Qədim tariximizə güzgü tutan xalça

 

Çox-çox qədimlərdən el sənətinin el şöhrətinə çevrilməsini şərtləndirən milli xalçaçılığımızın estetikası zamanın axarında nə qədər klassik-kanonlaşmış görkəm alsa da, onun ötən yüzilliyin ikinci yarısına təsadüf edən inkişafında ənənəviləşən bu tutuma yeni – özünəməxsus “müdaxilə”lərin baş verdiyinə şahidlik etmək mümkündür.

 

Bu sahənin görkəmli nümayəndəsi Lətif Kərimovun başladığı bədii irsə yaradıcı münasibət daha sonra Cəfər Müciri tərəfindən davam etdirilib. Zamanında ali təhsil ocağında milli xalça elmimizin yaradıcısı L.Kərimovdan dərs almış gənc xalçaçı-rəssamlar isə son bir qərinədə sələflərinin başladıqları bu işə duyulası töhfələr vermişlər. Bu mənada görkəmli xalçaçı Eldar Mikayılzadə ilə yanaşı, Kamil Əliyev, Arif İsmayılov, Aydın Rəcəbov, Taryer Bəşirov, Məmmədhüseyn Hüseynov, Afaq Kərimova və başqalarının  ərsəyə gətirdikləri süjetli-ornamental sənət nümunələrinin adını qeyd etmək istərdik.

 

Bir qayda olaraq zəngin kompozisiya formalarına malik olan xalçalarımızın daşıdıqları sirr qatına görə həm də “gələcəyə göndərilmiş  məktub”a bənzədilməsi ənənəsinin yeni yaradılmış dekorativ-tətbiqi sənət nümunələrində müşahidə olunmasını, yəqin ki, müasir Azərbaycan xalça sənətinin səciyyəvi bədii-estetik xüsusiyyəti hesab etmək olar. Belə nümunələrin bir çoxunun genetik informasiya daşıyıcılarına çevrilməsi isə, ilk növbədə, həm də onların müəlliflərinin qədim və qürurverici tariximizə nüfuzetmələrinin görüntüləridir. Bunun respublikanın Əməkdar rəssamı Taryer Bəşirovun yaradıcılığında müşahidə olunması da, heç şübhəsiz, xalçanın estetikasını təşkil edən və mənəvi-fəlsəfi dəyər daşıyıcısı olan “naxış məcmusu”ndakı ornamentlərin bilavasitə dərin məna-məzmunda təzahür etməsinin nəticəsidir.

 

Taryer Bəşirovun hələ gəncliyində  yaratdığı çətənlərdə naxış örtüyünün cəlbediciliyinə çeşnini təşkil edən ornamentlərin çoxqatlı məna-məzmun yükünü qata bilməsi həm də bədii-texniki ənənəsi unudulmaqda olan qədim toxuculuq sahəsinə yeni nəfəs verilməsinin göstəricisi idi. Odur ki, onun yaratdığı süjetli xalçalarda düşündürücü genetik informasiyanın geniş yer alması təbii qəbul olunmaqda idi. Bu mənada xalçaçı-rəssamın 2016-cı ildə Azərbaycan Milli Xalça Muzeyində təqdimatı baş tutan “Türkün inancı, tarixin qazancı” əsəri müəllifin  çoxqatlı milli dəyərlərimizə yaradıcı nüfuzetməsinin uğurlu nəticəsinin nümayişi oldu.

 

Bu unikal xovlu xalça nümunəsinin bədii-estetik məziyyətlərini dəyərləndirməli olsaq, ilk növbədə, onun çox mürəkkəb çeşniyə malik olduğunu qeyd etməliyik. Naxış örtüyünü təşkil edən rəmzi-şərti ornamentlərin məna-məzmun daşıyıcılığına tapınan müəllif türk tarixi və mənəviyyatına tutduğu “bədii güzgü”də qədimlərdən bu günümüzə kimi hər birimizə qürurvericilik bəxş edən dəyərləri bədii tutumla ifadə etməyə nail olub.

 

Başqa sözlə desək, bu xalça türk xalqının Tanrı sevgisini və ona inamını, təbiətə sıx bağlılığını, təbii hadisələr münasibətini, yaşam tərzini, fikir və düşüncələrini, inanclarını, həmin inancların simvollaşmış mənasını, müqəddəsliyini “naxış dili” ilə  əyaniləşdirən dekorativ sənət nümunəsidir...

 

Dediklərimizə bir qədər də aydınlıq gətirməli olsaq, qeyd etməliyik ki, müəllifin xalçada əski tariximizə baxışının ilk görüntüsü türkün tapındığı “Göy Tanrısı” (Tenqri) inancında əsas yer tutan üç varlığın – yerin, göyün və insanın simvollaşdırılmış təqdimatıdır. Onların rəsm və naxış dili ilə simvollaşdırılmasının kökündə Tanrının yaratdığı bu varlıqları insanların müqəddəs qəbul etmələri durur...

 

Xalçanın ümumi naxış örtüyünə daxil edilmiş qayaüstü rəsmlər isə hələ əlifbanın mövcud olmadığı zamanlarda əcdadlarımızın öz fikir və düşüncələrini piktoqrafik yazılar – rəmz və işarələr vasitəsilə ifadə etmələri kimi qəbul olunur. Bir müddət sonra bu qayaüstü rəsmlərin estetikasına özünəməxsus və zəngin tutumlu yazı mədəniyyətimiz qovuşacaqdı...

 

Qeyd edək ki, Oğuz türklərinin 24 boyunun damğaları, 38 hərfdən ibarət olan qədim türk əlifbası, doqquzbucaqlı ulduz və aypara, doqquzbudaqlı həyat ağacı, Günəşin, Ayın, ulduzların, Yerin, illərin və ayların stilizə olunmuş simvolları, bu gün də türklər yaşayan ərazilərdə xalça və tətbiqi sənətin digər növlərində geniş istifadə olunduğu üçün bu müqəddəs simvol və naxışlar, elə haqqında söz açdığımız xalçanın da naxış örtüyünün ana xəttini təşkil edir.

 

Bundan əlavə, qayaüstü rəsmləri, türklərin adət və ənənələrini, məşğuliyyətini, yaşam tərzini, inancını, Tanrıya və təbiətə inamını və sevgisini, təbiət hadisələrini müşahidələrini göstərən rəmzlər, gecə-gündüz bərabərliyi, dörd fəsil və dörd ünsür, xeyir-bərəkət rəmzləri, mifik obrazların təsvirləri, bu  günümüzdə də işlənən simvol və naxışlar xalçada yer almışdır...

 

Naxış örtüyü vasitəsilə ifadə olunmuş dərin məna-məzmun daşıyıcılığının konkret olaraq xalça kompozisiyasındakı  yerlərini əyaniləşdirməli olsaq, öncə xalçanın sol tərəfdən birinci zolağının aşağı hissəsində Azərbaycanın qədim Qobustan və Gəmiqaya qayaüstü rəsmlərinin təsvir olunduğunu vurğulamaq istərdik.

 

Zolağın orta hissəsində Azərbaycanın xovsuz xalça nümunəsi olan “Zili”nin həyat ağacını simvolizə edən ənənəvi naxışlarından istifadə olunub. Zolağın sonu isə “Pazırık gülü’’ elementi ilə tamamlanır.

 

Soldan ikinci, yerlikli zolağın aşağı hissəsində Özbəkistan ərazisində yerləşən Sarımışqayadakı qayaüstü rəsmlərdən istifadə olunub. Bu qayaüstü rəsmlərdəki insan fiqurları çoxhərəkətli və reallığa uyğun işlənmişdir.

 

Orta hissədə Özbəkistan xalçaçılıq məktəbinə xas ənənəvi qarmaqlı xalça naxışlarından istifadə olunub. Bu naxışlar Günəşin stilizə olunmuş təsvirləridir və gecə-gündüz bərabərliyini bildirir. Diqqətlə baxsaq görərik ki, naxışın fonu ilə həmin naxış bir-birinin əksidir. Bu simvoldan bütün türk xalqlarının dekorativ-tətbiqi sənət nümunələrində, o cümlədən xalçalarında geniş istifadə olunub. Naxışların rəng həlli də Özbəkistan xalçaçılıq məktəbinə uyğundur.

 

Üçüncü zolağın fonu sürməyi rəngdədir və aşağı hissəsində Qırğızıstan ərazisində yerləşən Saymalıtaşda aşkarlanan qayaüstü rəsmlərdən istifadə olunub. Xüsusi qeyd etmək lazımdır ki, təkcə Saymalıtaşdakı qayaüstü rəsmlərin sayı 91 minə yaxındır. Ümumiyyətlə, Qırğızıstan ərazisi qayaüstü rəsmlərlə zəngindir.

 

Yuxarıya doğru qırğız xalqının ənənəvi xalça naxışlarından istifadə olunub. Buynuzu xatırladan bu qarmaqlı naxışlar Günəşi simvolizə edir. Qədim türklərin inancına görə, buynuzlu heyvanlar Günəşin övladlarıdır. Belə naxışlar bütün türk xalqlarının xalçaçılıq sənətində geniş yayılıb.

 

Kompozisiyanın tam ortasında yerləşən mavi yerlikli zolaq Oğuz boylarına həsr olunub. Türklüyün simvolu sayılan mavi rəng, həm də kənar hissənin rəngi olub, xalçanın dörd tərəfini əhatə edir.

 

Zolağın aşağı hissəsində uzunömürlülük və əbədiyyət rəmzi sayılan tısbağanın stilizə olunmuş təsviri işlənib. Bu cür tısbağa təsvirlərinə həm də Orxon-Yenisey mədəniyyətinə aid yazılı daş abidələrin oturacağında rast gəlinir.

 

Bu təsvirin yuxarısına bitişik hissədə stilizə olunmuş ‘’Həyat ağacı’’ işlənib. Ağacın budaqları arasında 24 Oğuz boyunun damğaları  ağacın meyvələri kimi təqdim olunub. Ağacın yuxarı hissəsində güllərin arasında ‘’ana gül’’ adlanan rombun içində Ay və türklüyün simvolu olan doqquzbucaqlı ulduz, habelə qədim türk əlifbası ilə yazılmış “Oğuz” sözü toxunub.

 

Beşinci zolağın aşağı hissəsində Qazaxıstan ərazisindəki Tamğalısay, Mangizdağ, Tanrıdağı qayaüstü rəsmləri təsvir olunub. Bu qayaüstü rəsmlərin süjeti digər türk xalqlarına aid qayaüstü rəsmlər ilə, o cümlədən Qobustan qayaüstü rəsmlərindəki “Yallı” rəqsinin təsvirləri ilə bənzərlik təşkil edir. Bu rəsmlərdə buynuzlu at təsviri xüsusilə diqqəti cəlb edir və bu cür təsvirlərə türklər yaşayan digər ərazilərdə də rast gəlmək mümkündür.

 

Qayaüstü rəsmlərdən yuxarıda qazax xalqının ənənəvi xalça naxışlarından istifadə olunub. Qeyd etmək lazımdır ki, buynuzu xatırladan qarmaqlı xaçşəkilli bu elementlərin sxemi “Pazırık” xalçasındakı gülün sxeminə oxşayır.

 

Altıncı yerlikli zolaqda Türkmənistan mədəniyyətindən nümunələr verilib. Aşağı hissədə Qaraqum və Butentau qayaüstü rəsmlərindən istifadə olunub. Bu təsvirlər digər türk xalqlarının qayaüstü rəsmlərindən fərqlənsə də, ümumi məzmunu eynidir. Türkmənistan ərazisində qayaüstü rəsmlərin sayı nisbətən azdır, lakin arxeoloji qazıntılar nəticəsində aşkarlanan dekorativ-tətbiqi sənət nümunələri kifayət qədərdir. Maraqlı cəhət isə odur ki, həmin nümunələr üzərində olan təsvirlərin məzmunu da qədim türk qayaüstü rəsmlərində olan inanclarımızla eynidir.

 

Yuxarıya doğru türkmən xalqına xas ənənəvi qarmaqlı xalça naxışları işlənib. Naxışlar və rəng həlli Özbəkistan xalçaçılıq məktəbi ilə, demək olar ki, eynidir. Bu, coğrafi cəhətdən ərazilərinin yaxın yerləşməsi ilə əlaqədardır.

 

Xalçanın yeddinci, qırmızı fonlu zolağında Türkiyə ərazisində yerləşən Hakkari, Amanos (Beşbarmaq) qayaüstü rəsmlərindən nümunələr təsvir edilib. Bu təsvirlərin yaşı 8-10 minillik tarixi əhatə edir.

 

Zolağın ortalarında türk xalçaçılıq ənənəsinə aid, xovsuz xalça nümunəsi olan kilim naxışlarından istifadə olunub. Bu yerdə qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə xalçaçılıq ənənələri həm naxış, həm də rəng çalarları baxımından bir-birinə çox oxşardır.

 

Yuxarıda qeyd etdiyimiz kimi, ortadakı zolaqdan başqa bütün digər zolaqların yuxarısında “Pazırık gülü” elementi işlənib...

 

Yekun olaraq demək lazımdır ki, Taryer Bəşirovun Azərbaycan xalça sənəti xəzinəsinə sanballı töhfə olan “Türkün inancı, tarixin qazancı” toxuculuq nümunəsi türk xalqlarının  yüksək yaradıcılıq qabiliyyətini, düşüncəsini, zövqünün zənginliyini, tarixə və insanlığa, bir sözlə, dünya mədəni irsinə və xəzinəsinə böyük töhfələr verdiyinin naxışların dili ilə ifadəsidir. Xalça sənətinin sırf türk xalqlarının birgə mədəni və mənəvi irsinin  incisi olduğu, ayrı-ayrı bölgələrdə yaşayan, eyni soy-kökə, eyni ruha və düşüncəyə, ortaq mədəniyyətə sahib olan türklərin birliyi və bərabərliyi, tarixinin çox qədim və zəngin olduğu bu xalçanın timsalında bir daha bədii  vasitə ilə təsdiqlənib...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2021.- 28 may.- S.7.