamidən Yunusa: bir olmaq”
İki dahi
şairə həsr olunmuş videokonfrans
2021-ci ildə Azərbaycanın dahi şairi, dünya poeziyasının günəşi hesab edilən Nizami Gəncəvinin 880 illiyi ilə yanaşı, Türk dünyasının söz dühası Yunus Əmrənin vəfatının 700 illiyi tamam olur. Bu yubileylər münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə “Bizim Yunus İli” – türkcənin dünya dili kimi təbliği ili elan edilib. Hər iki əlamətdar mədəni hadisə çeşidli tədbirlərlə qeyd olunur.
Belə tədbirlərdən biri mayın 25-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə gerçəkləşdi. “Nizamidən Yunusa: bir olmaq” mövzusunda videokonfransda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və iki ölkənin tanınmış elm adamları iştirak edirdi.
Onlayn konfransın moderatoru –Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç açılış sözündə bildirdi ki, bu il mayın 7-də Bakıdakı Beynəlxalq Muğam Mərkəzində “Nizamidən Yunusa. Birlik ilə baxmaq” adlı tamaşa təqdim edilib. Bugünkü konfransda iki dahinin bəşəri ideyaları yenidən diqqət mərkəzinə çəkiləcək.
Yunus Əmrə İnstitutunun (Türkiyə) rəhbəri, professor Şərəf Atəş çıxış edərək konfransı ortaq mədəni mirasımız olan şairlərimizin təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirdi: “İnsanlığı sevmək, bəşəri ideyaları təbliğ etmək türk coğrafiyası alimlərinin, mütəfəkkirlərinin hər zaman ilkin mövzusu olmuşdur. Azərbaycan adının özündə belə “can” sözü keçir və dolayısı ilə bu bizim dünyaya anlada biləcəyimiz önəmli bir dəyərdir. Azərbaycanın da dəstəyi ilə Yunus Əmrənin vəfatının 700 illiyinin UNESCO-nun yubileylər proqramına salınması ilə əlaqədar fürsətdən istifadə edib mədəniyyət naziri Anar Kərimova təşəkkür edirəm. Yunus Əmrə və Nizami Gəncəvi bənzərsiz əsərləri və ideyaları ilə yaşadıqları dövrü adlayaraq böyük şair olduqlarını sübut ediblər. Nizami “Xəmsə”si ilə dünya ədəbiyyatına yeni bir səs gətirən şairdir. Hər iki mütəfəkkir bizim ortaq mirasımızdır”.
Professor Şərəf Atəş çıxışının sonunda hər iki ölkənin nazirlərinə konfransda iştiraklarına görə minnətdarlığını bildirdi.
“Yunus Əmrə Nizaminin mənəvi varisidir...”
Konfransda çıxış edən
Azərbaycanın mədəniyyət
naziri Anar Kərimov iştirakçıları
salamlayaraq mötəbər
bir konfransın təşkilinə görə
Bakı Yunus Əmrə İnstitutuna təşəkkürünü bildirdi. Diqqətə çatdırdı
ki, bizlərə bu möhtəşəm layihəni həyata keçirməyə imkan verən və belə gözəl, unudulmaz anları yaşadan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən 2021-ci ilin
“Nizami Gəncəvi İli”, Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan tərəfindən
isə “Yunis Əmrə İli” elan olunmasıdır.
Türk
xalqlarının birliyi
və həmrəyliyi
ideyasının böyük
tərəfdarı, Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini
xatırladan nazir dedi ki, Nizami
Gəncəvi və Yunus Əmrə kimi dahi söz
ustadlarının həyat
və fəaliyyəti
təsdiq edir ki, bu birlik
mədəni sahədə
də çoxəsrlik
tarixə malikdir: “Xalqlarımız kimi şairlərimiz, şeirimiz,
ümumən mədəniyyətlərimizin
də taleyi bir-biri ilə qırılmaz tellərlə
bağlıdır və
çağımızda bu
bağlılıq uğurlu
gələcəyimizin əsasında
dayanır. Nizami Gəncəvi və
Yunus Əmrə yaradıcılığı təkcə
ədəbi-bədii fakt
olmayıb, həm də milli şüurun
formalaşmasında bəlli
bir mərhələnin
göstəricisidir. Belə
ki, türk xalqlarının milli mənlik şüuru öz inkişafında üç əsas mərhələdən keçib:
əski ümumtürk
dövrü, orta çağ İslam dövrü və nəhayət, yeni çağ milliləşmə
dönəmi. Nizami Gəncəvi
də, Yunus Əmrə də əski dövrlə yeni dönəm arasındakı mərhələnin
nümayəndələri, təxminən eyni tarixi dövrün şairləridir. Yunus Əmrə
Nizaminin mənəvi varisi idi. Lakin Nizaminin Yunus Əmrəyə təsiri
birbaşa deyil, Cəlaləddin Rumi vasitəsilə olmuşdur.
Başqa
sözlə desək,
şairlər şairi
Nizami ozanlar ozanı Yunus Əmrənin ustadının
ustadı idi. Onlar hər ikisi XII-XIV yüzilliklərdə öz
zirvəsinə çatan
türk-İslam İntibahını
təmsil edirdi. Nizami Gəncəvi və Yunus Əmrənin əsərlərindəki ideya-məzmun
müştərəkliyinin təməlində həm
də onların zaman ortaqlığı dururdu. Bu ortaqlıq
sadəcə iki mütəfəkkirin deyil,
həm də xalqlarımızın mədəniyyət
və düşüncə
tərzinin ifadəsi kimi son dərəcə qiymətli və təqdirəlayiq faktdır”.
Anar Kərimov
qeyd etdi ki, milli müəyyənliyin
əsas göstəricilərindən
biri dildir. Nizami öz hikmətlər xəzinəsi olan “Xəmsə”ni və lirik şeirlərini dövrün ənənəsinə
uyğun olaraq fars dilində, ondan bir əsr
sonra yaşamış
Yunus Əmrə isə türk dilində yazsa da, türkçülük
ruhu onların hər ikisinin bədii düşüncəsindən
qızıl xətlə
keçir: “Bu, onların
əsərlərinin istər
forma, istərsə də
məzmununda öz parlaq ifadəsini tapır. Nizaminin tanınmış tədqiqatçılarından akademik Yevgeni Bertelsin dili ilə desək, o, türkcə düşünürdü
və məhz bu daxili dil
amili onu türkcə yazıb-yaradan
Yunus Əmrə ilə analoji düşüncə məkanına
gətirirdi. Nizami İslam
İntibahının son böyük
nümayəndələrindən biri olduğu kimi, Yunus Əmrə
də milli intibahın ilk təmsilçilərindən
biri idi. Biz Yunus Əmrə
yaradıcılığından danışarkən onun türk ədəbiyyatına,
türk bədii fikrinə töhfələrini
də qeyd etməliyik. Yunus Əmrə
Azərbaycanda da çox sevilir və onun yaradıcılığı
uzun illərdir Azərbaycan ədəbiyyatı
və mədəniyyətinə
öz təsirini göstərir. Eyni zamanda
Nizami Gəncəvi də türk ədəbiyyatı və
fəlsəfəsinə böyük
təsir edib”.
Anar Kərimov daha sonra dedi: “Nizami
Gəncəvi və Yunus Əmrənin timsalında Azərbaycan-Türkiyə
qardaşlığını bir daha önə
çəkmək istərdim.
Bu qardaşlıq tarixən olub. Son bir ildə
də bu qardaşlıq özünü
daha çox göstərdi və bütün dünyaya bunu bəyan etdik. Bu ilin
mart ayında Türkiyəyə
rəsmi səfərimdə
də mən bu qardaşlığın
bir daha şahidi oldum. Hörmətli mədəniyyət və turizm nazirinə qonaqpərvərliyə
görə bir daha təşəkkürümü
bildirirəm. İnanıram ki, bu konfrans,
eləcə də bəlli istiqamətdə ilin sonuna qədər
həyata keçiriləcək
layihələr xalqlarımızın
tarixi-mədəni birliyinin
təsdiqi və möhtəşəm nümayişinə
çevriləcək. Diqqətinizə görə hər
birinizə minnətdarlığımı
bildirir, konfransın işinə uğurlar diləyirəm”.
“Nizami insanların könül memarıdır”
Türkiyənin mədəniyyət və
turizm naziri Mehmet Nuri Ersoy
Türk dünyası
ədəbiyyatının dəyərli
təmsilçilərinə həsr edilən konfransa qatıldığına
görə məmnunluğunu
ifadə etdi. Dedi ki, bu əlamətdar
il bizi
bizə anlatmaq üçün bir fürsət yaradıb. Bu
konfrans həmin fürsəti dəyərləndirmək
üçün atılan
addımlardan biridir:
“Bu gün geriyə baxsaq, türk dövlətlərinin idarəsi
altında olan torpaqların genişliyi qədər mədəniyyətimizin
izinin genişliyini də görə bilərik. Çünki biz millət olaraq
hər zaman əxlaq, ədalət və firavanlıq kimi ənənələrimizi
yaşatmışıq. Bizə elmi ilə, sənəti ilə bunun qapısını açanlar isə heç bir zaman unudulmayacaq qədər dərin fəlsəfi anlama malik mütəfəkkirlərdir.
Onları yaşatmaq, təbliğ
etmək və gələcək nəsillərə
çatdırmaq məsuliyyətini
hər birimiz vətəndaş olaraq daşıyırıq. Bu gün “Nizamidən Yunusa bir olmaq”
deyərkən göz
nurumuz, könül aydınlığımız olan
bu iki şəxsiyyəti
böyük çərçivədə
anlamaq önəmlidir.
Yunus Əmrənin adı mədəniyyətimizi təbliğ
etmək və anlatmaq vəzifəsi daşıyan bir qurum üçün ən doğru seçimdir. Nizami insanların
qəlbinə yol tapmış bir könül memarıdır.
Bu gün, təəssüf
ki, dünyanın hər yerində insanların qəlbinə
kölgə salmaqda olan bir qaranlıq
var. Nifrətdən, kindən
bəslənən bir
qaranlıq. Yunusda və
Nizamidə əks etdirilən mədəniyyətimiz
bu xəstəliyə
daha əsrlər öncə qalib gələ bildi. Bizim ümumbəşəri hisslər
aşılayan və sülhə səsləyən
mədəniyyətimiz var. O səbəbdən Nizami və Yunusa sahib çıxmanın nə
qədər önəmli
olduğu böyük
anlam kəsb edir. Sonda isə Azərbaycanın
Mədəniyyət Nazirliyinə
konfransa dəstəklərinə
görə təşəkkürümü
bildirirəm”.
Türk dünyasının ortaq fəxrləri
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında dedi ki, Nizami və Yunus Əmrəyə həsr edilən illərin iki xalq olaraq bir arada qeyd edilməsi əlamətdar tarixdir: “Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunan “Söz dünyası” adlı kitabda böyük şairlər Nizami, Füzuli, Nəsimi, Xətai ilə yanaşı Nəvai, Mövlanə və Yunus Əmrə yaradıcılığına da geniş yer ayrılıb. Hər iki şairin yaradıcılığında bir-birimizə yaxın örnəklər var. Nizami geniş biliklərə sahib şair idi. O, dünyanı zamansız və məkansız görürdü. Yunus Əmrənin böyüklüyü ondadır ki, o, Azərbaycan türkcəsinə yaxın olan dildə öz əsərlərini yaratmışdı”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Yunus Əmrə və Nizamini Türk dünyasının ortaq fəxrləri adlandırdı. Bildirdi ki, Avropa Balzak, Şekspir, Homerlə fəxr etdiyi kimi Türk dünyası da Nizami və Yunus Əmrə kimi dahiləri ilə fəxr edir.
Türkiyəli ədəbiyyatşünas Mustafa Özçelik bildirdi ki, Nizami də, Yunus Əmrə də insanları cəhalətdən elmə çağırır. Yaradıcılıqlarındakı fəlsəfilik onların bəşəri ideyalarının əbədiliyini göstərir.
Videokonfransın sonunda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç konfrans iştirakçılarına öz təşəkkürünü bildirdi.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 26 may.-
S.1;2.