“Naxçıvan – bəşəriyyətin beşiyi

 

Beynəlxalq festival iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

 

Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilib.

 

Mayın 25-də Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərginin açılışında iştirak edib.

 

Bildirilib ki, festivalda ölkəmizin  bölgələrindən 40 rəssam (o cümlədən Naxçıvan MR-dən 22 nəfər) iştirak edib. Festivala Türkiyə, İran, Rusiya, Özbəkistan, Türkmənistan və Kosovadan 23 rəssam onlayn formatda qatılaraq Naxçıvana həsr olunmuş əsərlərini göndəriblər. Sərgidə rəssamların festivalda çəkdikləri 44 rəsm əsəri nümayiş olunub.

 

Cavid İsmayılovun “Qayıdış”, Eldar QurbanovunFestival”, Arzu Novruzovun “Zəngəzur dəhlizi”, Səriyyə Əkbərovanın “Güllü-çiçəkli Naxçıvanım”, Adil YusifovunDağlar”, Hökümə Məmmədlinin “Naxışlar diyarı”, Ülviyyə Həmzəyevanın “Üçqardaş piri”, Təranə SeyidinQoç daşlar”, İrina Eldarovanın “Laləli Naxçıvan”, Qəhrəman Tağıyevin “Haçadağ”, Fikrət BabayevinAza körpüsü” və digər əsərlər maraqla qarşılanıb. Bildirilib ki, festivalda çəkilən əsərlər muxtar respublikanın muzeylərinə təqdim olunacaq.

 

Tədbirdə həmçinin 2012-ci ildən keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” beynəlxalq rəsm festivallarının, Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuşYurdumun rəngləri” albom-kataloqları, eləcə də müxtəlif dövrlərdə nəşr olunmuş “Bəhruz Kəngərli”, “İbrahim Səfiyev” albom-kataloqları da nümayiş olunub.

 

 

Mədəniyyət.- 2021.- 28 may.- S.8.