“Dədə Ələsgər Azərbaycan
aşıq irsinin sənət pasportudur”
Məhərrəm Qasımlı: “İstəyirik
ki, Ələsgər irsi
Avropada, Amerikada, Şərq
ölkələrində tanıdılsın. Bu
istiqamətdə işlərə başlamışıq”
Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Prezident İlham Əliyev 18 fevral 2021-ci ildə sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təkliflərini nəzərə almaqla Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Aşıq Ələsgərin yubiley ili, sözün geniş mənasında, çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır. Çünki ustad sənətkar ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətlər göstərib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə söhbətimizdə yubiley ilində nəzərdə tutulan tədbirdən danışdıq. Müsahibim ilk növbədə Aşıq Ələsgər irsinə dövlət qayğısından söz açdı:
– Azərbaycan aşıq sənətinin ən görkəmli simalarından biri olan Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib. Ötən əsrin 30-cu illərində aşıq poeziyası ilə bağlı işıq üzü görən ilk kitab da məhz Aşıq Ələsgərin kitabı olub. Ondan sonra da hər onillikdə Aşıq Ələsgərin irsi ilə bağlı kitablar nəşr olunub. Bu istiqamətdə Əhliman Axundovun, Məmmədhüseyn Təhmasibin, İslam Ələsgərin çox dəyərli işləri olub. Amma ən qiymətli iş və ümumiyyətlə, bu istiqamətdə güclü yönəldilmə 70-ci illərdən başladı. 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı ulu öndər Heydər Əliyevin göstərişi əsasında həm Bakıda, həm də Moskvada – Kreml Sarayında tədbir keçirildi. Heydər Əliyevin siyasi nüfuzunun nəticəsi olaraq Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldıldı. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olunub. Mən Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı sərəncamını çox yüksək qiymətləndirirəm. Ona görə ki, pandemiya dövründə mədəniyyətə xüsusi diqqətin olması, ölkəmizdə həm “Nizami ili” elan edilməsi, həm də Dədə Ələsgərin yubileyinin keçirilməsi fövqəladə hadisədir. Bu mənada sərəncam dövlətimizin yeritdiyi humanitar siyasətin nə qədər əhəmiyyətli olduğunu göstərir.
– Yubileylə bağlı nə kimi tədbirlər nəzərdə tutulur?
– Pandemiya şəraiti yubileylə bağlı kütləvi tədbirlərin təşkilinə maneçilik törədir. Bununla belə, biz Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə bu istiqamətdə işlər görürük. Sərəncama uyğun olaraq təkliflər hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etmişik. Təkliflərin içində Dədə Ələsgərin yubiley ilində heykəlinin hazırlanması da əksini tapmışdı. Mən qabaqcadan elm və mədəniyyət ictimaiyyətinə xoş bir müjdə vermək istəyirəm. Artıq Aşıq Ələsgərin heykəli hazırlanır, yəqin ki, payıza qədər abidə hazır olacaq.
– Heykəlin müəllifi kimdir, harada qoyulacaq?
– Abidənin müəllifi tanınmış heykəltəraş,
Xalq rəssamı Natiq Əliyevdir. İstəyirik ki, şəhərin
mərkəzi bir yerində, Dədə Qorqud parkı ərazisində qoyulsun.
Bu məsələ də dövlət başçımızın diqqətindədir.
Yubiley ilində
eyni zamanda Dədə Ələsgərin
külliyyatı, onunla
bağlı olan dastan və rəvayətlər, haqqında
yazılmış şeirlər,
poemalar nəşr olunacaq. Artıq “Aşıq Ələsgərlə
bağlı dastan-rəvayətlər”
kitabı çapa getmək üzrədir.
Bundan başqa, il ərzində
təqribən yeddiyə
yaxın elmi nəşrin hazırlanmasını
nəzərdə tutmuşuq.
Bunların içində həm
antoloji nəşrlər,
həm külliyyat, həm də Dədə Ələsgərlə
bağlı albom var. Həmin albomda həm video, həm də audiodisklər öz əksini tapacaq. Yəqin ki, iyun ayında albom hazır olacaq. Həmçinin payızda beynəlxalq
elmi konfranslar gerçəkləşdirəcəyik. İlin birinci yarısında yubileylə bağlı iki böyük tədbirimiz reallaşıb.
Tədbirlərdən birini Türkiyə
Ədəbiyyat Vəqfi
ilə, digərini Respublika Gənclər Kitabxanası ilə uğurla keçirmişik.
Onu da qeyd edim ki,
Aşıq Ələsgərlə
bağlı Azərbaycan
Televiziyasının “Mədəniyyət”
kanalında indiyə qədər çoxsaylı
verilişlər yayımlanıb. Bu verilişlərdə ustad
aşığın dastan
və rəvayətləri
təqdim olunub, musiqiləri səsləndirilib.
Həmin
dastan və rəvayətlərin bir qismini biz albomda yerləşdirmişik. Onlar da yaxın zamanda işıq üzü görəcək. Yubiley
ili ilə
bağlı klassik irsimizin gənclərə
mənimsədilməsi məqsədilə
Aşıq Ələsgər
və gənclik mövzusuna həsr olunan işlər də görürük. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində,
Azərbaycan Milli Konservatoriyasında təhsil
alan və
aşıq sənəti
ilə məşğul
olan gənclərin iştirakı ilə “Mədəniyyət” kanalında
“Aşıq Ələsgər
və gənclik” adlı veriliş efirə gedəcək. Verilişi Gülarə Azaflı başda olmaqla Altay Məmmədli, Samirə Əliyeva və digər aşıqlarımız
hazırlayıblar.
– Aşıq Ələsgər
irsinin beynəlxalq miqyasda tanıdılması
istiqamətində iş
aparılırmı?
– Aşıq Ələsgər
irsinin beynəlxalq səviyyədə təbliği
ilə bağlı da işlərimiz olacaq. Əlbəttə, İranda, Türkiyədə,
Gürcüstanda bu işi görmək asandır. Çünki bu ölkələrdə
aşıqlarımızın əlaqələri var. Amma
biz istəyirik ki, Ələsgər irsi daha geniş coğrafiyada, Avropada, Amerikada, Şərq ölkələrində tanıdılsın.
Bu istiqamətdə artıq işlərə başlamışıq. Pandemiya ilə
bağlı vəziyyət
nisbətən yumşalandan
sonra ya xarici ölkələrdən
mütəxəssislər ölkəmizə
dəvət olunacaq, yaxud da bizlər
gedib Ələsgər
irsini təbliğ edəcəyik. Əgər pandemiya
ilə bağlı vəziyyət yaxşı
olarsa, Heydər Əliyev Sarayında oktyabr, ya noyabr
aylarında beynəlxalq
səviyyədə təntənəli
yubiley tədbiri keçiriləcək. İlin
sonuna doğru isə Aşıq Ələsgər irsinin təbliği yolunda qiymətli iş görən gənc və ustad aşıqlara
mükafatlar verəcəyik.
Aşıq Ələsgərin şeirlərinin gözəl
ifaçısı olan
gənc və ortayaşlı aşıqlara,
habelə dastan ifaçısı olan aşıqlara yeddi nominasiya üzrə mükafat təqdim edəcəyik. Əgər imkan
olarsa, Təbrizdən,
Ankaradan, İstanbuldan,
Tiflisdən olan aşıqlar da mükafatlandırılacaq.
– Qeyd etdiniz ki,
Aşıq Ələsgərin
əsərləri dəfələrlə
nəşr olunub. Son dövrlərdə saz-söz ustadına aid yeni əsərlər aşkar edilibmi?
– Prezident Heydər Əliyevin Aşıq Ələsgərin 175 illik
yubileyinin qeyd olunması ilə bağlı 1997-ci ildə
imzaladığı sərəncama
əsasən, “Aşıq
Ələsgər: dastan,
rəvayətlər və
xatirələr” külliyyatını
nəşr etdirdik. Ondan sonrakı dönəmdə
kitab əlavələr
və düzəlişlərlə
yenidən nəşr
edildi. 200 illik yubileylə bağlı Aşıq Ələsgərin nəticəsi
Xətai Ələsgərli
ilə külliyyatın
son variantını dəqiqləşdirib
Mədəniyyət Nazirliyi
və Milli Kitabxana ilə birlikdə nəşrini hazırlayırıq. Yəqin ki,
payız aylarında külliyyatın yeni nəşri hazır olacaq. Bundan əlavə, yubileylə
bağlı “Aşıq
Ələsgər. Lirika”
kitabı çap olunub. Bu kitabın
digər nəşrlərdən
fərqi ondan ibrətdir ki, burada şeirlərin hansı havalarla oxuna biləcəyi də qeyd edilib.
Həmçinin yaxın zamanlarda
“Aşıq dərsləri”
adlı albomumuz işıq üzü görəcək. Albomda Aşıq
Şəmşirdən başlayaraq
bu günə kimi Aşıq Ələsgərlə bağlı
oxunan 40-a yaxın ifa yer alıb.
Albom həm də tədris vəsaiti kimi nəzərdə tutulub.
Yubiley ilində
imkan yaranarsa, Qazaxda, Gəncədə, Göygöl və müxtəlif bölgələrimizdə
Dədə Ələsgərlə
bağlı tədbirlər
keçiriləcək.
Mən hər zaman deyirəm ki, Aşıq Ələsgər Azərbaycan
aşıqlığının sənət pasportudur. Bu mənada həm tələbələrimizə, həm də bu sənətə yönələn gənc aşıqların hamısına
Aşıq Ələsgəri
bir sənət pasportu kimi sinələrində
daşımağı vacib
bilirəm.
Aşıq olub tərki-vətən
olanın
Əzəl başda bir kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Və yaxud bir ayrı
şeirində Aşıq
Ələsgər deyir:
Yaxşı hörmətlə, təmiz
adla
Mən dolandım
bu Qafqazın elini.
Pirə
ata dedim, cavana qardaş,
Ana, bacı bildim qızı, gəlini...
Əgər aşıq bunu özünə mənəvi
yük kimi götürürsə, ona
söz yoxdur. O, əxlaqlı,
ədəbli, yüksək
səviyyəli bir insan kimi cəmiyyət
içində mövqe
tutacaq...
– Aşıqlar Birliyi
olaraq Mədəniyyət
Nazirliyi ilə müştərək layihələriniz
varmı?
– Əlbəttə. Bütün saydığım bu nəşrlərin hazırlanması müştərək layihələrdir. Hətta biz pandemiya ilə bağlı vəziyyət normallaşarsa, müsabiqə keçirməyi də nəzərdə tutmuşuq. Müsabiqə Mədəniyyət Nazirliyinin xətti ilə olacaq. Mən istərdim ki, Aşıq Ələsgərin adını daşıyan mədəniyyət ocaqları, aşıq məktəbləri, musiqi məktəbləri olsun. Müəyyən mədəniyyət və istirahət parklarına onun adı verilsin.
– Sonda bir qədər də cari fəaliyyətiniz haqqında məlumat verərdiniz.
– Keçən ilin sonunda “Qarabağ meydanı – Koroğlu meydanı” adlı albomumuz işıq üzü görüb. Albomda Vətən müharibəsində əsgərlərimizin döyüş ruhunu daha da artırmağa xidmət edən və həftədə bir dəfə “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişində səsləndirilən aşıq havaları yer alıb. Bundan başqa, Fətulla Göyçəli, Ürfan Əli, Məmməd Bozalqanlı kimi ustad aşıqların ifasında dastan-rəvayətləri yenidən lentə alırıq. Gələn il XVIII əsrin görkəmli aşıqlarından olan Aşıq Valehin 300 illik yubileyidir. Bununla bağlı da müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2021.- 28 may.- S.4.