“Azərbaycan nağılları” kitabı holland dilində çapdan çıxıb

 

Niderlandda “Azərbaycan nağılları” kitabı holland dilində işıq üzü görüb. Kitab Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib.

 

Nağıllarımızın holland dilinə tərcüməsi, onlara rəngli milli koloritdə illüstrasiyaların hazırlanması və nağıllar toplusunun nəşriyyatda çap edilməsinə bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri cəlb edilib. Kitabda “Cırtdan”, “Göyçək Fatma”, “Usta və şəyirdi”, “Tənbəl Əhməd” və “Daşdəmir” kimi Azərbaycan nağılları yer alıb.

 

Azərbaycan nağıllarının ilk dəfə Niderlandda nəşri 28 MayRespublika Günü ərəfəsinə təsadüf edir. Kitabın Haaqa Uşaq Muzeyində təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günündə isə “Azərbaycan nağılları” kitabı uşaq bağçalarına, məktəblərə, uşaq xəstəxanalarına, reabilitasiya mərkəzlərinə, mədəniyyət ocaqlarına, Niderland Kral Kitabxanasına, ölkə parlamentinin kitabxanasına və digər aidiyyəti qurumlara hədiyyə ediləcək.

 

Holland dilinin Belçika, Surinam, İndoneziya, Cənubi Afrikada qismən istifadə edildiyi nəzərə alınaraq, kitabın həmin ölkələrdə yayılması da səfirlik tərəfindən həyata keçiriləcək.

 

 

Mədəniyyət.- 2021.- 28 may.- S.8.