“Azərbaycan musiqi mədəniyyətinin
yeni cığırını açmaq lazımdır”
Mayın 1-də Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Əzimovun 75 yaşı tamam oldu. Bəstəkarla görüşüb söhbət etdik.
– Aydın müəllim, zəngin yaradıcılıq yolu keçmisiniz. Bu yolun ən yaddaqalan məqamlarını necə xatırlayırsınız?
– Bu yolda
unudulmaz anlar çox olub. Həyat axar sudur,
gedir. Amma elə anlar olur ki, insanı dəyişdirir.
Həyatda elə bir insanla rastlaşırsan ki,
o səni sanki peyvənd edir. Həmin
insanları da bizə Tanrı yollayır. Mən
buna qəti inanıram. Bu insanlar vasitəsilə
biz yaşadığımız mühitə və insanlara
başqa gözlə baxmağa başlayırıq. Həyatımın ən işıqlı, unudulmaz
anı kimi Tibb Universitetinin kafedra müdiri Mir Kazım
Aslanlı ilə tanışlığımı
xatırlayıram. Tibb elmləri doktoru olan
Mir Kazım Aslanlı 9 dil bilir, qəzəl, bayatı, pyes və
romanlar yazırdı. Müxtəlif dillərdən
tibb elminə dair tərcümələr edir, ingilis
yazıçılarını orijinaldan oxuyurdu. O həm
də gözəl bəstəkar idi. Skripkada
muğamlarımızı ifa edirdi. Onun
öz sistemi var idi. İndi oturduğumuz bu
binanın (Bakı Musiqi Akademiyası – L.A.) birinci mərtəbəsində
tibb məntəqəsi vardı. Kazım
müəllim həmin məntəqənin müdiri idi. Həftənin cümə günləri evində
musiqi, şeir məclisləri təşkil edərdi. O məclislərdə
musiqimizin qaymaqları iştirak edirdi. Mən
çox gənc ikən bu gecələrə qatılardım.
Kazım müəllim elə gözəl mətləblərdən
söhbətlər edərdi ki... Günlərin bir
günü mən onlarda olarkən pianoda Üzeyir bəyin
“Koroğlu” operasından “Uvertüra”nı
ifa etməyə başladı. Mən də
oturub dinləyirdim. Birdən musiqini saxlayıb elə
möhkəm səslə üstümə
qışqırdı ki, diksindim: “Qalx ayağa! Bu musiqini ayaq üstə
dinləyərlər, anladınmı!”. Bu hadisə mənim həyatımda önəmli rol
oynadı. Qısası, onu deyim ki, 75 ildən
geri boylananda Aydın Əzimov kimdir sualının cavabı
Mir Kazım Aslandadır bəlkə də. Həyatımda, düşüncəmdə
mühüm rolu olan insanlar arasında Səttar Bəhlulzadə
və Kamal Əhmədovun adlarını da qeyd etməliyəm.
– İlk təhsilinizi nəzəriyyə üzrə
almısınız. Bəs sizi bəstəkarlığa
çəkən nə idi?
– İlk olaraq onu deyim ki, bu gün bizdə nəzəriyyəyə
el arasında deyilən sanki “rus münasibəti” var. Bu,
doğru deyil.
Bəstəkar özü birinci nəzəriyyəçidir.
Ayrıca nəzəriyyə üzrə mütəxəssis
sovet təhsil sisteminin formasıdır. Xalqımızın
böyük musiqi mədəniyyəti var. Əsas odur ki,
Üzeyir bəy musiqimizdə yeni bir səhifə
açıb. Ondan əvvəl
Əbdülqadir Marağayi, Səfiəddin Urməvi var.
Onların hamısı bəstəkardır və nəzəriyyəçi
olmayıblar. Onların hər bir işi tədqiqatdır.
Üzeyir bəyin özü böyük tədqiqatçıdır.
“Azərbaycan xalq musiqisinin əsasları”nı
yazıb. Bu da təsadüfi deyil. Başqası yaza bilərdimi bunu? Bunu yalnız bəstəkar yaza bilərdi.
Bəstəkarlığa marağıma gəldikdə,
musiqi məktəbinin 6-7-ci siniflərində oxuyarkən mən
artıq kiçik əsərlər bəstələyirdim. Bir dəfə müəllim
macar məqamları dərsindən bizə tapşırıq
verdi ki, bu məqamlarda 3-4 xana əsər
hazırlayın. Mən bir dəftər gətirib
müəllimə təhvil verdim. O vaxt məktəbin rəhbərliyi
və müəllimim çox təəccüblənmişdilər.
Çünki bəstələrim haqqında həmin günə
qədər heç kim bilmirdi. Daha sonra Asəf
Zeynallı adına Musiqi Texnikumunun Nəzəriyyə
və fortepiano fakültəsinə, Midhəd Əhmədovun
sinfinə qəbul olundum. Həmin vaxt bəstəkarlığı
da fakültativ keçirdim. Sonra Xəyyam
Mirzəzadədən dərs aldım. 1964-cü
ildə isə konservatoriyada Qara Qarayevin sinfinə daxil oldum.
–
1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio
Komitəsində çalışmısınız. O zamankı
televiziya və radionun musiqi səsi ilə bu günün səsi
arasında nə kimi fərqlər var?
–
Böyük yunan alimi Heraklitosun belə bir sözü var: “Hər
şey axır və dəyişir”.
Mən bilirəm, insanlar bu sahədən
çox narazıdır. Amma bu məsələdə
hamını nəzərdə tutmuram. O kəsləri nəzərdə
tuturam ki, Azərbaycan mədəniyyətinin, heç olmasa,
bir daşını çiynində daşıyır. Mən də onların narazılıqları ilə
şərikəm. Amma mən həm də
bir işçi kimi narazıyam. Çünki
Dövlət Teleradio Komitəsində kiçik redaktordan
şöbə müdirinə qədər yol keçmişəm.
Sonra səs rejissorluğuna dəyişildim.
Rəhmətlik Cahangir Cahangirov o vaxt bədii rəhbər
idi və ağlıma gəlməzdi ki, nə vaxtsa mən onu
əvəz edərəm. Bütün fəaliyyətimiz
nəzarətdə idi və bir səhvə görə
insanlar böyük məsuliyyət daşıyırdılar.
Hər musiqini də efirə vermək
olmazdı. Bu gün bəstəkarlarımız
bir o qədər aktiv deyillər. Mən
hazırda Bakı Musiqi Akademiyasının Bəstəkarlıq
kafedrasının müdiriyəm. Allah rəhmət eləsin,
böyük bəstəkarımız Arif Məlikovdan sonra bu
iş mənə həvalə edilib. Bu kafedrada Üzeyir bəy,
Qara Qarayev, Arif Məlikovun bayrağını mən götürmüşəm və
çalışıram layiqincə davam etdirim. Bütün gənc bəstəkarlar buradan
keçir. Çox istedadlı gənclik
var. İstedadlı insan bizim üçün qeyri-adilik deyil.
Amma nəzərə almalıyıq ki, istedadlar
azdır axı və biz gərək onlara şərait
yaradaq. Onları yetişdirmək
üçün müəyyən rejim, strategiya
olmalıdır. Hər bir gənc bəstəkar
maddi tərəfdən təmin edilməlidir. Bəstəkar gərək yaza və bunun
müqabilində həm maddi, həm də mənəvi tərəfdən
təmin oluna. Onun əsərləri gərək
radio və televiziyada, konsert salonlarında səslənə.
Bu, böyük
problemdir.
Bu gün, şükürlər olsun ki, ən
böyük problemimiz aradan qalxıb, torpaqlarımız
işğaldan azad edilib. Qələbə qazanmışıq.
Sənət sahəsində, mədəniyyət
sahəsində mücadilə isə hələ ki davam edəcək.
İrəlidə isə o işıq
görünür. Hazırda gənc bəstəkarların
fəaliyyətində o qədər də aktivlik yoxdur.
Belə olanda da radio və televiziyada yüksək
zövqlü əsərlər az səslənəcək.
Əsərlər olmayanda keyfiyyətli ifaçı,
müğənni də az yetişir. Biz bu
gün Şövkət Ələkbərova, Rəşid
Behbudov, Bülbül və digər sənətkarların
adını çəkəndə unutmamalıyıq ki,
Üzeyir bəy, Fikrət Əmirov, Qara Qarayev, Cahangir
Cahangirov və s. bəstəkarlar olmasaydı, onlar da
yetişməyəcəkdi. Ondan sonrakı nəsil də bu yolu
davam etdirdi: Səid Rüstəmov, Tofiq Quliyev, Qəmbər
Hüseynli və s.
–
Aydın müəllim, bəstəkarlıqla bağlı
problemlərin həllini nədə görürsünüz?
–
Üzeyir bəy və ondan sonrakı böyük bəstəkarlar
Azərbaycan üçün artıq öz vəzifələrini
yerinə yetirmişlər. Bundan sonra necə
olacaq, artıq bunu düşünmək lazımdır.
Azərbaycan musiqisində, xüsusən də bəstəkarlıq
sahəsində bu gün sanki bir eniş var. Bu da təbii
haldır. Böyük yoxuşdan sonra həmişə
eniş olar. Bu, təbiətin və
ümumiyyətlə, cəmiyyətin qanunudur. Azərbaycan musiqi mədəniyyətinin yeni
cığırını açmaq lazımdır. Yeni musiqi texnologiyasını qurmaq lazımdır.
Açıq deyim ki, musiqi sahəsində elmi tədqiqat
işləri aparılsa da, bu işlərin o qədər də
nəticəsi yoxdur və gənclər bunları oxumurlar.
Bu sahədə hamının xətrini çox istəyirəm,
amma gəlin etiraf edək ki, Üzeyir bəy qədər xeyri
olan heç bir iş ortaya çıxmayıb. Demək ki, musiqi sistemində nəyisə dəyişmək,
yeni kəşflər etmək lazımdır. Dünyəvi yeniliklər etmək gərəkdir.
Məsələn, bizim elmimiz niyə Rusiya elminə
bağlı olmalıdır. Bu, doğru
deyil. Həmin dövr artıq qapanıb.
Demirəm baxma. Rusa da bax,
türkə də bax, ingilisə də bax. Gör onlar necə tədqiq edir. Rus tədqiqatçıları bizə artıq
yararlı deyil. Türk
dünyasının böyük musiqi mədəniyyəti
var. Bu sahədə nələr etmək olar, deyə
düşünməliyik. Bizim isə hələ
XII əsrdə muğam sistemimiz mövcud idi. Səfiəddin
Urməvi, Əl-Fərabi sistemimiz vardı. Bunlar
üzərində araşdırmalar aparmaq lazımdır.
Bakı Musiqi Akademiyasında “Nəsimi ili”
çərçivəsində müsabiqə təşkil
etdik, indi də “Nizami ili” ilə əlaqədar daha bir
müsabiqə elan edilib. Qələbəmizlə
bağlı Mədəniyyət Nazirliyi, BMA və Bəstəkarlar
İttifaqı birgə daha bir müsabiqə keçirir.
Hazırda Üzeyir bəylə bağlı bir
müsabiqə layihəsi üzərində
çalışırıq. Oktyabr
ayında yekunlaşacaq bu müsabiqələrdə gəncliyin
sözünü və səsini eşidəcəyik. Gələcək onların əlindədir.
– Bir qədər
də fəaliyyətinizin Türkiyə dönəmi barədə
danışaq...
– On il qardaş Türkiyədə
çalışaraq Azərbaycanı təmsil etdim. Mən
ora maaş xətrinə getməmişdim.
Həmin dövr burada yaxşı işim də
var idi, Milli Məclisdə Mədəniyyət komitəsində
komissiyanın üzvü idim, teatr və filmlərə musiqilər
yazırdım. Yəni, demək istəyirəm
ki, normal həyat şəraitim var idi. Türkiyəyə
bir tələbəni Almaniyada ali musiqi təsili
almaq üçün hazırlaşdırmaq məqsədilə
dəvət edilmişdim. Azərbaycan bəstəkarlıq
məktəbinin yetirməsiyəm və bilirəm ki, bizim məktəb
ən yüksək səviyyədə olan məktəbdir.
Qismət elə gətirdi ki, məni orada
saxladılar. Mersin Universiteti Dövlət
Konservatoriyasına işləməyə dəvət olundum və
orada bəstəkarlıq şöbəsini təşkil edərək
onlarla bəstəkar yetişdirdim. Sonra Arif Məlikov
Bakıya, indiki kafedraya dəvət etdi və ailəm də
burada olduğu üçün qayıtmalı oldum.
– Bizdə
və Türkiyədə musiqi təhsilini, dinləyici
zövqünü necə dəyərləndirirsiniz?
–
Türkiyənin böyük şəhərlərində bələdiyyə
konservatoriyaları var. Çox cüzi miqdarda məbləğ
müqabilində xalq musiqisini öyrədən dərnəklər
də fəaliyyət göstərir. O səbəbdən də
Türkiyədə ən azından xalq musiqisini anlayan dinləyicilər
yetişir. Bizdə, əfsus ki, bu gün
musiqimizin, xalq mahnılarımızın yüksək
zövqlü dinləyicisi azdır. Biz hələ
o vaxt müəllimim Qara Qarayevlə bu mövzuda geniş
müzakirələr edərdik. O
düşünürdü ki, bizdə musiqinin tədrisinin bir
konservatoriyada cəmlənməsi müsbət haldır. Mən isə ayrılmasını
arzulamışdım. Amma, nə yalan
deyim, bu gün bu ayrılığı da fərqli
görürəm. Milli Konservatoriyada bu
gün bütün Şərq sənətləri bir araya gəlməlidir.
Məsələn, Şərq sənətləri
akademiyası kimi. Musiqi, xəttatlıq və s. sahələri
özündə birləşdirməlidir. Biz
sovet vaxtının tədrisindən uzaqlaşmalıyıq.
Elə məqamlar var ki, biz dünya təcrübəsindən
öyrənməli və tətbiq etməliyik. Bəzi məsələlərdə biz Türkiyəyə,
onlar da bizim təcrübəyə əsaslanmalıdır.
–
Sorağınızı daha çox tələbələrinizdən
alırıq. Hər zaman sizin haqqınızda xoş hisslərlə
danışırlar...
– Bizim
kafedrada hər il onlarla bəstəkar
yetişir. Onların həyat prinsipi ilə
bağlı olan məsələni də bayaq
vurğuladım. İstedadlı gənclərimiz
var və onlara mənəvi və maddi dəstək olmaq
lazımdır. Əgər maddi imkan
olmasaydı, Motsart, Bethoven, Haydn da olmayacaqdı. Bu böyük problemdir və bu sahədə
qanunvericilik olmalıdır. Qeyd etdiyim kimi,
köhnə sistem artıq dağılıb və o zaman hər
şey çox bəsit idi. Mən
özüm həmin sistemin yetirməsiyəm. O vaxt gənc
bəstəkar kimi simfoniyamı nazirliyə satdım və
çox böyük məbləğ ala bildim. Bu
mənim üçün böyük hadisə idi. Əvvəllər əsərlərimizi Bəstəkarlar
İttifaqına təhvil verirdik və müqabilində də
müəyyən məbləğ alırdıq. İndi bu sistem yoxdur, nə teatr, nə də kino bəzən
heç bəstəkar axtarmır. Bu səbəbdən
də gənc bəstəkarlar üçün çox
çətindir. Hazırda Natiq Muradxanlı, Azər
Hacıəsgərli, Ülkər Məmmədli, Aysel
Əzizova, Üzeyir Məmmədov, Vüqar Məmmədzadə
kimi ümidverici gənclərin adlarını çəkə
bilərəm. Vüqar həm də 44
günlük Vətən müharibəsi qazisidir. Əgər onlara şərait yaradılarsa, daha da
gözəl əsərlər yarada bilərlər. Onlar onsuz da yazacaqlar. Lakin bulaqdan gələn
suyun bəndini təmizləyib, yolunu açsan su daha da gur gələr...
– Bu il ölkəmizdə “Nizami ili”dir, eyni zamanda
işğaldan azad olunan Şuşa Azərbaycan mədəniyyətinin
paytaxtı elan edilib. Yaradıcılığınızda
bu mövzuda yenilik varmı?
–
Yaradıcı insanların işi həmişə
üstü bir gün açılan sirr kimidir. Qoy
bu sirr olaraq qalsın, amma bir gün, təbii ki, məlumatınız
olacaq. Vətən müharibəsindəki
Qələbəmiz bizim üçün böyük hadisədir.
Ancaq bu, yaradıcı insanların içindən
keçməlidir. Pioner deyilik ki, “həmişə
hazırıq” prinsipi ilə yazaq. O vaxt Stalin
dövründə hansısa bir əsər sifariş verilirdi
və ucuz, keyfiyyətsiz olsa belə, mükafatını
alırdı. Qələbəmizdən sonra
bütün cəmiyyət hələ də bu şanlı
hadisənin yaxşı mənada həyəcanını
yaşayır. Düzdür, elə insanlar var ki, onun
üçün adi hal ola bilər.
– Bildiyim
qədər, Qarabağ, müharibə mövzusunda “Ümid” və
“Yalan” filmlərinə də musiqi yazmısınız.
–
1990-cı ildə Yusif Səmədoğlunun romanı əsasında
çəkilən “Qətl günü” filminə (rejissor
Gülbəniz Əzimzadə – red.) musiqi yazmışdım. Düzü, o musiqinin belə möhtəşəm
alınacağına heç inanmırdım. Yusif Səmədoğlunun
qardaşı Vaqiflə yaxın dost idik. “Qətl
günü”nə musiqi yazmağımı da o məndən
xahiş etmişdi. Ondan sonra Gülbəniz
Əzimzadə ilə “Ümid” filmini (1995) işlədik.
Bu filmi çox sevirəm. “Yalan”
filminə (rejissor Ramiz Əzizbəyli – red.) musiqi yazarkən
Türkiyədə idim. Səslənməsi,
orkestrovkası mənsiz olduğu üçün düzəlişlər
edə bilmədim.
– İlk
dəfə Flora Kərimovaya muğamı siz ifa etdirmisiniz...
– Flora
xanım deyir ki, mən “Ağ tut”u oxuyanda saflaşıram və
bu əsəri heç vaxt fonoqram oxumayacağam. Neçə
dəfə dedim ki, gəl televiziyada yazaq arxivdə qalsın. Əfsus ki, alınmadı. O, bu əsəri Bəstəkarlar
İttifaqının plenumunda, teleradio günündə
canlı ifa edib.
– Mütəxəssislər
muğamla müasir bəstəkarlıq texnikalarını
ustalıqla əlaqələndirməyinizi yüksək qiymətləndirirlər...
– Elə bir mövzuya toxundunuz ki, bir müsahibəyə sığmaz. Burada tək muğam deyil, aşıq sənəti də var. Aşıq musiqisi təməldir. Ürəyim doludur. Bu prosesi tələbələrimlə davam etdiririk. Allahdan bir az möhlət istəyirəm ki, tələbələrimə bunu ötürə bilim.
– Bu mövzuda nə vaxtsa fikirlərinizi geniş bölüşməyə söz verirsinizmi?
– Bilirsiniz, söhbət Üzeyir bəyin yadigar qoyduğu böyük platformadan gedir. İnşallah, bir gün bu mövzuda geniş söhbət açacağam.
– Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
– Mən də “Mədəniyyət” qəzetinin kollektivinə uğurlar arzulayıram.
Söhbətləşdi: Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 26 may.-
S.5.