“Muzeylər və Nizami irsi” proqramı yekunlaşır

 

Xəbər verdiyimiz kimi, “Nizami Gəncəvi İli”ndə keçirilən ənənəvi “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı beynəlxalq virtual proqrama start verilib

Proqram 18-26 may tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə reallaşır. Beynəlxalq virtual proqramın məqsədi məktəbliləri Nizami irsi ilə tanış etməkdir. 

Proqram çərçivəsində Mədəniyyət Nazirliyinin şəbəkəsi üzrə – Gəncə şəhərindəki  Nizami Gəncəvi Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Milli İncəsənət Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə, AMEA-nın tabeliyində olan N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə, Milli Azərbaycan Tarixi Muzeyinə, M.Füzuli adına Əlyazmalar İnstitutuna, habelə ABŞ Konqres Kitabxanasına və Moskvadakı Dövlət Şərq Muzeyinə virtual ekskursiyalar təşkil edilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Nizami Gəncəvi İli” çərçivəsində “Nizamimusiqi” adlı beynəlxalq onlayn konfrans keçirilib, muzeyin kolleksiyası əsasında eyniadlı sərgi hazırlanıb. Sərgi muzeyin zallarının birində nümayiş olunur

Təhsil Nazirliyinin nəzdində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi bu sərgiyə böyük maraq göstərib. Muzeydə nümayiş olunanNizamimusiqi” sərgisi üzrə məktəblilər üçün virtual ekskursiya və canlı yayım təşkil olunub, ayrı-ayrı eksponatlar haqqında ətraflı məlumatlar verilib.  Məktəblilər həm muzeylə, həm də musiqidə Nizami irsi mövzusu ilə tanış olublar. Tədbir məktəblilərin böyük marağına səbəb olub, onların canlı efirdə verdikləri suallar cavablandırılıb.

 

Mədəniyyət.- 2021.- 26 may.- S.2.